Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarşılıqlı əlaqələrin inkişafında parlamentlərimiz mühüm rol oynayır

Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisi sədrinin müavini Əli Nikzad ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Milli Məclisin Sədri Sahibə Qafarova nitqində ölkəmizin İranla ikitərəfli və çoxtərəfli formatda əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu deyib. Ötən il İrana səfərindən danışan spiker həmin səfər çərçivəsində keçir­diyi görüşləri və aparılan danı­şıqları məmnunluqla xatırlayıb. Qeyd edilib ki, iki ölkə arasında dost və mehriban qonşuluq münasibətləri var.

İranla parlamentlərarası əlaqələrdən danışan Milli Məclisin Sədri diqqətə çat­dırıb ki, qarşılıqlı əlaqələrin inkişafında parlamentlərimiz mühüm rol oynayır. Deputat­larımız tərəfindən müntəzəm olaraq qarşılıqlı səfərlər həyata keçirilir. Hər iki ölkənin qanunvericilik orqanlarında fəaliyyət göstərən işçi qrupları parlamentlərimiz arasında körpü yaradır.

Söhbət zamanı Milli Məclisin Sədri Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbədən sonra region­da yeni yaranmış vəziyyət haqqında məlumat verərək deyib ki, münaqişə başa çatdıqdan sonra Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində genişmiq­yaslı yenidənqurma və bərpa dövrü başlayıb, regionda yeni reallıq yaranıb.

Dost və qonşu ölkəyə səfər etməkdən məmnunluğunu bildirən İran İslam Şurası Məclisi sədrinin müavini Əli Nikzad İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assamb­leyasının Üçüncü Ümumi Konfransının Azərbaycanda yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə təşəkkürünü bildirib. Qonaq Milli Məclisin sədrinin başçılığı ilə ötən il Azərbaycan parla­ment nümayəndə heyətinin İrana səfərini və keçirilən görüşlərin əhəmiyyətini yüksək dəyərləndirib. İran parlamentinin vitse-spikeri parlamentlərarası əlaqələrin inkişafının ümumi məqsədlərə xidmət etdiyini bildirib, nümayəndə heyətlərinin qar­şılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı Əli Nikzad Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin tezliklə bərpa olunacağına və məcburi köçkünlərin öz doğma yurdla­rına qayıdacaqlarına inamını ifadə edib.

Görüşdə tərəfləri maraqlan­dıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

17 May 2022 23:53 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə