Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan daha bir nüfuzlu beynəlxalq təşkilata sədrlik edəcək

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş xarici siyasət ölkəmizin dünya birliyindəki reytinqini getdikcə yüksəldir. Respublikamızın nüfuzlu beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı, o cümlədən bir sıra mötəbər qurumlara sədrlik etməsi ölkəmizin mövqeyini daha da möhkəmləndirib. Hətta, dünyanı koronavirus pande­miyası bürüdüyü bir vaxtda da Azərbaycan beynəlxalq qurumlarla əlaqələrini kəsməmiş, əksinə, daha da möhkəmləndirmiş, sədrlik etdiyi Qoşulmama Hərəkatının, o cümlədən Türk Şurasının video formatda zirvə görüşlərini keçirməyə nail olmuşdur. Budur, pandemiya təhlükəsi hələ başa çatmamış Azərbaycan daha bir quruma sədrlik missiyasını öz üzərinə götürdü.

Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında quruma sədrlik Pa­kistan İslam Respublikasının Milli Assambleyasından Azərbaycan Respublikasının Milli Məclisinə keçdi. İndiyədək ölkəmizin bir neçə nüfuzlu quruma sədrliyi beynəlxalq aləmdə də yüksək dəyərləndirilib. Artıq respublika­mız bu istiqamətdə kifayət qədər təcrübəyə malikdir. Bu baxım­dan Milli Məclisin İƏT PA-ya sədrliyi dövründə assambleyanın fəaliyyətinin gücləndirilməsi, parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində həyata keçirəcəyi tədbirlər heç bir şübhə doğura bilməz.

Konfransda çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova həm iki ildən artıqdır ki, dünya iqtisadiyyatına ciddi zərbələr vuran koronavirus pandemiyasın­dan, həm Ermənistanın işğalçılığı dövründə ölkəmizin ərazisində törətdiyi vəhşiliklərdən, həm də postmüharibə dövründə region­da həyata keçirilən tədbirlərdən söhbət açdı. Qeyd etdi ki, dövlət başçımızın təşəbbüsü ilə koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar zirvə görüşləri , həmçinin BMT Nizamnaməsində nəzərdə tutulan Baş As­sambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyası keçiril­mişdir. Həmçinin, ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edilməsi də diqqətə çatdırıldı. Digər tərəfdən, Azərbaycan pande­miyadan ən çox əziyyət çəkən ölkələrə maliyyə və humanitar yardım göstərib, xəstəlik əleyhinə peyvənd ianə edib.

Konfrans iştirakçılarına postmüharibə dövründə regionda aparılan bərpa-quruculuq işləri barədə məlumat verildi.

Belə tədbirlərin respubli­kamızda keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki tədbir iştirakçıları postmüharibə dövründə yaranmış reallıqların şahidi olurlar. Bu baxımdan, İƏT Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak edən nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfərləri də yüksək dəyərə ma­likdir. Füzuli Beynəlxalq Hava Li­manından başlanan səfər Şuşaya qədər davam etdiriləcək.

Məlahət İBRAHİMQIZI,

Milli Məclisin deputatı

19 May 2022 09:42 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə