Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşa milli mədəniyyətimizin qədim və zəngin beşiyidir

Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Yer kürəsi sonsuz kainatda çox kiçik bir səma cismi olsa da, bu gün milyardlarla insanın yaşadığı və fəaliyyət göstərdiyi doğma “ev”imizdir. Ulu Tanrı yaşıl planetimizi də bizim yaşayıb-yaratmamız üçün hər cür şəraitlə və maddi nemətlərlə təmin etmişdir. Yer kürəsi özünə bənzər digər planetlərlə müqayisədə, həqiqətən, də çox gözəl və əsrarəngizdir – mavi dənizlər, bol sulu çaylar, göy üzünün aynası göllər, başıqarlı, vüqarlı dağlar, zümrüd meşələr və başqa təbiət gözəllikləri bizə bəlli olan göy cisimlərinin heç birində mövcud deyil.

 

Xoşbəxtlikdən, Vətənimiz Azərbaycan bu füsunkar Yer kürəsinin elə bir ərazisində yerləşir ki, Yaradan bu bölgədən öz səxavətini qətiyyən əsirgəməyib. Bu, bəlkə də, yerləşdiyimiz coğrafiyanın aurası, gözəlliyi, torpaqlarımızın barı-bərəkəti ilə bağlıdır, ola da bilsin ki, xalqımızın istedadı, mərdliyi, qonaqpərvərliyi ilə əlaqəlidir. Hər halda, Azərbaycan dünyaya qədim dövrlərdən indiyə qədər elə dahi şəxslər bəxş etmişdir ki, onların həyat və yaradıcılığı bu gün də heyrət doğurur. Biz bəşəriyyətə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Nəsirəddin Tusi, Saib Təbrizi, Mirzə Kazım bəy, Lütfi Zadə, Üzeyir Hacıbəyli, Qara Qarayev, Tahir Salahov ... kimi neçə-neçə böyük sənətkarlar vermişik. Bu şəxslərin hər birinin ümumbəşəri əsərləri özlərindən sonra gələnlər üçün böyük yaradıcılıq məktəbi, zəngin mənbə olmuşdur.

Bu baxımdan, qədim Şuşa şəhəri yetirdiyi görkəmli elm və sənət adamlarının çoxluğu ilə yurdumuzun mədəniyyət paytaxtı statusu qazanmışdır. “Qafqazın sənət məbədi”, “Kiçik Paris”, “Şərqin konservatoriyası” və “Azərbaycan musiqisinin beşiyi” kimi titullara layiq görülən bu şəhər məşhur şairləri, yazıçıları, bəstəkarları, xanəndələri, ifaçıları ilə nəinki milli, eləcə də bəşəri mədəniyyəti zənginləşdirib, dünya yaradıcılıq xəzinəsinə samballı töhfələr verib. Aparılan tədqiqatlara əsasən, XIX yüzillikdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 8 memar, 5 astronom, 16 həkim, 42-yə qədər müəllim və s. olmuşdur.

1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal olunana qədər şəhərdə 600-ə yaxın tarixi memarlıq abidəsi – Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 22 klub, 31 kitabxana, 2 kinoteatr, 8 muzey, o cümlədən Şuşa Tarix Diyarşü­naslıq Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı, Xalq Tətbiqi Sənət Muzeyi, Qarabağ Dövlət Tarix Muze­yi və Qafqazda yeganə Şərq musiqi alətləri fabriki var idi. Bütün bunlar işğalçılar tərəfindən dağıdılmış, nadir sənət inciləri talanmış və məhv edilmişdir.

Ulu öndər Heydər Əliyev həmişə deyirdi ki, Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olmuşlar. Babalarımız Qarabağ torpağının daim qorun­ması, gələcək nəsillərə saxlan­ması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir: “Şuşa Azərbaycanın incisi, Qarabağın gözüdür, bizim qədim abidələrimiz olan, qədim dövlətçiliyimizin şəhəridir. Şuşa böyük tarixə malik şəhərdir”.

1752-ci ildə Pənahəli xan tərəfindən Şuşa qalasının əsası qoyulduqdan sonra onun şərq hissəsinin – qədim Şuşanın tikintisinə başlanılmışdı. Qayalarla əhatə olunmuş sıx meşədə alınmaz qala inşa edilmişdi. Paytaxt əvvəlcə Pənahəli xanın şərəfinə Pənahabad, sonra isə Şuşa adlandırılmışdı. Qala divarlarının və şəhərin tikintisində Azərbaycanın hər yerindən gəlmiş memarlar iştirak etmişdilər. Ətraf kəndlərin sakinləri yeni paytaxta köçmüşdülər. Qalada Xan sarayla­rı, məscidlər, hamamlar tikilmişdi. Burada Azərbaycan türklərinin məskunlaşdıqları 17 məhəllə var idi: Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli, Dörd çinar, Çöl qala, Mərdinli, Saat­lı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı və Təzə məhəllə. Onlar şərti olaraq yuxarı və aşağı məhəllələrə bölünürdü. Şəhərin sonralar tikilmiş qərb hissəsini, əsasən, xristianlar – ermənilər, ruslar və gürcülər məskunlaşdırmışdılar.

Şuşa şəhəri buradan İrana, İrəvandan Türkiyəyə və Gəncədən Tiflisə gedən Cənubi Qafqaz karvan yollarının qovuşuğunda yerləşdiyindən, müxtəlif şəhər və ölkələrdən gələn bütün karvan­lar Şuşanın karvansaralarında qalırdılar. Şəhər əhalisinin əsas məşğuliyyəti ticarət və sənətkarlıq idi. Hələ 1830-cu ildə Şuşa Qərbin və Şərqin bir çox ölkələri ilə ticarət edirdi.

1763-cü ildə Pənahəli xanın ölümündən sonra taxt-taca onun oğlu İbrahimxəlil xan (1732–1806) yiyələnmişdi. Onun dövründə Qa­rabağ xanlığı möhkəmləndirilmişdi və Şuşanın tikintisi xüsusilə intensiv şəkildə aparılmışdı. 1805-ci ildə Ru­siyanın təzyiqləri altında İbrahimxəlil xan məcburiyyət qarşısında Kürəkçay müqaviləsini imzalamışdı. Bu müqaviləyə əsasən, Qarabağ xanlığı Rusiyanın himayəsi altı­na keçmişdi. 1822-ci ildə xanlıq, ümumiyyətlə, ləğv edimişdi və Rusiya İmperiyasının protektoratına çevrilmişdi.

Ümummilli lider Heydər Əliyevin haqlı olaraq “abidələr şəhəri” adlandırdığı Şuşanın 350 hektarlıq qoruq zonasında işğaldan əvvəl 300 tarixi abidə, 550 qədim yaşa­yış binası, 870 metr uzunluğunda bərpa olunmuş qala divarları var idi. Tarixi abidələrdən 23-ü respublika və dünya məhəmiyyətli idi. Şuşada milli abidələrin çoxluğu, onların rəngarəngliyi, haqlı olaraq, şəhərin mədəniyyətimizin ən zəngin beşiyi adlandırılmasına səbəb olmuşdur. Bu abidələrin çoxu XVIII–XIX əsrlərə aiddir.

Artıq XIX əsrin ikinci yarısında şəhər əhalisinin sayı, tanınmış alim və sənətkarlar da daxil olmaqla, 25 min nəfərə çatmışdı. Bu böyük ziyalı təbəqəsi Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə, burada elmi və mədəniyyəti inkişaf etdirməkdə çox böyük rol oynamışdır. Şəhərdə şair, musiqiçi və xanəndələrin sayı getdikcə artdığından onların yara­dıcı birliyi üçün hansısa cəmiyyət yaratmaq lazımı idi. Şərqdə bu cür birliklərə misal olaraq ədəbi və musiqi məclislərini göstərmək olar. Şuşada çoxlu “ev” məclisləri var idi, onların hər birində bir-biri ilə dostluq edən bir neçə şair iştirak edirdi. Ümumi Şuşa ədəbi məclisinin yara­dılması məqsədilə müvafiq şəraiti olan ev və maddi təminat zəruri idi. 1872-ci ildə Xurşidbanu Natəvanın rəhbərliyi ilə vahid bir məclis yara­dıldı. Onu “Məclisi üns” (“Dostluq məclisi”) adlandırdılar.

Araşdırmalara əsasən, ustad tarzən Sadıqcanın məharəti gənc musiqiçilər və xanəndələr üçün əla bir məktəb idi. XIX əsrin 90-cı illərində Şuşada onun rəhbərliyi altında milli musiqi ansamblı yara­dılmışdı. Ansamblda ən tanınmış xanəndələr, tarzənlər, kamança­çılar, tütək, balaban, qoşanağara və zurna ifaçıları iştirak edirdilər. Hətta iki qız da ansamblın iştirakçı­sı idi. Onlar Azərbaycan rəqslərini ifa edirdilər. XIX əsrin axırlarında Şuşada Xandəmirovun teatrında maarifpərvər yazıçı Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə tamaşalar səhnələşdirilirdi, Şərq mu­siqisi konsertləri təşkil olunurdu. Bö­yük populyarlıq qazanmış Keçəçioğlu Məhəmməd bu konsertlərdə muğam ustaları ilə birgə çıxış edirdi.

1813-cü ilin Gülüstan və 1828-ci ilin Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsi Şimali Azərbaycan torpaqları­nın erməniləşdirilməsi prose­sini sürətləndirmişdi. XIX əsrin ikinci yarısından ermənilərin azərbaycanlılara qarşı soyqırımı təşkilatlanmış şəkildə və planlı siyasət kimi aparılmışdır. Birinci dünyа mühаribəsi illərində qаçqın dalğası sаyəsində Qаrаbаğdа еrmənilərin sаyı dаhа dа artmış­dı. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Ermənistan Respublikası Azərbaycana qarşı torpaq iddiası irəli sürmüşdü. Bu zəmində silahlı toqquşmalar baş vermişdi, azərbaycanlılar öz ata-baba torpaqlarından zorla qovulub çıxarılmışdılar. Yuxarı Qarabağ üstündə müharibə baş vermişdi. Azərbaycan ordusu silah gücünə Qarabağın dağlıq ərazisini müdafiə edərək qoruyub saxlamışdı.

1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra erməni şovinistləri, se­paratçıları yenə də Qarabağı Ermənistana birləşdirmək uğrunda fəallaşmışdılar. RK(b)P-nin Qaf­qaz bürosunun 1921-ci il 4–5 iyul tarixli iclaslarında “Dağlıq Qarabağ məsələsi” ətrafında gərgin, ciddi müzakirələr getmişdi. Azəbaycan sovet hökumətinin başçısı Nəriman Nərimanovun milli mövqeyi, barış­maz mübarizəsi nəticəsində RK(b)P-nin Qafqaz bürosunun 5 iyul tarixli iclasında belə bir qərar qəbul edil­mişdi: “Müsəlmanlar və ermənilər arasında milli sülhün, Yuxarı və Aşa­ğı Qarabağın iqtisadi əlaqələrinin, onun Azərbaycanla daimi əlaqəsinin zəruriliyini nəzərə alaraq Dağlıq Qa­rabağ Azərbaycan SSR-in tərkibində saxlanılsın, muxtar vilayətin tərkibində yerləşən Şuşa şəhəri inzibati mərkəz olmaqla ona geniş vilayət muxtariyyatı verilsin”.

XX əsrin axırlarında – keçmiş Sovet imperiyasının dağılması ərəfəsində Ermənistanın əsassız torpaq iddiaları yenidən baş qaldırdı. Azərbaycan ərazilərini işğal etmək və indiki Ermənistan ərazisini isə “türksüz Ermənistana” çevirmək planlarının gerçəkləşdirilməsi üçün əlverişli şəraitin yarandığı­nı zənn edən Ermənistan SSR rəhbərliyi qanlı cinayət əməllərini məqsədyönlü şəkildə həyata keçirməyə başladı. Ermənistanın 1988–1992-ci illərdə planlı olaraq həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşayan 250 min nəfər azərbaycanlı öz doğma yurdlarından qovuldu.

1988-ci ildən etibarən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşa­yış məntəqəsindən də soydaşlarımız qovuldu. Erməni silahlı qüvvələrinin 1988-ci ildən başlayan hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və ətrafındakı 7 rayonun 600 mindən çox sakini də öz ya­şayış yerlərindən məhrum edilərək respublikanın 62 şəhər və rayonun­da, 1600-dən çox məskunlaşma obyektində məcburi köçkün həyatı yaşamağa başladı. XX əsrin son­larında Еrmənistаnın Аzərbаycаnа növbəti təcаvüzü nəticəsində Аzərbаycаn tоrpаqlаrının 20 faizdən çох hissəsi, bаşqа sözlə, 17 min kvadratkilometrdən yuхаrı ərаzi, o cümlədən, qədim və gözəl Şuşa şəhəri işğаl оlundu.

30 il ərzində artıq keçmişdə qalan “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”nin sülh yolu ilə, danışıqlar masası arxa­sında, beynəlxalq hüquq əsasında ədalətli şəkildə həll olunması üçün səylə çalışan Azərbaycan Respub­likası 2020-ci il sentyabrın 27-nə qədər məhz bu istiqamətdə fəaliyyət göstərdi. Lakin ermənilərin bütün cəbhə boyu genişmiqyaslı hücuma keçməsi və Ermənistanın hərbi-siyasi rəhbərliyinin qeyri-konstruktiv mövqeyi münaqişənin hərbi yolla həllindən başqa, heç bir digər yolun qalmadığını sübuta yetirdi.

Böyük qürur hissi ilə qeyd etməliyik ki, 44 günlük Vətən müharibə-si zamanı rəşadətli və qalib Azərbaycan Ordusunun uğurlu hərbi əməliy-yatları nəticəsində ermənilərin zəbt etdiyi şəhər və qəsəbələrimiz bir-birinin ardın­ca işğaldan azad olundu: Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut, Qu-badlı rayonları... nəhayət, alınmaz qala, Qarabağın ürəyi - gözəl və qədim Şuşa azadlığa qovuşdu!

2020-ci il noyabrın 8-də rəşadətli Azərbaycan Ordusunun igidliklə apardığı, dünyanın hərb tarixinə düşən döyüşlərindən sonra Şuşa şəhərini düşməndən azad etməsi nəticəsində üçrəngli Azərbaycan bayrağı artıq bu fü­sunkar şəhərimizdə də il yarımdır ki, qürurla dalğalanır. Məhz Şuşa azad edildikdən sonra Ermənistan yeganə çıxış yolunun kapitulya­siya olduğunu, nəhayət, qəbul etmək məcburiyyətində qaldı. Müzəffər Azərbaycan Ordusu qarşı tərəfin ən möhkəm istehkamları­nı qəhrəmancasına darmadağın edərək Qarabağ dağlarının zirvəsini – milli kimliyimiz, qüruru­muz, qeyrət və mənliyimizin rəmzi olan, 28 il həsrət qaldığımız qədim Şuşamızı, Cıdır düzünü, İsa bulağı­nı, Xarıbülbülümüzü öz canı və qanı bahasına yenidən və əbədi olaraq fəth etdi.

İkinci Qarabağ müharibəsinin başladığı ilk gündən Ermənistanın kapitulyasiyasına qədər olan 44 gün ərzində Azərbaycanın ya­nında olan qardaş Türkiyə post-müharibə dövründə də dövlətimizi və xalqımızı siyasi və mənəvi cəhətdən dəstəkləməkdə davam etməkdədir. Ötən ilin yayında Azərbaycanda səfərdə olmuş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Qarabağı da ziyarət etdi və bu tarixi səfər zamanı qədim Şuşada Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Bəyannamə imzalandı. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları və “Şuşa Bəyannaməsi” adlanan bu mühüm sənəd ikitərəfli münasibətlərin ən yüksək həddə çatdırılacağını ehtiva edir. Belə ki, bəyannaməyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olacağı təqdirdə bu ölkələr bir-birini qorumaq üçün birgə fəaliyyət göstərəcəklər.

Bəyannamədə göstərilir ki, hər iki ölkənin Təhlükəsizlik Şu­raları arasında milli təhlükəsizlik məsələləri üzrə ortaq toplantılar keçiriləcək. Türkiyə ilə Azərbaycan arasında həyatımızın ən müxtəlif sahələrində olduğu kimi, hərbi sahədə də sıx əməkdaşlıq var. Hər iki ölkənin ərazisində mütəmadi birgə hərbi təlimlər keçirilir, hərbi-texniki sahədə də əlaqələr getdikcə güclənir. Lakin, bu münasibətlərin Təhlükəsizlik Şuraları səviyyəsinə çatdırılması o deməkdir ki, iki qar­daş ölkənin müdafiə və təhlükəsizlik siyasətləri bundan sonra koordinasi­ya olunacaq, regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə obyektinə çevriləcək.

Şuşa Bəyannaməsində silahlı qüvvələrimizin müa­sir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, on­ların müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasın­da sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi mühüm məsələlərdən sayılmalıdır.

Qeyd edək ki, Şuşa Bəyannaməsi tarixi Qars Müqaviləsindən 100 il sonra imza­lanmışdır. 1921-ci il oktyabrın 13-də imzalanan bu müqavilə bəyan edirdi ki, Naxçıvanın təhlükəsizliyinin qa­rantı Türkiyədir. Şuşa Bəyannaməsi isə Qarabağın qarantının Türkiyə olduğunu təsbit etdi. Bəyannamədə göstərilir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, onlar birgə məsləhətləşmələr apara­caq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınma­dan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyacları­nın ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.

Bundan başqa, müqavilə nəqliyyat-kommunikasiya kimi strateji məsələləri də əhatə edir. Azərbaycanın dövlət başçısı İlham Əliyev bununla bağlı bildirmişdir ki, “Bəyannamədə Zəngəzur korido­runun açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmiryol və avtomo­bil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli-praktik işlərlə bu dəhlizi, bu koridoru yaradırıq”.

Şuşa Bəyannaməsinin həm 15 iyun – Qurtuluş günü, həm də Qars müqaviləsinin bağlanmasının 100-cü ildönümü ərəfəsində məhz Şuşa şəhərində imzalanması təsadüfi sayılmamalıdır. Bu bəyannamə Azərbaycana və Türkiyəyə qar­şı ikili standartlar mövqeyindən yanaşan, regionda siyasi maraq və nüfuz uğrunda mübarizə apa­ran dövlətlərə dərin mənalı bir ismarıcdır. Prezident İlham Əliyev bəyannamənin imzalanması za­manı bu məsələyə toxunaraq qeyd etmişdir: “Tarixi Qars Müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.

Torpaqlarımız işğaldan azad edildikdən sonra bütün yaşa­yış məntəqələrimizin bərpası, ərazilərimizin minalardan təmizlənməsi istiqamətində, bu əsrarəngiz diyarın sakinlərinin öz dədə-baba yurdlarına təhlükəsiz qayıdışı və firavan yaşayışı istiqamətində sürətli və möhtəşəm abadlıq-quruculuq işləri gedir. Azərbaycan Prezidentinin 7 may 2021-ci il tarixli sərəncamı ilə Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycan mədəniyyətinin paytaxtı elan edil­mişdir.

Sərəncamda göstərilir: “Ordu­muzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Respublikası Prezi­dentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edil­mişdir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yana­şılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır”.

Bir məqamı da vurğulamaq istərdik ki, Şuşa təkcə Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməmişdir. Çox fərəhli haldır ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində bu yaxınlarda keçirilən iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilmişdir. TÜRKSOY-un Baş katibi bildirmişdir ki, Azərbaycana dahi sənətkarlar, mədəniyyət xadimləri bəxş etmiş Şuşa şəhərini dirçəltmək, buraya yeni nəfəs gətirmək çox zəruridir: “Azərbaycana o qədər dahi sənətkar bəxş etmiş şəhəri dünyaya tanıt­maq istəyirik. Bu mübarək yurda yeni nəfəs gətirməliyik. Biz təşkilat olaraq bunun üçün əlimizdən gələni edəcəyik”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin qorunması, ümumbəşəri dəyərlərə sadiq qal­ması, təhsilimizin, elmimizin inkişafı istiqamətində göstərdiyi xidmətlər, gördüyü dəyərli işlər xalqımız üçün, millətimiz üçün, vətənimiz üçün müstəsna əhəmiyyətə malik­dir. Ulularımızdan bizlərə yadigar qalmış mədəniyyət incilərimizin qorunması, bu sərvətin heç bir itkiyə məruz qalmadan gələcək nəsillərə əmanət edilməsi üçün Mehriban xanım dəqiq, məqsədyönlü, konkret fəaliyyət planına malikdir. Mehriban xanım Əliyevanın böyük səyləri nəticəsində UNESCO artıq Azərbaycan muğamını bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil etmişdir. Ümumiyyətlə, Mehriban Əliyevanın Azərbaycan musiqisinin inciləri olan muğamların öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti ayrıca tədqiqat mövzusuna çevrilə bilər. Həmin sahədə müəyyən önəmli addımlar atan Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri seçildikdən sonra onun bu istiqamətdə gördüyü işlər daha ardı­cıl və effektli xarakter almışdır.

Mehriban xanım Əliyeva Azərbaycan xalqının kökü çox qədimlərə gedən sənət xəzinəsinə, ulu muğamımıza, sözün əsl mənasında, sahib çıxaraq, xalqı­mızın genetik kodu hesab etdiyi muğamlarımıza himayədarlığı öz üzərinə götürmüşdür. İlk nailiyyətlərdən biri kimi “Qarabağ xanəndələri” adlı albomun nəfis tərtibatda buraxılmasını göstərə bilərik. Əslində, bütün Azərbaycana məxsus muğamlarımızın toplan­dığı alboma ad kimi niyə məhz “Qarabağ xanəndələri” ideoniminin seçilməsinin arxasında dayanan incə siyasi məqamı sezməmək mümkün deyil. UNESCO xətti ilə hazırlanmış alboma “Qarabağ xanəndələri” adının seçilməsi ilə bütün dünyaya bu diyarın əzəli və əbədi Azərbaycan torpağı olduğu, muğamın isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi sayıldığı nümayiş etdirildi.

(ardı var)

İradə HÜSEYNOVA,

Bakı Dövlət Universiteti Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor,

Əməkdar müəllim, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü

19 May 2022 09:50 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə