Ən son xəbərlər
Beynəlxalq və regional təşkilatlarla aparılan ardıcıl və məqsədyönlü iş Azərbaycanın bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsində xususi rol oynayıb. Nəticədə son illər ərzində ölkəmizin BMT və onun qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu beynəlxalq institutlarla əlaqələri daha da möhkəmlənib.
Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edildiyi beynəlxalq qurumlar arasında İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) mühüm yer tutur. İƏT hökumətlərarası təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılıb. Xatırladaq ki, 1964– 1979-cu illərdə fəaliyyət göstərən Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısı sayılan bu qurumun əsas məqsədi üzv dövlətlər arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, onların davamlı iqtisadi inkişafının təmin edilməsi, iqtisadiyyatlarının dünya iqtisadiyyatına inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin yüksək səviyyəyə qaldırılması, iqtisadiyyatın və ticarətin liberallaşdırılması və regiondaxili ticarətin təşviqi, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsinin gerçəkləşdirilməsi olub.
Azərbaycan İƏT Nazirlər Şurasının 1992-ci ilin 28 noyabr tarixində İslamabadda keçirilən növbədənkənar iclası zamanı təşkilatın üzvlüyünə qəbul olunub. Həmin gün Azərbaycanla yanaşı, daha 5 ölkə – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan da təşkilata üzv seçilib. İƏT davamlı şəkildə sıralarını genişləndirməklə Avrasiyada əhəmiyyətli regional birliyə çevrilib və nüfuzlu beynəlxalq təşkilat kimi təşəkkül tapmağa başlayıb.
İƏT həm də artıq həllini tapan Qarabağ məsələsində hər zaman Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə edib.
Azərbaycan İƏT çərçivəsində əməkdaşlığa daim önəm verib və təşkilatın səmərəli fəaliyyət göstərməsini diqqətdə saxlayıb. Ölkəmiz 2006-cı və 2012-ci illərdə İƏT Zirvə toplantılarına evsahibliyi edib və bu tədbirlərdə qəbul olunan sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri və istiqamətləri öz əksini tapıb.
Regional həmrəyliyə diqqətlə yanaşan Azərbaycan hər zaman İƏT-in fəaliyyətinin daha da canlandırılmasına çalışıb və bu istiqamətdə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirib. İndiyədək Azərbaycan çox mühüm iqtisadi, o cümlədən enerji və nəqliyyat layihələri həyata keçirib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, Cənub qaz dəhlizi, Bakı-Tbilisi- Qars dəmir yolu xətti İƏT üzvü olan dövlətlər üçün də ən əlverişli iqtisadi imkanlar yaradıb. Bütün bunlarla ölkəmiz İƏT-in regionda daha səmərəli fəaliyyətini reallaşdırıb. Bütövlükdə Azərbaycanın təşəbbüsləri ilə İƏT daha da inkişaf edib, dünyada öz mövqelərini möhkəmləndirib, təşkilat daxilində inteqrasiya prosesləri güclənib.
Azərbaycan İƏT vasitəsilə ortaq maraq kəsb edən layihələrin həyata keçirilməsini daim dəstəkləyib və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslər irəli sürüb. Bu xüsusda ölkəmizin təşəbbüsü ilə Bakıda İƏT Tədqiqat Mərkəzinin təsis edilməsinə dair İƏT Xarici İşlər Nazirləri Şurası tərəfindən müvafiq qərar qəbul edilib. Bundan əlavə, Azərbaycaın təşkilat çərçivəsində digər üzv dövlətlərlə bir sıra prioritet sahələr, o cümlədən ticarət, investisiya, nəqliyyat, enerji və ətraf mühit sahələri üzrə səmərəli əməkdaşlığı gerçəkləşib.
Milli Məclisdə mayın 17-də keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) “Postpandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusuna həsr olunan konfransında bütün bunlar barədə ətraflı danışılıb. Toplantıda, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik Pakistan İslam Respublikasının Milli Assambleyasından Azərbaycan Respublikasının Milli Məclisinə keçdiyi haqqında məlumat verilib. Konfransda, həmçinin xalqlarımızı birgə tarix, mədəniyyət, ənənələr və din birləşdirdiyi, təşkilatın bu qurumu təmsil edən parlamentlər arasında əlaqələrin gücləndirilməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verdiyi diqqətə çatdırılıb.
Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında COVID-19 pandemiyasının qlobal iqtisadiyyata, səhiyyəyə və ictimai həyatın bütün sahələrinə kəskin şəkildə təsir göstərməklə ciddi çətinliklər yaratdığı qeyd edilib. Beynəlxalq təşkilatlar tərəfindən bu çətinliklərdən yaranan böhranın aradan qaldırılması üçün müəyyən vaxt tələb olunub. Pandemiyanın yaratdığı problemlərin bir-biri ilə bağlılığı və ilk növbədə, sosial-iqtisadi yükünün ağırlığı fonunda koronavirus ilə mübarizə və onun mənfi nəticələrinin ləğvi üçün qlobal səylər gerçəkləşdirilib.
Azərbaycan Respublikası bu istiqamətdə bir sıra uğurlu qlobal təşəbbüslər irəli sürüb. Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirilib, ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edilib. Digər tərəfdən, Azərbaycan pandemiyadan ən çox əziyyət çəkən ölkələrə maliyyə və humanitar yardım göstərib, xəstəlik əleyhinə peyvənd ianə edib.
Konfransda pandemiyanın, tamamilə aradan qalxmasa da, kəskin dövrünün geridə qaldığı, belə şəraitdə isə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının gələcək mümkün çağırışlarla səmərəli mübarizə aparması üçün bərpa məsələlərinə daha çox diqqət yetirməsi zəruriliyi bildirilib. Dövlətimizin başçısı tərəfindən artıq pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərlə bağlı konkret tövsiyələr hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsi təşəbbüsü irəli sürülüb. Eyni zamanda, bu zaman İƏT-ə üzv ölkələrin maraqlarına cavab verən iqtisadi və ticari əlaqələrin əvvəlki səviyyələrinin yenidən bərpasının mühüm önəm daşıdığı da qeyd edilib. Bununla əlaqədar regionun iqtisadi potensialının tam şəkildə reallaşdırılması məqsədilə nəqliyyat-kommunikasiya xətlərinin və tranzit yollarının diversifikasiyasına xüsusi diqqət yetirilməsinin əhəmiyyəti xatırladılıb. Azərbaycanın bu istiqamətdə öz imkanlarını təqdim etdiyi, respublikamızda ən müasir nəqliyyat infrastrukturunun yaradıldığı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşən respublikamızın hazırda Avrasiyanın əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyi vurğulanıb.
Konfransda bütün bu qeyd edilənlərlə bərabər, hazırda regionumuzda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının qarşıya mühüm vəzifə kimi qoyulduğu diqqətə çatdırılaraq, 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalının aradan qaldırıldığı, ərazi bütövlüyümüzün bərpa edildiyi də bildirilib. Başqa sözlə, Azərbaycanın İkinci Qarabağ savaşında BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin icrasını reallaşdırdığı xatırladılıb.
Konfransda işğal dövründə Ermənistanın bütün kənd və şəhərlərimizi tamamilə dağıtdığı, tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyduğu, məscidlərimizi, müqəddəs ocaqlarımızı təhqir etdiyi, hazırda isə Azərbaycanın Vətən müharibəsində parlaq qələbə ilə yaratdığı reallıqlara uyğun olaraq, düşməndən təmizlənən ərazilərdə genişmiqyaslı quruculuq işləri aparıldığı diqqətə çatdırılıb.
Yeri gəlmişkən, bu gün Qarabağ və Şərqi Zəngəzurda erməni vandalizminin yerlə-yeksan etdiyi bütün infrastruktur təzədən bərpa olunur. “Yaşıl enerji” zonası elan edilən bu torpaqlarda yeni şəhərlər və kəndlər salınır. Artıq cari ildən etibarən keçmiş məcburi köçkünlərin öz evlərinə geri qaytarılmasına başlanacağı nəzərdə tutulur.
Həyata keçirilən işlərə ən böyük maneə Ermənistan tərəfindən işğaldan azad edilmiş torpaqlarda basdırılmış çoxsaylı minalardır. 2020-ci il noyabrın 10-dan mina partlayışları nəticəsində 210-dan çox mülki şəxs və hərbçi həlak olub və yaralanıb. Azərbaycan dünyanın ən çox minalanmış ölkələrindən biri olsa da, təəssüf ki, hələ də bu istiqamətdə ən az beynəlxalq yardım alan ölkələrdən biri olaraq qalır.
Konfransda da qeyd edildiyi kimi, Azərbaycan regionda müharibənin yox, sülh və əmin-amanlığın, qonşuluq münasibətlərinin qorunmasının, inkişafının tərəfdarı olub. Ölkəmizin ərazi bütövlüyü reallaşandan sonra da bu mövqeyə sadiqlik nümayiş etdirilib. Belə ki, 44 günlük Vətən müharibəsindən ötən bir il yarım vaxt ərzində Azərbaycan Ermənistana bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası, habelə münasibətlərin normallaşdırılmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması barədə təklif verib, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində yorulmaz səylər göstərib. Bu il aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Brüsseldə bu istiqamətdə daha bir üçtərəfli görüş keçirilib. Həmin ərəfədə və xüsusən bu görüşdən sonra Ermənistan Azərbaycanın sülh müqaviləsi üçün irəli sürdüyü 5 prinsipi qəbul etdiyini bəyan edib. Ancaq işğalçı ölkənin bu istiqamətdə indiyədək hansısa real addımlar atdığı hələlik müşahidə olunmayıb. Halbuki sülh müqaviləsinin hazırlanması üzrə Azərbaycan nümayəndə heyətinin və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibi artıq müəyyənləşdirilib.
Beləliklə, Ermənistan anlamalıdır ki, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, konstruktiv yanaşma nümayiş etdirməli və qeyd olunan prinsiplər əsasında münasibətlərin normallaşmasına getməlidir. Bu, regionda real sülhə və sabitliyə nail olmağın yeganə yoludur.
Konfransda postmünaqişə dövründə Cənubi Qafqazda yeni reallıqlar və yeni əməkdaşlıq imkanları yarandığı, razılaşmalara uyğun açılacaq yeni nəqliyyat infrastrukturu olan Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcəyi, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan bütün ölkələrin də bu yeni dəhlizdən faydalanacağı, eyni zamanda, iqtisadi və sosial inkişafın davamlı olmasına nail olmaq üçün qarşılıqlı inteqrasiya və əməkdaşlığın inkişafına daha çox zəruri ehtiyac duyulduğu barədə də danışılıb.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə