Ən son xəbərlər
Fransa Prezidenti Emmanuel Makron ilə ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub. Liderlər Rusiya– Ukrayna cəbhəsində mövcud vəziyyəti müzakirə ediblər. Bu barədə UNİAN agentliyi Yelisey sarayının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Xəbərdə sonra deyilir ki, Fransa lideri Ukraynanın Avropa İttifaqına üzvlük müraciətinə iyun ayında baxılacağını bildirib. Fransa Prezidentinin sözlərinə görə, Ukraynanın Avropa İttifaqına daxil olmaq ərizəsinə Avropa Komissiyasının verdiyi rəy əsasında iyunda Avropa Şurasında baxılacaq. Ukrayna lideri buna görə minnətdarlıq edib. Emmanuel Makron, həmçinin Ukraynaya silah tədarükünü davam etdirəcəyinə söz verib.
Xatırladaq ki, rəsmi Kiyev ölkənin Avropa İttifaqına və Şimali Atlantika Alyansına üzv olmasını arzulayır və bu məqsədlə dəfələrlə həmin qurumlara rəsmi müraciətlər ünvanlayıb. Hələlik, Ukraynanın NATO üzvlüyü məlum səbəblər üzündən gündəmdə deyil. Lakin bu ölkənin Avropa İttifaqına üzvlüyü artıq təşkilatın əksər üzvləri tərəfindən, o cümlədən Fransa tərəfindən dəstəklənir.
Mahmud QƏRİBOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə