Ən son xəbərlər
Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının (ICOM) 11-ci konfransında təsis edilən həmin gün 1978-ci ildən etibarən dünyanın əksər ölkələrində əlamətdar hadisə kimi qeyd edilir.
Muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərmək, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək etmək məqsədilə təsis olunmuş əlamətdar gün ICOM-un təşəbbüsü ilə hər il müəyyən deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” (Muzeylər ətrafımızdakı dünyanı dəyişmək gücünə malikdir) devizi altında qeyd olunur.
Hər il olduğu kimi, bu il də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı” günü təşkil olunub.
Dünən muzeyi çoxsaylı orta məktəb şagirdləri, müxtəlif ali məktəblərdən olan müəllim və tələbə heyəti, ölkədə müvəqqəti məskunlaşan əcnəbilər ziyarət ediblər. Onlara Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, muzeydə yer alan eksponatlar və mühüm ədəbi faktlar barədə ətraflı məlumat verilib.
Beynəlxalq Muzeylər Günündə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə gələnlərin sayı 3000 nəfərə yaxın olub.
Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə