Ən son xəbərlər
Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş alimlər bu abidələrin bir çox xarakterik xüsusiyyətlərinə görə erməni dini-memarlıq abidələrindən fərqləndiyini bildirirlər. Xristianlıq dövrü alban abidələrinin ermənilər tərəfindən mənimsənilməsi üçün münbit şəraiti Rusiya imperiyasının Alban həvari kilsəsinin erməni-qriqorian kilsəsinə tabe etdirilməsi haqqında 1836-cı il əsasnaməsi yaratmışdır. Lakin tarixin həqiqət müstəvisi göstərir: Alban abidələri Azərbaycanın milli-mədəni irsinin tərkib hissəsidir və erməni saxtakarlığı bu gerçəkliyi inkar edə bilməz.
Azərbaycan tarixinin qədim dövr və erkən orta əsrlər mədəniyyətinin daşıyıcısı Alban həvari kilsəsi Qafqazın ən qədim dini abidələrindəndir. Eramızın I əsrində Fələstin torpaqlarında yaranmış səmavi dinlərdən olan xristianlığı Azərbaycanın qədim dövlətlərindən olan Qafqaz Albaniyasında həvari Faddeyin şagirdi apostol Yelisey eramızın 56-57-ci illərdə yaymışdır. Yeliseyin fəaliyyəti barədə Alban tarixçisi M.Kalankatlı yazmışdır: ''Yelisey Yerusəlimdən İrana gəldi. Ermənistandan (Fəratətrafı bölgədə yerləşən Arşakilər Ərməniyyəsi-red.) ötüb maskutlara baş çəkdi və Çolada (Dərbənd keçidindən cənuba doğru, təxminən Beşbarmaq dağınadək Xəzər sahili zolağı əhatə edən ərazi-red.) öz moizələrinə başladı. Buradan da Uti vilayətinə keçdi. Yelisey Gisə (Kiş-red.) gəldi, burada kilsənin əsasını qoydu”. Beləliklə, M. Kalankatlı belə bir həqiqəti göstərir ki, Alban həvari kilsəsi Qafqazın ən qədim kilsəsidir.
Bu fikri VI əsrdə yaşamış erməni katolikosu Avraam da təsdiqləyir. O, albanlara yazdığı məktubunda göstərirdi: “'Müqəddəs Yelisey Albaniyada xristianlığı Ermənistandan qabaq təbliğ etmiş və Albaniyada, daha dəqiq Kiş kəndində Ermənistandan qabaq kilsə tikdirmişdir”. Bu reallıq belə bir həqiqəti göstərir ki, bu sosial - mədəni qat erkən orta əsrlərdən etibarən Azərbaycan multikultural mühitinə daxil olmuşdur. Belə ki, eramızın I-II əsrlərindən başlayaraq, Alban kilsələri Azərbaycan torpaqlarını sıx şəbəkə ilə örtmüş, Qarabağda, Şəkidə, Qax-Balakəndə Alban xristian abidələri inşa edilmişdir. Zəngəzurda, İrəvan məkanında da vənglər, kilsələr, monastırlar salınmışdır. Bunlardan Karbibasar mahalında Üçkilsə, Göy Mələklər məbədi, Göyçə mahalında Sivəng, Zəngəzur mahalında Tatev, Talın mahalında Uzunlar, Vedibasar mahalında Aselişad//Xorvirab, Qırxbulaq mahalında Avan, Putqni, Əştərək bölgəsində Pirəgən, Qırmızıvəng, Qarqavəng xristian abidələri Azərbaycanın maddi-mədəni irsinin təkraredilməz nümunələrini təşkil etmişdir.
IV əsrin birinci otuzilliyində Qafqaz Albaniyasının hökmdarı II Urnayr ölkədə xristianlığı dövlət dini elan etmiş, Alban həvari kilsəsi həvari qanunları ilə fəaliyyət göstərmişdir. Alban həvari kilsəsinin ilk iqamətgahı Çolada, sonra Qəbələ, V əsrin ikinci yarısından isə Bərdədə (Partav) olmuşdur. V əsrin əvvəllərindən etibarən xristian dünyasında yaranmış yeni təlimlər xristian kilsəsini bir sıra məzhəblərə bölmüşdür. V əsrin sonuna qədər xalkidonçuluq (Diofizitlik və ya pravoslavlıq – xristianlığın istiqamətlərindən biri olub, IV əsrdə meydana gəlmişdir. Diofizitlərə görə, İsa peyğəmbər ikili “təbiətə” malikdir: ilahi və insani. Tanrının üçlük əsasını qəbul edir: Tanrı–Atа, Tanrı–Oğul (İsa peyğəmbər) və Tanrı – Müqəddəs Ruh) mövqeyindən çıxış edən Alban həvari kilsəsi Sasani şahənşahlarının bölgədə apardığı konfessional siyasət ilə uyğunlaşmaq məcburiyyəti qarşısında qaldığından diofizitlikdən uzaqlaşmış, bir əsrdən çox məzhəblərarası mübarizə aparmış, VII əsrin sonlarında bölgədə yaranmış sosial-siyasi şərait onu monofizitliyə keçirmişdir. (Моnofizitlik – V əsrdə yaranmışdır. Yunanca mоno – “bir’’, fizio- “təbiət’’ dеməkdir. İsa peyğəmbərin tək “təbiətini’’ – ilahiliyini qəbul edir və bununla da diofizitlərdən fərqlənir).
VIII əsrin əvvəllərində Ərəb xilafətinin hökmranlığından qurtulmaq yolunu Bizans imperiyasında görən Alban həvari kilsəsi yenidən diofizitliyə qayıtmaq istəmiş, lakin erməni-qriqorian kilsəsinin məkri ilə üzləşmişdir. Belə ki, erkən orta əsrlərdən etibarən pərakəndəlik taleyini yaşayan ermənilər geniş bir məkana – İkiçayarasından Şərqi Anadoluya, Qars yaylasına, oradan Aralıq dənizi bölgəsinə – Kilikiyaya yayılmış, özlərinə yeni torpaqlar axtarmışlar. “Vətən” axtarışı zamanı pərakəndə erməniləri öz ətrafında toplayan erməni-qroqorian kilsəsi Azərbaycanın maddi-mədəni irsinin qatlarından olan xristian abidələrinə mərhələlərlə iddialar bildirməyə başlamışdır. Bu monofizit kilsə belə bir həqiqəti unutmağa çalışmışdır ki, Parfiyalı Qriqor tərəfindən yaradılmış erməni-qroqorian kilsəsi Aştişat kəndində, Fərat çayının qollarından olan Arasani çayının sahilində, Taron vilayətində (Muş – red.), Kiçik Asiyanın şərq hissəsində inşa edilmiş və bu kilsənin Qafqaz meqaregionuna, o cümlədən Azərbaycanın maddi-mədəni irsinə heç bir aidiyyatı olmamışdır.
Real Tarixi yalanlar müstəvisində quran və öz pərakəndə dini icması üçün “vətən” axtarışında olan erməni-qriqorian kilsəsi Ərəb xilafətinin konfessional siyasətinin (xristianlığın pravoslav təlimini təqib edən-red.) konturlarını öz maraqları ilə uzlaşdırmağı əsas götürür və katolikos İlya 704-cü ildə Alban həvari kilsəsində baş verən proseslər haqda xəlifə Əbd-əl-Malikə məktub yazır. Məktubunda katolikos İlya Alban katolikosu Nerses Bakuru xilafətə qarşı xəyanətdə suçlayır. Nəticədə, Alban həvari kilsəsi özünün avtokefallığını itirir və 704-cü il Bərdə iclasının qərarına görə Alban həvari kilsəsi erməni-qriqorian kilsəsi ilə bərabərhüquqlu uniya əsasında idarə olunmağa başlayır. Yaranmış vəziyyətdə VIII əsrin əvvəllərindən etibarən Alban həvari kilsəsinin iqamətgahı Tərtərçayın sahilində Tərtər, Kəlbəcər ərazisində lokallaşan Berdakurda yerləşir. Ərəb xilafətinin hökmranlığı bölgədə zəiflədiyi dövrdə, IX əsrin sonlarından etibarən, Alban həvari kilsəsi Bərdə iclasının qərarına tabesizlik göstərir. X əsrin ortalarından etibarən Alban həvari kilsəsi diofizitliyə keçir və bu, 17 il davam edir.
X əsrin ikinci yarısında yenidən monofizitliyə qayıdan Alban həvari kilsəsi Alban Xaçın knyazlığının yüksəlişi dövründə, XIII əsrin ortalarında, avtokefallığını bərpa edir, Gəncəsər Monastırı Alban həvari kilsəsinin iqamətgahına çevrilir. Məbəd mehranilər sülaləsinin nümayəndəsi, Alban Xaçın hakimlərindən olan knyaz Həsən Cəlalın əmri ilə 1216–1238-ci illərdə inşa edilir (Həsən Cəlal mehranilərdən olan Qriqor Hammamın nəslindəndir, 1261-ci ildə Hülakü xanın dövründə monqollar tərəfındən öldürülmüşdür). Gəncəsər (Qanzasar) monastırı hazırda Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən orta əsr Alban memarlığının incisidir. Lakin erməni məkri Alban həvari kilsəsini izləməkdə davam edirdi. Belə ki, orta əsrlərdən etibarən Alban həvari kilsəsinin maddi-mədəni irsinə və daha sonra isə bu irsi öz qoynunda qoruyan Azərbaycan torpaqlarına o cümlədən İrəvan məkanına əsassız iddiaları üçün zəmin yaratmaq məqsədilə erməni-qriqorian kilsəsi orta əsrlərdən etibarən Azərbaycanın köklü əhalisi – azərbaycanlılardan torpaq almağa başlamışdı.
Qaraqoyunlu, Ağqoyunlu və sonradan Səfəvi dövlətlərinin himayəsindən sui-istifadə edən erməni-qriqorian kilsəsi erkən orta əsrlərdən etibarən pərakəndəlık həyatını yaşayan ermənilərin Azərbaycan torpaqlarında – İrəvan məkanında məskunlaşması istiqamətində məqsədyönlü fəaliyyət göstərir və XV əsrdən başlayaraq Azərbaycanın köklü əhalisi – azərbaycanlılardan İrəvan məkanının torpaqlarını alqı-satqı yolu ilə ələ keçirməyə başlayır. Matenadaranda saxlanan alqı-satqı sənədləri göstərir ki, 1441-ci ildə öz iqamətgahını Sisdən Üçkilsəyə köçürən erməni-qriqorian kilsəsi bu prosesə öncədən başlamış, hələ 1431-ci ildə katolikos Makulu Qriqor Azərbaycanın iri torpaq mülkiyyətçisi Əmir Rüstəmdən İrəvan məkanının 7 kəndini – Üçkilsə monastırının yerləşdiyi Vağarşapat, Əştərək, Batrinc, Noraqavit, Ağunatun, Kirəcli və Muğni kəndlərini 530 min Təbriz dinarına almış və bu kəndləri Üçkilsə monastırına bağışlamışdır. Sonralar erməni-qriqorian kilsəsi azərbaycanlıların daha 16 kəndini, digər torpaq və mülklərini ələ keçirmişdi. Bu yolla erməni-qriqorian kilsəsi pərakəndə ermənilər üçün Azərbaycan torpaqlarında yeni yaşayış məskənləri yaratmış və bu monofizit kilsə özünün köçəri icmasını Azərbaycanın tarixi torpağı olan İrəvan məkanında yerləşdirməyə başlamışdır. Üçkilsədə öz iqamətgahını yerləşdirən erməni-qriqorian kilsəsi katolikosluğun bu torpaqlara kilsənin hüququnu və gələcəkdə Azərbaycanın tarixi torpaqlarına iddialarını əsaslandırmaq üçün 1443-cü ildən başlayaraq yerləşdiyi Üçkilsə kəndini müxtəlif vasitələrlə hissə-hissə Azərbaycan türklərindən alıb monastırın tərkibinə qatmışdı ki, vətənsiz, torpaqsız ermənilər üçün uydurduğu “erməni məsələsi”ni – “böyük Ermənistan” əfsanəsini gələcəkdə Azərbaycan torpaqlarında reallaşdıra bilməsi üçün bir əsasa malik olsun. Bu işdə 1461-ci ilə qədər erməni-qriqorian kilsəsinin katolikosu olan Qriqor xüsusi fəallığı ilə seçilmişdir, O, Makulu Səid bəydən 8040 dinara Üçkilsə kəndinin alınmamış torpaqlarını da satın almışdır. Həmin vaxtdan erməni-qriqorian kilsəsinin katolikoslarının Üçkilsə monastırı ətrafındakı türk torpaqlarını, kəndlərini pulla alıb monastırın tərkibinə qatması bir ənənəyə çevrilmişdir. Göstərilən dəlillər belə bir həqiqəti göstərir ki, 1441-ci ildə Sisdən - Kilikiya torpaqlarından Üçkilsəyə İrəvan (Çuxursəəd) məkanına köçürülən erməni-qriqorian kilsəsinə nə bir kənd, nə də bir torpaq sahəsi məxsus olmuşdur. Pərakəndə ermənilər üçün yeni torpaqlar axtarışında olan erməni-qriqorian kilsəsi bu etnik elementin tarixi Azərbaycan torpaqlarında rişələrini atması üçün XV əsrin ortalarından etibarən məqsədyönlü fəaliyyətdə olmağa başlamışdır.
Erməni katolikoslarının bu məkrli siyasəti XVI əsrdə də davam edir və onun təhlükəliyini Çuxur-Səəd bəylərbəyi Rəvanqulu xan görür. 1519-cu ildə o, Səfəvi hökmdarı Şah İsmayıla yazdığı məktubunda göstərirdi ki, “son illər, Beynənnəhreyndən (İkiçayarasından –red.) Van gölü sahillərinə, oradan da beş-beş, on-on Qafa (Qafqaza), bizim torpaqlara gələn ermənilər, sazişdəkilər kimi, kəsbkarlıqla, xırda ticarətlə, bənna və dülgərliklə güzəran sürüb farağat oturmaqdansa, tabeliyimdəki torpaqlarda yerdəyişmə vurnuxmalarına başlamış, geniş oturaq həyat iddialarına qapılmışlar. İndi Üçkilsə kəndində əyləşən dünya ermənilərinin katolikosu II Qriqori zünnarına xas olmayan fəaliyyəti və təxribatçılıq əməlləri ilə idarəmizi müşküllərə məruz qoyub. Katolikos erməni dini mərkəzinin vəqf sərmayəsi hesabına öz soydaşlarının Azərbaycan kəndləri kənarında iki-üç ailə olmaqla oturaq məskunlaşmasını maliyyələşdirir, onlara ufacıq kilsələr tikdirir, beləliklə, bu tayfanın Qafda qədim mövcudiyyəti təsəvvürünü yaradır ki, bunlar istiqbalda nəsillərimizə başağrısı verə biləcək fəsadlar törənməsinə zəmin yarada bilər”.
XVI əsrdə bu erməni təhlükəsini görən Rəvanqulu xan özünün düşüncələrində yanılmamışdır. Məkansız qalan erməni icması üçün yeni ərazilər axtarışında olan erməni-qriqorian kilsəsi, orta əsrlərdən etibarən Azərbaycan torpaqlarına nəzər-diqqətini yönəltmiş, Azərbaycanın maddi-mədəni irsi olan Alban həvari kilsəsinə sahib çıxmağı qarşısına məqsəd qoymuşdur. Əsrlərlə bu siyasəti yeridən erməni-qriqorian kilsəsi XIX əsrin birinci otuzilliyində Rusiya imperiyasının Azərbaycanın Arazdan şimalda olan torpaqlarının işğalından sonra “Böyük Ermənistan” uydurması üçün münbit şəraitin yetişdiyinə əmin olub, Alban həvari kilsəsinin irsinə sahib çıxmaq məqsədi ilə öz dindarlarının bölgədə imperiyanın siyasi hakimiyyətinin sosial bazasını təşkil edəcəyinə Rusiyanı inandıra bilmişdir. Saxtalaşdırıcı missiyasını davamlı aparan bu monofizit kilsə Romanovlar Rusiyasını aldatmış, dini təlim baxımdan Rusiya pravoslav kilsəsi ilə eyni müstəvidə çıxış etdiyini bildirmişdir. Cənubi Qafqazda özünün siyasi hakimiyyətini möhkəmləndirmək məqsədi ilə xristianlaşdırma siyasətini aparan və pravoslav təlimə önəm verən Rusiya imperiyası ermənilərin pravoslav olduqlarına inandığından “erməni kartına” üstünlük verir. Bu məsələyə 1907-ci ildə Müqəddəs sinoda təqdim etdiyi arayışında Eçmiədzin sinodunun prokuroru A.Frenkel toxunaraq, bildirirdi ki, Rusiyanın erməni uydurmalarına qarşı xeyirxah münasibəti bu köçəri etnos üçün bir sıra güzəştlərə gətirib çıxardı və öz növbəsində sonralar “erməni katolikoslarının gələcək kələkləri üçün presedent yaratdı, 1836-cı il qanunu da onlara (erməni-qriqorian kilsəsinə-red.) öz dindarları üçün müstəsna vəziyyətin yaradılmasını tənzimlədi”.
İmperator I Nikolay 11 mart 1836-cı il tarixli fərmanı imzaladıqdan sonra Rusiya Senatı 10 aprel 1836-cı il əsasnaməsini qəbul edir və Alban həvari kilsəsinin maddi-mədəni irsinə nəzarət erməni-qriqorian kilsəsinin ixtiyarına keçir. Bu akt erməni millətçilərinin Azərbaycanın tarixi torpaqlarına qarşı əsassız iddialar qaldırmaları üçün münbit bir zəmin yaradır.
Eyni zamanda, erməni-qriqorian kilsəsi Rusiya hakim dairələrinin icazəsi ilə 1909–1910-cu illərdə Alban həvari kilsəsinin arxivlərini məhv edərək Azərbaycanın tarixi irsinə və xalqımızın tarixi yaddaşına böyük zərbə vura bilmiş və öz məkrli siyasətini reallaşdırmaq üçün aktiv fəaliyyətə keçmişdi. Azərbaycanın tarixi torpaqlarına ərazi iddiası ilə çıxış etməyi qarşıya məqsəd qoyan erməni-qriqorian kilsəsi erməni millətçi partiyalarla tandemdə XX əsrin əvvəllərində Azərbaycanın tarixi torpaqlarına əsassız iddialar irəli sürmüş, qondarma “Dağlıq Qarabağ” problemini uydurmuş, aparılan məkrli siyasət nəticəsində ermənilik İrəvan məkanını ələ keçirə bilmişdir.
Lakin tarix həqiqət axtarışındadır və reallıq göstərir ki, pərakəndə ermənilər Qafqazda qeyri-köklü – allohton əhalidir. Bu həqiqəti onların dili, antropoloji xüsusiyyətləri təsdiq edir. Eyni zamanda, belə bir həqiqəti də unutmaq olmaz ki, orta əsrlərdən başlayaraq pərakəndə erməniləri öz ətrafında birləşdirən erməni-qriqorian kilsəsinin də Qafqaza heç bir aidiyyəti yoxdur, çünki bu kilsə Fərat çayının qollarından olan Arasani çayının sahilində, Muş vilayətində salınıb. Bu reallıq belə bir gerçəkliyi təsdiq edir ki, tarix həqiqət müstəvisi üzərində yaranıb və erməniliyin uydurduğu əfsanələr “sabun köpüyüdür”.
Həcər VERDIYEVA,
tarix üzrə elmlər doktoru
Köhnə versiyamızdan xəbərləri izlə