Ən son xəbərlər
Mayın 17-də Prezident İlham Əliyev İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri qəbul edib. Görüş zamanı ölkələrimiz arasında mövcud olan iqtisadi əlaqələrdən, bu əlaqələrin perspektivlərindən, eləcə də kənd təsərrüfatı sahəsində həyata keçirilən əməkdaşlığın gələcək inkişaf planlarından danışılıb. Məlum olduğu kimi, İsrailin xüsusən kənd təsərrüfatında ixtisaslaşmış şirkətləri həm Qarabağın bərpasında, həm də digər bölgələrimizdə davam edən infrastruktur layihələrində yaxından iştirak edir. Bu baxımdan cənab Oded Forerin ölkəmizə səfəri onu deməyə əsas verir ki, iki ölkə arasında bu istiqamətdə əməkdaşlıq yaxın gələcəkdə daha da möhkəmlənəcək.
Prezident İlham Əliyev görüş zamanı müasir dövrdə dünyanı ən çox maraqlandıran problemlərdən biri olan ərzaq təhlükəsizliyinin ölkəmiz üçün də önəmli məsələ olduğunu vurğulayaraq bildirib ki, bu istiqamətdə İsraillə münasibətlərin yaxşılaşdırılması hər iki ölkə üçün əhəmiyyətli dərəcədə önəmlidir. Belə ki, kənd təsərrüfatı sahəsində görülən işlər nəticəsində yerli istehsal və ixracat əhəmiyyətli dərəcədə artıb.
Aydın məsələdir ki, işğaldan azad edilən torpaqlarımızda da kənd təsərrüfatı layihələrinin həyata keçirilməsi ən önəmli məsələlərdəndir. Bu baxımdan, İsrail şirkətlərinin təcrübələrindən istifadə etmək genişmiqyaslı işlərin aparılmasına imkan yaradacaq.
O.Forer qeyd edib ki, iki ölkənin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qurumları arasında sıx əməkdaşlıq mövcuddur. Nazir bildirib ki, Bakıda keçiriləcək “Caspian Agro 2022” Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi həm bu sahədə qarşılıqlı əməkdaşlığın genişlənməsinə təkan verəcək, həm də ümumilikdə kənd təsərrüfatının inkişafına dəstək olacaq.
Ümumiyyətlə, İsrail Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. İki ölkə arasındakı münasibətlər hələ indiki dövlətlərin mövcud olmadığı dövrdən bəri davam edir. Belə ki, Xəzərin sahilində yerləşən Azərbaycan torpaqları qədim dövrlərdən müxtəlif dinlərin, irqlərin qarşılıqlı hörmət, sülh və əmin-amanlıq içində yaşadığı ərazi olub. Məlum olduğu kimi, dünyanın bir çox ölkəsində dininə, irqinə və bir çox fərqli insani keyfiyyətlərinə görə insanlar ayrı-seçkiliyə, müxtəlif təziqlərə və zorakılığa məruz qalır. Ölkəmizdə isə hələ qədim dövrlərdən multikultural dəyərələrə, insan haqlarına, bərabərliyə önəm verilmiş və bütün xalqlar bu torpaqlarda azad və xoşbəxt həyat sürmüşdür. Heç kəs üçün sirr deyil ki, dövrümüzdə irqi və dini zorakılıq heç də azalmayıb.
Yazının bu hissəsində istər yerli, istər xarici, istərsə də yəhudi ekspertlərin xüsusi vurğuladığı bir məqamı diqqətə çatdırmaq yerinə düşərdi. Belə ki, Azərbaycan dünyada İsraildən sonra yəhudilərin “mən yəhudiyəm” deyib azad yaşaya bildiyi azsaylı ölkələrdən biridir.
Qeyd edək ki, Azərbaycan ərazisində yaşayan etnik yəhudi qrupunun üzvləri, eləcə də buradan İsrailə və dünyanın digər ölkələrinə köçən Azərbaycan vətəndaşı olmuş yəhudilər ölkələrimiz arasında mövcud olan münasibətlərin inkişafına böyük dəstək verirlər. Bütün bu faktlar onu deməyə əsas verir ki, iki ölkə arasında münasibətlərin əsasında tarixi-mədəni bağlar dayanır.
İki ölkə arasında rəsmi diplomatik əlaqələrin yaranması isə Azərbaycanın ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdiyi dövrə düşür. Belə ki, SSRİ-nin dağılmasından sonra müstəqilliyini elan edən Azərbaycanın bu statusunu birinci qəbul edən ilk ölkələr sırasında İsrail də var idi. Cəmi iki ay sonra dövlət müstəqilliyimizi tanıyan İsraillə münasibətlərimizin inkişafı da digər dövlətlərlə müqayisədə daha sürətli reallaşmış və çox keçmədən İsrail ölkəmizin ən yaxın müttəfiqlərindən birinə çevrilmişdir. Ötən əsrin 90-cı illərinin ortalarından ölkələrimiz arasında xüsusilə təhlükəsizlik məsələləri, enerji ticarəti, eləcə də mədəniyyət, təhsil sahələrində sıx əməkdaşlıq qurulmuş və daim yüksələn tempdə inkişaf etmişdir.
Təkcə onu demək kifayətdir ki, İsrail Azərbaycanın silah və yüksək texnologiyalar baxımından əsas təchizatçısıdır. Belə ki, artıq tarixə qovuşan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı bütün sahələrdə ölkəmizə dəstəyini hiss etdirən İsrail ölkəmizin Yaxın Şərqdəki ən güclü müttəfiqinə çevrilib. Prezident İlham Əliyev bu barədə danışarkən qeyd etmişdir ki, Azərbaycan təkcə beş il müddətində İsraildən 5 milyard ABŞ dolları dəyərində silah və hərbi texnika alıb. Bu silahlar arasında İsrail istehsalı olan “intiharçı dron” tipli qurğular da yer alır ki, sözügedən texnologiya radio dalğalardan istifadə edərək düşmənin mövqeyini təyin etmək və onu asanlıqla məhv etmək keyfiyyətlərinə malikdir. Qeyd edək ki, bu silah Azərbaycan Ordusunun gücünə-güc qatmış, İkinci Qarabağ müharibəsi zamanı düşmənin göz açmasına imkan verməmişdir.
İkinci Qarbağ müharibəsi demişkən, İsraillə Azərbaycanın dostluğu təkcə iqtisadi, hərbi və enerji təhlükəsizliyi sahəsində deyil, eləcə də siyasi müstəvidə yüksək səviyyədədir. Biz 44 günlük Vətən müharibəsi zamanı bu dostluğun bir daha şahidi olduq. Belə ki, dünyanın hər yerində çox güclü təsir qüvvəsinə malik olan yəhudi lobbisi İsrail dövlətinin xarici siyasət istiqamətinə uyğun olaraq, ölkəmizi dəstəkləmiş və müxtəlif xarici qüvvələrin ölkəmizə təzyiqinin qarşısnın alınmasında Azərbaycanın yanında olmuşdur.
İsrail soyuq müharibə dövründə öz zəruri enerji ehtiyacını Misir, Qərbi Afrika, Şimal dənizi və Cənubi Amerika ölkələrindən təmin edirdi. Daha sonrakı mərhələdə İsrail üçün yeni enerji təminatçıları ortaya çıxdı ki, bunlardan biri də Azərbaycan idi. Ölkəmizdə müstəqillikdən sonra yeni enerji xəttinin çəkilməsi Türkiyənin TPAO şirkəti vasitəsilə təklif edilmiş və bu təşəbbüs birbaşa olaraq İsrailin keçmiş Baş naziri Benjamin Netanyahudan gəlmişdir. Ekspertlər qeyd edirlər ki, ABŞ-ın həmin layihəni dəstəkləməsində oradakı yəhudi lobbisinin ciddi təsiri olmuşdur. Netanyahunun 1997-ci ildə Azərbaycan səfəri çərçivəsində Heydər Əliyevlə görüşü zamanı respublikamızdan çəkiləcək neft və qaz xətlərinin dəqiq marşrutu təsdiq edilmişdir. Qeyd edək ki, hazırda İsrailin neft ehtiyacının təxminən 40 faizini Azərbaycan təmin edir.
Azərbaycan və İsrail digər sahələrdə də əməkdaşlıq edirlər. Ümumiyyətlə, iki ölkə arasında müxtəlif sahələr üzrə imzalanan çoxsaylı əməkdaşlıq müqavilələri mövcuddur. Bu, əməkdaşlığın çox böyük potensiala malik olduğunu göstərir. Ən mühüm sənədlərdən biri də ikitərəfli və çoxşaxəli əməkdaşlığın ortaq səmərəli mexanizmi olan birgə iqtisadi komissiyanı yaratmağa imkan verən müvafiq müqavilədir. Həmin sənəd iki ölkə arasında ticarət dövriyyəsinin artmasına və şaxələnməsinə yüksək töhfələr verib. Prezident İlham Əliyev bu məsələ ilə bağlı danışarkən əsas məqsədin ikitərəfli ticarət dövriyyəsini mümkün qədər geniş şəkildə şaxələndirmək olduğunu qeyd etmişdir.
Azərbaycanla İsrail arasında birgə əməkdaşlıq sahələri üzrə həyata keçirilən layihələr həm ikitərəfli əlaqələrin inkişafına, həm də regional inkişafın təmin edilməsində mühüm əhəmiyyətə malikdir. Qeyd etdiyimiz kimi, iki ölkə arasında kənd təsərrüfatı sahəsində mövcud olan əməkdaşlıq çox böyük perspektivlər vəd edir.
İmran ƏLİYEV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə