Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DSX: Külli miqdar narkotik vasitənin dövlət sərhədindən keçirilməsi cəhdlərinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlər Dövlət Sərhəd Xidmətinin (DSX) “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 106 kiloqram 495 qram olan narkotik maddələrin və 4000 ədəd psixotrop tərkibli həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, mayın 12-də saat 00:30 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkarlanıb. Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.

Həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə kolluqların arasında gizlədilmiş bağlamanın içərisində təxmini çəkisi 9 kiloqram 400 qram narkotik vasitə - marixuanaya bənzər maddələr aşkarlanaraq götürülüb.

Mayın 15-də saat 02:20 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Abasallı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 4 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulduğunu müəyyənləşdiriblər.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, sərhəd pozucularının təqibinə başlanılıb. Sərhəd naryadı tərəfindən “Dayan!” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçılar əllərindəki bağlamaları yerə ataraq relyefin mürəkkəb, ərazinin sıx kolluq olmasından istifadə edərək geriyə - İran İslam Respublikası istiqamətinə qaçıblar.

Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 4 ədəd bağlamanın içərisində ümumi çəkisi 79 kiloqram 595 qram olan narkotik vasitə (45 kq 580 qram heroin, 27 kiloqram 940 qram marixuana, 3 kiloqram 665 qram metamfetamin, 2 kiloqram 410 qram tiryək) və psixotrop tərkibli 4000 ədəd “metadon-40” həbi aşkarlanaraq götürülüb.

Mayın 17-də saat 01:40 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Alçabulaq kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkarlanıb.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, xidməti itlər cəlb edilməklə sərhəd pozucularının axtarışı həyata keçirilib. Həmçinin hadisə yeri və yaxın ərazilər nəzarətə götürülüb.

Sərhəd naryadı tərəfindən “Dayan!” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, cinayətkarlar əmrə tabe olmayaraq silahlı müqavimət göstərib və avtomat silahdan atəş açaraq sərhədçilərin həyatına qəsdə cəhd ediblər.

Sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunun tələblərinə uyğun olaraq, silah tətbiq edilib. Qaçaqmalçılar əllərindəki bağlamaları yerə ataraq ərazinin sıx meşəlik, dağlıq və hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri İran ərazisinə qaçıblar.

Ərazidə aparılmış axtarış tədbirləri zamanı qaçaqmalçılar tərəfindən atılmış 3 bağlamanın içərisində ümumi çəkisi 17 kiloqram 500 qram olan narkotik vasitə, atışa hazır vəziyyətdə olan AKM-74 markalı silah, 20 patron, gecəgörmə cihazı və 40 qutu “KENT” markalı siqaret aşkarlanaraq götürülüb.

Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hadisə yerinə yaxın ərazidə bir nəfər Azərbaycan vətəndaşı şübhəli şəxs qismində saxlanılıb. Hazırda həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilir.

Faktlarla bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

18 May 2022 15:06 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə