Ən son xəbərlər
Zaqatala rayonunun çox böyük sənaye, kənd təsərrüfatı potensialı var. Rayonun inkişafına xüsusi diqqət göstərilir. Bu, mənim Prezident kimi Zaqatala rayonuna səkkizinci səfərimdir və hər bir səfər zamanı önəmli obyektlərin açılışında iştirak etmişəm. Burada həm sosial obyektlər, həm sənaye müəssisələri istifadəyə verilib, Zaqatala aeroportu tikilib... Diaqnostika Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, Olimpiya Kompleksi, məktəblər, zəlzələdən sonra 8 mindən çox ev tikilib, təmir edilmişdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bu sətirləri qələmə almağa başlayanda təxminən 30-35 il əvvəl qətiyyətlə söylədiyim bir arqument barədə fikirlərimi redaktə etmək istəyirəm. Belə ki, hələ universitetin jurnalistika fakültəsində oxuyanda müəllimlərimiz deyirdilər ki, həqiqi jurnalist ölkə iqtisadiyyatının bütün sahələri ilə maraqlanmalı, elmi-mədəni və ictimai-siyasi proseslər barədə yetərincə məlumatlı olmalıdır. Ona görə də mən sonralar pambıq, tütün, taxıl, meyvə, üzüm, tərəvəz sahələrində dəfələrlə olmuş, məhsul yığımı barədə qəzet materialları hazırlamışdım. Bir yazıda qeyd etmişdim ki, ən gözəl məhsul toplanışı çay yarpağının yığılmasıdır.
Aradan xeyli keçəndən sonra – Şəki – Zaqatala iqtisadi rayonu üzrə bölgə müxbiri vəzifəsində çalışanda isə həmin qənaətimin o qədər də dəqiq olmadığını etiraf etdim. Çünki Zaqatalanın Aşağı Tala kəndində şahidi oldum ki, ən gözəl məhsul toplanışı məhz gül ləçəklərinin yığılmasıdır. Yeri gəlmişkən, Aşağı Talada gül yarpağı yığanların hamısının qızlar, qadınlar olduğunu görəndə kənd sakinindən soruşmuşdum ki, nə üçün sahədə kişilər görünmürlər? Maraqlı cavab vermişdi: – Siz özünüz razı olarsınızmı ki, gül yarpağı kimi zərif məhsulu zərif cinsin nümayəndələrindən başqa kimsə toplasın? Cavab verə bilməmişdim.
Yeri gəlmişkən, latviyalı jurnalist Edqars Aynzdinsin Zaqatala barədə söylədiyi fikirlərdə də bu diyarın gül ətri verən sahələri barədə söz açılırdı. Edqars deyir ki, Bakının gur işıqlarını, Dənizkənarı parkını, sakinlərin mehribanlığını, tarixi abidələrin çoxluğunu, iaşə obyektlərinin zənginliyini Avropanın çox yerində görmək və ya oxşarını tapmaq mümkündür. Zaqataladakı gözəllikləri isə bir də haradasa görəcəyimə inanmıram. Çünki burada insanlar nağıllarda oxuduğumuz kimi mehriban, təbiət səxavətlidir. Burada çöllər, tarlalar təbii parfümeriya məkanı kimi qızılgül ətri verir. Burada dünyanın ən gözəl ətirlərindən birini tarladan yığırlar.
… Elə dövlət başçımız İlham Əliyev də bir neçə il əvvəl Zaqatalaya səfəri zamanı “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olmuşdu. O vaxt bildirilmişdi ki, bu müəssisənin ümumi ərazisi 3 hektardır. Burada istehsalat bölməsi, anbar, ofis və digər infrastruktur obyektləri tikilib. 2016-cı ilin oktyabr-noyabr aylarında Türkiyədən və Bolqarıstandan dəvət olunmuş mütəxəssislərin tövsiyələri əsasında Aşağı Tala kəndində gülçülüyün inkişaf etdirilməsi məqsədilə 107 hektar torpaq sahəsi müəyyənləşdirilib. Bolqarıstandan gətirilmiş tinglərdən 82 hektarda “Dəməşq qızılgülü” və 25 hektarda “Lavanda” gülü növləri üzrə plantasiyalar salınıb. Bu plantasiyalarda ilkin mərhələdə təxminən 600 ton gül ləçəyinin toplanması nəzərdə tutulub. “Dəməşq qızılgülü”ndən istehsal olunan yağ həm məhsuldarlığına, həm də keyfiyyətinə görə ən yaxşısı hesab olunur. Bolqarıstandan gətirilmiş “Lavanda” gülü növünün Fransa və Türkiyə “Lavanda” növlərindən yağlılıq dərəcəsi 20 faiz çoxdur.
… Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə söhbətimizdə çox məsələlər barədə danışdıq. Tikinti-quruculuq və abadlıq işlərinin dövri olaraq davam etdirilməsi, əhaliyə göstərilən xidmətlərin yaxşılaşdırılması, sahibkarlığın dəstəklənməsi, yeni turizm obyektlərinin açılması, səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin fəaliyyətinin zamanın tələbləri səviyyəsinə çatdırılması istiqamətində həyata keçirilən çoxsaylı tədbirdən söz açıldı. Mənim öz köhnə arqumentimi Zaqatalada redaktə etdiyimi də, pribaltikalı turistin Zaqatala tarlalarını təbii parfümeriya məkanına bənzətdiyini də xatırlatdım. İdarəçilikdə, quruculuqda və ictimai-siyasi fəaliyyətdə kifayət qədər təcrübəsi və peşəkarlığı olan Mübariz müəllim istənilən məsələyə münasibət bildirməkdə də peşəkardır:
– Əgər siz çay yarpağı yığımını sevirsinizsə, gəlib Zaqatalada da həmin prosesə şahidlik edə bilərsiniz. Rayonumuzdakı çay plantasiyalarında mövsümün birinci yığımının qızğın çağıdır. “Zaqatala – Çay” Məhdud Məsuliyyətli Cəmiyyətin 15 hektara yaxın məhsuldar çay plantasiyası var. Yarpaq yığımı uğurla davam edir. Yaz mövsümündə plantasiyalardan toplanmış yaşıl çay kütləsindən 2 tonadək quru çay istehsal edilməsi nəzərdə tutulur. Havalar rütubətli keçərsə, gələn ay da çay plantasiyalarında ikinci yığıma da başlanılması gözlənilir. Müəssisədə istehsal olunan məhsul satış üçün əsasən daxili bazara çıxarılır.
O ki qaldı gülçülüyə, deyə bilərəm ki, o sahənin inkişafı dövlət başçımızın xüsusi diqqət mərkəzindədir və uğurlar da istənilən qədərdir. Amma bir məsələ var ki, Zaqatalanın aqrar sektorunun inkişafını və gəlirlərini təkcə çayla və ya güllə bağlamaq qətiyyən mümkün deyil. Çünki bizim fermerlərin daha çox məşğul olduqları fındıqçılıq sahəsi qeyri-neft sektoru üzrə ölkəmizə valyuta gətirən əsas sahələrdən biridir. Azərbaycan hazırda fındıq istehsalı üzrə dünya ölkələri arasında üçüncü yerdədir. Ölkəmizdə fındıq istehsalının böyük hissəsi Zaqatala rayonunun payına düşür.
İcra başçısı xatırlatdı ki, rayonun kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan fındıqçılığın, həmçinin qərzəkli meyvəçiliyin daha geniş təbliğ edilməsi məqsədilə Zaqatalada iki dəfə Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilib. Pandemiyadan əvvəlki il RİH-in təşkilatçılığı, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin və Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının dəstəyi ilə “Dədə Qorqud” meydanında keçirilən II Beynəlxalq fındıq, qoz və şabalıd festivalının təşkil olunmasında əsas məqsəd ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirmək idi. Sağlıq olsun, həmin ənənənin davamına yenə də şahidlik edəcəksiniz.
Həmsöhbətim əlavə etdi ki, Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə son illər Zaqatala rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, fındıq bağlarının ümumi sahəsi 9 min 575 hektardan 20 min hektara çatdırılıb, qoz və şabalıd sahələri genişləndirilib. 2015-ci ildə rayonda 9 min 283 ton fındıq istehsal olunduğu halda, son illər 20 min tona yaxın məhsul istehsal olunub. Rayonda qoz və şabalıd istehsalı da ildən-ilə artır.
Rayonun sosial-iqtisadi inkişafı və tikinti-quruculuq işlərinin mövcud vəziyyətindən danışarkən isə qeyd edək ki, bu barədə dəfələrlə söhbət açmışıq və yenə də açacağıq. Fakt ondan ibarətdir ki, Mübariz müəllim rayonun həqiqətən turizm mərkəzlərindən birinə çevrilməsi üçün bütün imkanlardan istifadə edir.
Yadımdadır ki, bir neçə il əvvəl yaradılmış Zaqatala Turizm İnformasiya Mərkəzi öz fəaliyyətini uğurla davam etdirir. Qurumun əsas məqsədi qədim tarixi abidələri ilə zəngin olan Zaqatala haqqında əcnəbi və yerli turistlərə məlumat vermək, əyani vəsaitlər hazırlayaraq ziyarətçiləri bu regionla yaxından tanış etməkdən ibarətdir. Mərkəz rayona daxil olan turistlərin statistik sayının əldə olunmasını, müraciət edən turistlərin rəy sorğularının öyrənilməsini, onların yerləşmə və digər sahələrlə bağlı fikirlərinin analiz edilməsini, rayonun tarixi və istirahət yerlərini əks etdirən bukletlərin hazırlanmasını, onların yerli və əcnəbi turistlərə paylanılmasını həyata keçirir.
Amma daha çox turistin cəlb edilməsini təmin etməyin əsas üsullarından biri turizm obyektlərinin sayının çoxaldılması ilə yanaşı, onların xidmətinin modernləşdirilməsidir. Bir də, rayonun yol infrastrukturunun yenilənməsidir. Elə biz rayonda olduğumuz günlərdə Əliabad – Bəhmətli – Kürdəmir – Lahıc yoluun yenidən qurulmasının şahidi olduq. Yevlax –Zaqatala –Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 156-cı kilometrliyindən ayrılan bu avtomobil yolunun inşası İnvestisiya Proqramına uyğun olaraq , yüksək keyfiyyətlə aparılır. 22,3 kilometr uzunluğu olan avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 metr, yol yatağının eni 10 metr təşkil edir. Görülən işlər çərçivəsində yolboyu suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 130 suötürücü borunun təmiri, zəruri yerlərdə yenilənməsi işləri də görüləcək. Bununla yanaşı, layihə üzrə yolun əhatə etdiyi yaşayış məntəqələrinin daxilindən keçən və ümumi uzunluğu 970 metr olan su arxlarının bərpası da nəzərdə tutulub.
Bu zaman bir məsələni xüsusilə qeyd etmək zərurəti var. Belə ki, dövlət başçımızın tövsiyə və tapşırıqlarının icrası çərçivəsində rayon rəhbərlərinin sakinlərlə görüşməsi artıq ənənə şəklinii alıb. Elə həftə olmur ki, rayon rəhbərinin hansısa kənddə səyyar qəbulu keçirilməsin. Elə həmin görüşlərin nəticəsidir ki, əhaliyə göstərilən xidmətlərin səviyyəsi yüksəlir, təmir-bərpa və abadlıq işlərinin sayı çoxalır, əhalinin məmnunluğunun artmasına nail olunur. Çünki harada neqativ halın olduğunu sakinlər daha yaxşı bilirlər. Onların təklif və təşəbbüsləri isə ümumi işə öz səmərəsini verir.
Şəhid ailələrinin problemlərinin, qazi və müharibə veteranları ilə görüşlərin daim diqqət mərkəzində saxlanılması Mübariz Əhmədzadənin iş qrafikindəki əsas məsələlərdəndir. Məhz bunun nəticəsidir ki, rayonda həmin həssas zümrənin elə bir ciddi problemi qalmamışdır. Yəni dövlət başçısının tövsiyə və tapşırıqları layiqincə icra olunur.
Yeri gəlmişkən, 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Şəki Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Zaqatala şəhərində müxtəlif məzmunlu maarifləndirici silsilə tədbirlər təşkil edilib.Gənc mədəniyyət işçilərinə motivasiya təlimi ilə başlayan tədbirdə uğurun sirləri və məqsədyönlü fəaliyyətin nəticələrinə dair sahə əməkdaşları ilə fikir mübadiləsi aparılıb. Uğur hekayəsini bölüşən təlimçilər əldə olunan nailiyyətlərin davamlı və məqsədyönlü fəaliyyətə bağlı olmasını iştirakçıların diqqətinə çatdırıblar.
Bu xəbərin son cümləsindəki “uğur hekayəsi” ifadəsi daha çox xoşuma gəldı. Çünki bu gün Zaqatalada hər kəsin öz uğur hekayəsi var. Hətta təbiətin də. Uzun illər Zaqatalada bölgə müxbiri kimi çalışdığıma görə yaxşı bilirəm ki, burada təbiətin uğur hekayəsi ilə ən çox may ayında rastlaşırıq. Çünki may ayında – itburnu kolları çiçəkləyəndə burada dağların da, buludların da, çayların da öz uğur hekayəsi yaranır. Zaqatalanın ən hündür zirvəsi olan Quton dağının başına dolanıb “yallı gedən” buludlar aşağıdakı çayları görəndə “özünü qayadan atan” qıza çevrilirlər. Şair demiş:
Zirvə ətrafında yallı gedəndə
Yorulub, yamacda “yatır” buludlar.
Katexdə sulara qarışmaq üçün
Özünü Qutondan atır buludlar.
Buludların çaylara qarışmasından sonra isə əvvəlcə zəhmətkeş kəndlinin tarla, bağ-bağat suyu artır, sonra əkin-biçinin məhsuldarlığı, daha sonra isə süfrələrin naz-neməti.
Süfrələrin həmişə naz-nemətli, qonaq-qaralı olsun, Qumral gözlü, Zaqatala!
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Köhnə versiyamızdan xəbərləri izlə