Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İƏT Parlament Assambleyasının konfransında Azərbaycanın uğurları yüksək dəyərləndirildi

Milli Məclisdə mayın 17-də keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) “Postpan­demiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa im­kanları” mövzusuna həsr olunan konfransında toplantı iştirakçıları tərəfindən qurum çərçivəsində əməkdaşlığın genişləndirilməsinin, iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb, yeni çağı­rışlar müstəvisində ortaya çıxan təhlükələrə qarşı birgə mübarizənin zəruriliyi xatırladılıb.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov qeyd edilən bu məqamla bağlı daha sonra dedi:

– Konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərlərinin çıxışlarında bu toplantının ölkələrin və regionun inkişafı, xalqların rifahı baxımın­dan əhəmiyyətli olduğu bildirilib, iqtisadi və sosial inkişafın davamlı olmasına nail olmaq üçün qarşı­lıqlı inteqrasiya və əməkdaşlığın inkişafının önəmi bir daha qeyd edilib.

Nümayəndə heyətlərinin rəhbərlərinin çıxışlarında koro­navirus pandemiyasının bütün dünyada sosial-iqtisadi, humanitar sahələrdə çox dərin problemlər yaratdığı da öz ifadəsini tapıb və bundan çıxış yolu kimi mövcud çətinliklərin birgə hərəkət etməklə aradan qaldırılmasının mümkün­lüyü səsləndirilib. Konfransda, eyni zamanda, pandemiyaya qarşı mübarizənin, o cümlədən sosial məsələlərin nəzərə alınması, maliyyə resurslarından səmərəli istifadə sahəsində qəbul olunan qərarların qanunvericilik baxımın­dan dəstəklənməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Toplantıda səsləndirilən bir məsələni də xatırlatmaq istərdim. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop nitqində Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsi məsələsinə toxunub. O, münaqişənin həlli ilə bağ­lı yaradılan Minsk qrupunun fəaliyyətinin uzun illər ərzində bir nəticə vermədiyini, Azərbaycanın işğal altındakı ərazilərini BMT-nin müvafiq qətnamələri əsasında hərbi yolla düşməndən təmizlədiyini qeyd edib, Türkiyənin Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini vurğula­yıb. Mustafa Şentop Azərbaycan Prezidenti İlham Əliyevə 44 günlük Vətən müharibəsindəki Zəfər münasibətilə bir daha öz təbriklərini çatdırıb və “Qarabağ Azərbaycandır!” – deyə bildirib.

Konfransdakı çıxışlarda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğu, ölkəmizin quruma üzv dövlətlərlə münasibətlərinin dostluq və qarşı­lıqlı hörmətə əsaslandığı, eyni za­manda, sosial-iqtisadi sahələrdə önəmli uğurlara imza atdığı barədə də geniş bəhs edilib.

Bu məqamda demək istərdim ki, Prezident İlham Əliyevin mükəmməl və uzaqgörən siya­si-iqtisadi siyasəti nəticəsində dövlətimizin başçısının Azərbaycana rəhbərliyi dövründə bir sıra uğurlu nəticələr əldə edilib, inkişaf göstəricilərinin yüksəlməsi həyata keçirilən düzgün siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirib, sosial-iqtisadi nailiyyətlərin davamlılığı və daya­nıqlı inkişaf üçün etibarlı zəmin yaranıb.

Təsadüfi deyil ki, dünyada yaşanan ən ağır maliyyə və iqtisadi böhran şəraitində belə Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam gerçəkləşdirilib, iqtisadiy­yat artıb. Bütün bunlara nail olunmasında isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkar­lıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edib. Bu da, öz növbəsində, əhalinin sosial həyat şəraitinin getdikcə yaxşılaşmasına mühüm təsir göstərib.

Sosial dövlət olan Azərbaycanda iş yerlərinin ya­radılmasına, özünüməşğulluğun təmin olunmasına da daim həssaslıqla yanaşılır. Ayrı-ayrı proqramların icrası zamanı bu məsələ xüsusi diqqətdə saxlanılır. Ölkənin güclü iqtisadi inkişafı, maliyyə imkanlarının artma­sı da iş yerlərinin yaradılması prosesini sürətləndirir. Beləliklə, respublikada iqtisadi fəallığın davamlı şəkildə artması fonunda yeni iş yerləri açılır, bu isə təbii ki, insanların həyat səviyyəsinin yüksəlməsində özünü qabarıq büruzə verir.

Azərbaycan əvvəlki illərdə olduğu kimi, cari ilin ötən ayların­da da Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolu keçib, bütün sahələrdə ciddi nailiyyətlər əldə edilib, respub­likamız öz iqtisadi tərəqqisi ilə inkişafın milli modelini formalaş­dırıb. Ölkəmizin hərtərəfli inkişa­fı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini gerçəkləşdirib. Dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib, iqtisadi inkişaf daha da sürətlənib.

Bütün bunlar onu göstərir ki, dövlətimizin başçısı 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəfləri gerçəkləşdirmək üçün ötən müddətdə istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ar­dıcıl, düşünülmüş siyasət həyata keçirib, iqtisadiyyatı dinamik inkişaf yoluna çıxarıb və “güclü dövlət” konsepsiyasını reallaş­dırmağa nail olub. Yaradılan belə bir şərait isə 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini şərtləndirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azad edilməsindən sonra Azərbaycanda dövlət quruculu­ğu, milli iqtisadi inkişaf və ictimai həyat yeni mərhələyə daxil olub. İndi respublikamızın regional güc mərkəzi olaraq mövqelərinin daha da möhkəmləndirilməsi, iqtisadiy­yatının daha da gücləndirilməsi qarşıya əsas vəzifə kimi qoyulub.

Söhbəti qələmə aldı: V.BAYRAMOV,

“Xalq qəzeti”

19 May 2022 09:04 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə