Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqı Azərbaycanın enerji resurslarına böyük maraq göstərir

Azərbaycan son illərdə dünyanın əksər ölkələri, eyni zamanda, aparıcı beynəlxalq təşkilatlarla yaratdığı qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdədir. Bu münasibətlər həm siyasi, həm ticarət-iqtisadi, həm də digər sahələri əhatə edir. Ölkəmiz bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən, ATƏT-lə, Avropa İttifaqı ilə Ermənistanın təcavüzünün dayandırılması üzrə əməkdaşlıq edib. Azərbaycan son 30 illik müstəqillik dövründə Avropanın ayrı-ayrı ölkələri ilə neft və qaz sahələri üzrə də sıx əlaqələr qurub. Təsadüfi deyil ki, bu gün Avropanın enerji təminatında Azərbaycanın oynadığı rol Qərbdə çox yüksək qiymətləndirilir.

Son illərdə Avropa İttifaqı ölkələri ilə əməkdaşlığın genişləndirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə, Aİ Şurasının Prezidenti Şarl Mişelin Bakıya səfərləri böyük rol oyna­yır. Keçirilmiş görüşlər Azərbaycan–Aİ əməkdaşlığını yeni mərhələyə qaldırıb. Təbii ki, ölkəmizin 2020-ci ilin noyabrında Ermənistan üzərində tarixi qələbə qazan­masından sonra yaratdığı yeni reallıqlar Aİ tərəfindən qəbul edilib və bu təşkilat Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasına da özünün töhfələrini verməyə başlayıb.

Bütün bunlar barədə 2021-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşündə geniş fikir mübadiləsi aparılıb. Azərbaycan lideri Mişellə birgə mətbuat konfransında bəyan edib ki, Avropa İttifaqı Azərbaycan üçün yaxın tərəfdaşdır. Biz uzun illərdir ki, müxtəlif sahələrdə işləyirik. Prezident İlham Əliyevin sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin, demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi, demək olar ki, 9,5 milyard ABŞ dolları təşkil edib. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard dol­lar təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanı özünə strateji tərəfdaş hesab edir. Prezident İlham Əliyev bunu Azərbaycan hökumətinin fəaliyyətində çox böyük nailiyyət kimi qiymətləndirərək deyib ki, bu, həm də xarici tərəfdaşlarla əməkdaşlıq üçün əlavə yeni imkanlar yaradır.

Azərbaycan Prezidenti enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması ətrafında müzakirələr aparıldığını, ötən ilin sonuncu günündə dəhlizin sonuncu – dördüncü seqmenti olan Trans–Adriatik kəmərinin istismara verildiyini bəyan edib. Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investi­siyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur. Nəticədə 2021-ci il yanvarın 1-dən iyuladək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, bundan sonar Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq.

Azərbaycan liderinin dediyinə görə, artıq 15 ildir ki, Azərbaycan Avropa isteh­lakçılarının etibarlı xam neft təchizatçısıdır. Bundan sonra qaz təchizatçısı kimi də Azərbaycanın potensialı artacaq. Eyni zamanda, nəhəng nəqliyyat infrastruktur layihələrinin tamamlanmasından sonra Avropa İttifaqı ilə Azərbaycan arasında bağlılıq daha da güclənir.

Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın töhfələri ilbəil artmaq­dadır. Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi enerji siyasəti ölkəmizi, ümumiyyətlə, bütün dünyada əhəmiyyətli regional oyunçuya çevirib. Bu ilin mar­tında Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra isə Azərbaycanın Avropa üçün önəmi daha da artıb. İqtisadi ekspertlər hesab edirlər ki, yeni çağırışlarla qarşılaşmış Avropa ölkələri Rusiya neft-qazından imtina etmək üçün bir sıra ölkələrlə yanaşı, Azərbaycanla da geniş müzakirələr aparır. Təbii ki, Azərbaycan da özünün coğrafi mövqeyindən istifadə edərək, karbohidro­gen məhsullarının Avropa bazarına çıxarıl­ması imkanlarını genişləndirməyə çalışır.

Bu il fevralın 4-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin VIII toplantısının keçirilməsi də təsadüfi deyildi. Tədbirə qoşulan ölkələrin sayı artmaqdadır. Bu dəfəki iclasda 18 ölkə, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı iştirak etmişdi. Səbəb Azərbaycanın dünyada xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biri olmasıdır. Yaxın illərdə Azərbaycan Avropa ölkələrinə elektrik enerjisi və təbii qaz ixracını artırmaq üçün böyük potensiala malikdir. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan Avropanın ən etibarlı enerji təchizatçılarından biridir.

Avropa İttifaqının Genişlənmə və Qonşuluq üzrə komissarı Oliver Vahreli də Azərbaycanın enerji sahəsində Aİ-nin güclü tərəfdaşı olduğunu təsdiq edib. Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson isə Cənub Qaz Dəhlizinin Avropa İttifaqı və region üçün xüsusi əhəmiyyətə malik olduğunu bildirib. O, bu dəhliz vasitəsilə Avropa İttifaqına nəql edilən qazın artırılmasında Azərbaycanın göstərdiyi səyləri yüksək qiymətləndirərək deyib ki, Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır, Cənub Qaz Dəhlizi isə qitənin qaz təchizatının təhlükəsizliyi baxımından çox vacib layihədir.

Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusun­da beynəlxalq konfransda çııxış edərkən də bəyan etdi ki, Aİ ilə sıx əməkdaşlıq bundan sonra da davam etdiriləcək: “Biz indi Avropa İttifaqı ilə yeni sazişimiz üzərində bəzi məsələlərin razılaşdırılması­nın son mərhələsindəyik. Bu razılaşmanın 90 faizdən çox hissəsi bizim və Avropa İt­tifaqının dəyərləndirilməsinə görə hazırdır. Müharibə gedirdi, COVID problemi var idi və buna görə bu məsələ bir az gözləməli oldu. Lakin hesab edirəm ki, bu məsələni kifayət qədər tezliklə yekunlaşdıra bilərik. Bizim aramızda razılaşma var idi, lakin o uzun illər bundan öncə imzalanmışdır. Yeni razılaşma çox hərtərəflidir. İkinci Qa­rabağ müharibəsindən sonrakı reallıqları əks etdirir və əlbəttə ki, dünyada cərəyan edən yeni vəziyyətə də toxunulacaqdır”.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

19 May 2022 09:53 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
2 İyul 2022 | 00:28
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə