Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moskvada KTMT-nin yubiley sammiti keçirilib

Bu il mayın 16-da Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin sammiti keçirilib. Tədbirdə Rusiya Pre­zidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart To­kayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Rahmon, Ermənistanın Baş naziri Nikol Paşinyan və KTMT-nin Baş katibi Stanislav Zas iştirak ediblər.

Kremldə keçirilən sammitdə açılış nitqi ilə çıxış edən Rusiya Prezidenti Vladimir Putin budəfəki sammitin yubiley sammiti olduğu­nu, 1992-ci il mayın 15-də Kol­lektiv Təhlükəsizlik müqaviləsinin imzalandığını xatırladıb. Qeyd edək ki, hazırda quruma yuxarıda adlarını çəkdiyimiz altı ölkə daxildir. KTMT-nin Nizamnaməsində qeyd olunub ki, təşkilatın əsas vəzifəsi üzv ölkələrin təhlükəsizliyini birgə səylərlə təmin etməkdir.

Rusiyanın rəsmi informasiya mənbələri qeyd ediblər ki, KTMT-nin budəfəki iclasında əsasən üzv ölkələr arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi və Əfqanıstan ərazisi daxil olmaqla regiondakı yeni çağırışlara qarşı birgə fəaliyyət məsələləri müzakirə edilib. Tədbirdə bioloji təhlükəsizlik məsələlərinə də ayrıca diqqət ayrılıb. Sammitdə keçirilən müzakirələrdə, gözlənildiyi kimi, Rusiya–Ukrayna arasındakı silahlı münaqişə diqqət mərkəzində olub. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukraynada qatı millətçiliyin kökünü kəsmək məqsədilə Rusiya bu il fevralın 24-dən başlayaraq, Ukraynada Xüsusi Hərbi Əməliyyat keçirmək qərarına gəlib. Dövlət başçısının sözlərinə görə, hazırda Ukrayna ərazisində hərbi əməliyyatlar əvvəldən nəzərdə tutulmuş plan üzrə uğurla davam edir.

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusu vermək təklifini irəli sürüb. O bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı və MDB-yə üzv ölkələrlə qarşılıqlı fəaliyyəti artırmaq lazım­dır. Bu baxımdan, MDB ölkələrinə KTMT-də müşahidəçi statusu verilməsini müzakirə etmək yerinə düşərdi.

Qərbdəki bir çox siyasi təhlilçilər hesab edirlər ki, hazırda KTMT-də təmsil olunmayan MDB dövlətlərin, o cümlədən Özbəkistan, Gürcüstan, Moldova və Azərbaycanın yaxın gələcəkdə qurumda müşahidəçi sta­tusunda iştirak etmələri gözlənilmir. Çünki bu ölkələr müstəqil xarici siyasət xətti yürüdürlər və öz üzərlərinə əlavə hərbi öhdəliklər qəbul etmək istəməyəcəklər. Rusiya Prezidenti İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına – NATO-ya üzv olmaq niyyəti ilə bağlı da maraqlı açıqlama verib. Bildirib ki, Finlandiya və İsveçin Alyansa üzv­lüyü Rusiya üçün təhlükə yaratmır. Rəsmi Moskvanın mövqeyi Finlan­diya və İsveç hökumətləri tərəfindən razılıqla qarşılanıb. Əvvəllər Rusiya qəti surətdə hər iki ölkənin NATO üzvlüyünə qarşı çıxırdı.

Tədbirdə Belarus Prezidenti Aleksandr Lukaşenko nisbətən sərt açıqlamaları ilə “fərqlənib”. Belə ki, Belarus lideri öz Orta Asiyalı həmkarlarını və Ermənistanı Ru­siyaya və Belarusa lazımi dəstək göstərməməkdə günahlandırıb. Xatırladıb ki, bu ölkələr Belarusun, xüsusilə də beynəlxalq aləmdən təcrid olunan Rusiyanın sanksiya­lardan yayınmasına kömək etmirlər. Hətta beynəlxalq təşkilatlarda Rusiyanın əleyhinə qəbul olunan qərarlarla bağlı səsvermələrdə belə “susqun razılıq” ifadə edərək, Moskvanın cəzalandırılmasına “kömək edirlər”.

Belarus Prezidenti çıxışında sonra deyib: “Tezliklə birlik ifadə etməsək, siyasi, iqtisadi və hərbi əlaqələrimizi gücləndirməsək, biz sabah olmaya bilərik. Baxın, Avropa İttifaqı necə monolit şəkildə səs verir və fəaliyyət göstərir. Onlardan nümunə götürmək lazımdır. Təklikdə bizi əzəcəklər və parçalayacaqlar…”

Sammitə rotasiya qaydasında sədrlik edən Ermənistanın baş naziri Nikol Paşinyan isə çıxışında növbəti dəfə fürsətgirlik edərək KTMT-yə üzv dövlətləri İkinci Qara­bağ müharibəsində onun ölkəsinə hərbi yardım göstərməməkdə günahlandırıb. Əsl həqiqət isə budur ki, Ermənistan qonşusu, müstəqil Azərbaycanın beynəlxalq hüquq tərəfindən rəsmən tanınan ərazilərində 30 ilə yaxın işğalçılıq və etnik təmizləmə siyasəti yürdüb və Azərbaycan Ordusu tərəfindən layiqincə cəzalandırlılıb.

M.HACIXANLI,

“Xalq qəzeti”

19 May 2022 09:31 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
2 İyul 2022 | 00:28
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə