Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazaxıstanlı yazıçı: Şuşanın qeyri-adi gözəlliyinə heyran qalmışam

Almatıda yaşayan tanınmış qazaxıstanlı yazıçı, şairə və publisist Nasiha Qumarqızı Azərbaycanın yaxın dostlarından və heyranlarındandır. Onun son illər Bakı, Qarabağın tarixi, xalqımızın 44 günlük savaşda parlaq qələbəsi barədə rus və qazax dillərində yazdığı bir-birindən dəyərli publisistik əsərləri oxucular tərəfindən dərin maraqla qarşılanıb.

Nasiha xanımın ötən il rus və qa­zax dillərində nəşr etdirdiyi “Карабах: долгая дорога домой” (“Qarabağ: evə uzun yol”) kitabı oxucular arasında xüsusilə böyük əks-səda doğurub. Bu əsərin Qazaxıstanda, Azərbaycanda, eləcə də bir çox MDB ölkələrində müəllifin iştirakı ilə geniş müzakirəsi keçirilir.

“Qarabağ sevdalı” qazax yazıçısı bu günlərdə növbəti dəfə ölkəmizi ziyarət edib, Bakıda, Sumqayıtda, Gəncədə, əlbəttə, Şuşada olubdur. “Xalq qəzeti”nin müxbiri qazaxıstanlı yazıçı ilə görüşüb söhbət etmişdir.

– Nasiha xanım, gəlin, söhbətimizə Bakıya ilk gəlişinizdən başlayaq...

– Məmnuniyyətlə. Bakıya ilk dəfə gəlişimin qəribə və maraqlı tarixi var. Belə ki, 2017-ci ilin yayında Kislovodskidə istirahət etmək üçün “Mineralnıye vodı” şəhərinə uçan təyyarəyə bilet almışdım.

Lakin birdən-birə özüm üçün də gözlənilmədən marşrutu dəyişdim. Belə ki, məndə əvvəlcə Bakı ilə yaxından tanış olmaq arzusu yaran­dı. Azərbaycan xalqının ədəbiyyatı, mədəniyyəti ilə əvvəlcədən tanış idim, amma qardaş ölkədə heç vaxt olma­mışdım.

Beləcə, biletimi dəyişdirib Bakıya uçdum. Azərbaycanla yaxın dostlu­ğum məhz o vaxtdan başladı. Elə ilk gündən Azərbaycanın zümrüd gözlü Xəzərin sahilindəki füsunkar paytax­tına, onun halal, saf qəlbli sakinlərinə bərk vuruldum.

Yadımdadır, Bakıdan ayrıla bilmir­dim, bir də gördüm ki, məzuniyyətimin müddəti artıq bitmək üzrədir və evə dönmək lazımdır. Beləcə, Kislovodskiyə gedə bilmədim.

– Taleyin bu sürprizinə peşman deyilsiniz ki?

– Əsla, yox! Qədim və modern Ba­kının arxitekturası, şəhər sakinlərinin yüksək qonaqpərvərliyi, mərdliyi, ürəkgenişliyi məni elə ovsunladı ki, bu­rada gördüklərim barədə ayrıca kitab yazmağı qərara aldım.

Beləcə, “Баку глазами казахстанки” (“Bakı qazaxıstanlı xanımın gözü ilə”) kitabım meydana gəldi. Əsər təkcə Qazaxıstanda deyil, bütün MDB məkanında böyük rəğbətlə qarşılandı.

Sonrakı illər ərzində qardaş Azərbaycanı tez-tez ziyarət etməyə başladım. Hər dəfə yeni dostlar, tanış­lar, sirdaşlar tapdım. İndi özümü Bakı­da doğma evimdəki kimi hiss edirəm.

Son illər Azərbaycanda insanlar, həqiqətən, böyük həvəslə qurub-ya­radırlar. Amma, ilyarım əvvələ qədər buradakı dostlarımın qəlbində Qarabağ kədərini, torpaq nisgilini sezirdim.

Mən Bakıda, Azərbaycanın bölgələrində olarkən Xocalı qətliamının bir çox şahidləri ilə də görüşmüşəm. Onların ermənilərin ağlasığmaz zora­kılıqları barədə həyat hekayətləri məni çox təsirləndirib.

– Görünür, elə bu səbəbdən sizin Xocalı soyqırımı barədə kitabınız araya-ərsəyə gəldi, deyilmi?

– Bəli, elədir. Nə gizlədim, Xocalı qətliamı barədə kitabımı böyük ürək ağrısı ilə yazdım. Xocalı qatillərinə qarşı hər zaman içimdəki qəzəb vulkan kimi püskürməyə hazırdır. O məşum hadisə barədə düşünəndə insanın damarında qanı donur.

Xocalı, təkcə Azərbaycanın, türk dünyasının deyil, bütün bəşəriyyətin faciəsidir. Yazdığım kitabın məramı budur ki, Xocalı qatilləri mütləq layiqli cəzalarına çatacaqlar. Belə faciələr dünyanın heç bir yerində bir daha təkrarlanmamalıdır.

Yeri gəlmişkən, Xocalı soyqırımı­na həsr olunmuş kitaba görə erməni millətçiləri tərəfindən dəfələrlə kəskin hədələrə və təzyiqlərə məruz qal­mışam. Lakin, bunlar məni heç vaxt qorxutmayıb və bu gün də qorxutmur, çünki olanları qələmə almışam.

– İkinci Qarabağ müharibəsi za­manı Azərbaycan torpağında gedən ağır döyüşlərə sadə qazaxların münasibəti necə idi?

– Fəxrlə qeyd etmək lazımdır ki, Qazaxıstanda Azərbaycan xalqının Qarabağ torpaqlarının geri qaytarıl­ması uğrunda ədalətli mücadiləsini böyük həyəcanla izləyirdilər. Qazax xalqı birmənalı olaraq Azərbaycanın yanındadır!

Azərbaycanın igid əsgər və zabitlərinin haqq-ədalət savaşında nümayiş etdirdiyi şücaətlər şəxsən mənim qəlbimdə sonsuz qürur hissləri doğururdu. Mən Azərbaycanda baş verən proseslər barədə Qazaxıstan mətbuatında tez-tez yazır, televiziya­larda çıxışlar edirdim.

Qarabağın hər bir kəndi, şəhəri düşməndən azad olunduqca, elə bi­lirdim ki, bütün dünyanı mənə verirlər. Şuşanın azad olunması müjdəsini eşidəndə isə lap çox sevindim, üz-gözümdən göz yaşları axdı. Bu, əlbəttə, sevinc göz yaşları idi!

Mən Azərbaycanın Qarabağdakı zəfəri, Şuşanın fəthi barədə hər yerdə, ən müxtəlif auditoriyalarda böyük həvəslə söz açıram. Bu gün isə bir daha qəlbimdən dilimə axan sözləri iz­har etmək istəyirəm. Bəli, Azərbaycan əsgəri yenilməz və qüdrətlidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdırıb. Fateh Prezidentə eşq olsun, deyirəm! Azərbaycanın Qarabağda­kı zəfəri bütün türk dünyasının tarixi qələbəsidir.

2020-ci ilin dekabrında Bakıda “Azadlıq” meydanında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Qələbə paradı keçirildi. Həmin gün özümü Bakıya çatdırmaq, paradı öz gözlərimlə görməyi çox arzulayırdım. Təəssüf ki, pandemiya səbəbindən hava yolları bağlı olduğu üçün gələ bilmədim. Bu səbəbdən çox mütəssir olmuşdum.

Eyni zamanda, bu möhtəşəm tədbirə internet vasitəsi ilə sonsuz maraqla baxmışam. Azərbaycan və Türkiyə prezidentlərinin parad iştirakçıları qarşısındakı olduqca səmimi və qürurlu çıxışlarından çox təsirlənmişdim. Ulu babalarımız necə də müdrikcəsinə deyiblər: Güc birlikdədir. Həqiqətən, belədir!

– “Qarabağ: evə uzun yol” kitabınızı Azərbaycan xalqının İkinci Qarabağ müharibəsindəki parlaq qələbəsinə həsr edibsiniz, deyilmi?

– Düzgün qeyd edirsiniz. Mən həcmi 500 səhifəyə yaxın olan bu kitabı Azərbaycanın Vətən savaşın­dakı ədalətli mücadiləsindəki parlaq qələbəsindən ilhama gələrək cəmi 3 aya yazmışam. Qardaş Azərbaycanın Vətən müharibəsindəki böyük uğuru məndə elə bir coşqu yaratmışdı ki, həmin günlər ərzində , demək olar ki, səhərdən axşamadək işləyir və yorul­maq bilmirdim.

Kitabda Azərbaycanın ayrılmaz parçası olan qədim Qarabağın tarixi, ermənilərin Azərbaycana qarşı əsassız torpaq iddiaları, onların işğal etdikləri ərazilərdə törətdikləri vəhşiliklər, nəhayət, Azərbaycan əsgərinin, zabi­tinin Vətən müharibəsindəki qeyri-adi hünərindən bəhs etmişəm.

Ötən ilin payızında kitabın Almatı­da geniş təqdimat mərasimi keçirildi. Sonrakı günlərdə Qazaxıstanın başqa şəhərlərində belə müzakirələr keçirilib.

– Bildiyimə görə, Almatıdakı tədbirdə görkəmli qazax şairi Oljas Süleymenov da iştirak edib.

– Xalqımızın böyük və sevimli şairi Oljas Süleymenov tədbirdə həvəslə iştirak etdi, kitabın yüksək məziyyətləri barədə danışdı, kitabın hazırlanması üçün çəkilən əməyə, görülən işə böyük dəyər verdi. Məxsusi olaraq qeyd etdi ki, dost və qardaş Azərbaycan xalqı 44 günlük savaşda haqlı mücadilə aparıb, Qarabağda tarixi ədaləti bərpa edibdir.

Yeri gəlmişkən. böyük şair tədbirdə ötən ilin yayında Bakıya gəlişi, Prezi­dent İlham Əliyevin onu qəbul etməsi və avqustun 12-də Azərbaycanın ali mükafatı – “Şərəf” ordenini ona şəxsən təqdim etməsi barədə də dərin minnətdarlıq hissilə söz açdı.

– Nasiha xanım, sirr deyilsə, Azərbaycana budəfəki gəlişiniz nə ilə bağlıdır?

– Budəfəki gəlişimin əsas məqsədi “Qarabağ: evə uzun yol” kitabım ilə bağlı geniş oxucu auditoriyalarında təşkil olunan müzakirələrdə şəxsən iştirak etməkdir. Bu, çoxsaylı oxucu­lardan gələn təşəbbüsdür və məni çox məmnun etmişdir.

Kitabın müzakirələri son dərəcə böyük uğurla keçir. AMEA-nın bir çox elmi-tədqiqat institutlarında, Bakı Dövlət Universitetində, paytaxtın, Sumqayıtın, Gəncənin bir çox elm və təhsil məktəblərində təşkil olunan müzakirələrdə oxucular əsərlə bağlı dəyərli rəy və təkliflərini bildiriblər.

Fəxrlə bildirmək istəyirəm ki, müzakirələrdə gənclərin fəal iştirak etmələri məni xüsusilə sevindirdi. Yaxşı haldır ki, Azərbaycan gəncliyi öz tarixinə hörmətlə yanaşır və haqlı olaraq qürur duyur.

– Əvvəlki kitablarınızda yazıb­sınız ki, ən böyük arzunuz Şuşanı ziyarət etməkdir. Bu arzunuz çin oldumu?

– Bu il aprelin 16-da mənə Şuşanı öz gözlərimlə görmək nəsib olubdur. Bu, mənim həyatımın ən xoşbəxt anları idi.

Şuşa mənim təsəvvür etdiyimdən də qat-qat gözəl və ecazkardır. Onun elə bir qeyri-adi aurası var ki, bura bir dəfə gəlmək istəyən, mütləq bir də gəlmək istəyir.

Sonda bir məqamı da vurğulamaq istəyirəm. Mən bu dəfə Bakıda, Sum­qayıtda, Gəncədə öz təşəbbüsümlə Vətən müharibəsinin şəhidlərinin ailələrini, onların məzarlarını ziyarət etmişəm, çox sayda qazilərlə görüşmüşəm. Bu görüşlərin hər biri qəlbimdə silinməz izlər qoyubdur. Bu barədə, əlbəttə, yazacağam.

Qazaxıstanlı zabit Erbola Barımbəyov İkinci Qarabağ müharibəsində iştirak etmək üçün könüllü olaraq Qarabağa gəlmiş, azərbaycanlı igidlərlə çiyin-çiyinə bir çox ağır döyüşlərdə iştirak etmiş, bu döyüşlərin birində qəhrəmancasına şəhid olmuşdur. Məzarı Bakıdakı İkinci Şəhidlər xiyabanındadır. Əlbəttə, həmyerlimin üzərini daim gül-çiçək bəzəyən qəbrini də böyük fəxarət hissilə ziyarət etmişəm, ora tər güllər düzmüşəm. Allah bütün şəhidlərə rəhmət eləsin!

PS. Müsahibim söhbətin sonun­da iki gündən sonra Almatıya uçaca­ğını, bu dəfə də dost Azərbaycandan qardaş Qazaxıstana “özü ilə bərabər bir qucaq sevgi” aparacağını dedi.

Söhbəti qələmə aldı: Məsaim ABDULLAYEV,

“Xalq qəzeti”

19 May 2022 09:30 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə