Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri Avrasiyada sülh, təhlükəsizlik və inkişafa yönəlmiş fundamental strategiyadır

Ötən əsrin sonlarından başlayaraq bütün dünyanı təhdid edən münaqişələrin baş verməsi, onların dondurulmasına edilən cəhdlər və həllinə törədilən əngəllər müasir dövrdə daha böyük təhlükələrin meydana çıxmasına zəmin yaratdı. Bütün dövrlərdə böyük dövlətlərin maraqlarının toqquşduğu Anadolu və Qafqazda isə hazırda tamamilə fərqli bir mənzərənin şahidi olmaqdayıq. Azərbaycanla Türkiyə arasında uğurla inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələr regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Fəxrlə deyə bilərik ki, hazırda bölgəmiz bütün dünyada ikitərəfli və çoxşaxəli münasibətlərə örnək bir regionuna çevrilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu rəşadətli Zəfər qazanaraq 30 illik işğala son qoymaqla beynəlxalq ədaləti bərpa etməsi böyük bir coğ­rafiyada əməkdaşlıq, qarşılıqlı fay­dalı münasibətlər kontekstindən yeni mənzərə yaradıb. Bu siyasi təntənənin təməlində Azərbaycan–Türkiyə qar­daşlıq münasibətləri, qarşılıqlı faydalı əməkdaşlıq, liderlərimizin birgə qərarları və davamlı olaraq həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələr daya­nır. Yaranmış yeni münasibətlər sferası özündə iki mühüm amili ehtiva edir: əvvəla “3+3” formatında əməkdaşlıq təşəbbüsü region dövlətlərinin hamısı üçün bərabərhüquqlu inkişaf imkanları yaradıb və dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən dəstəklənir. İkincisi, mövcud vəziyyət türk dünyasının, onun inteqrasiya və birliyinin tərəfdarı olan dövlətlərin münasibətlərində kompleks inkişaf üçün cəlbedicilik formalaşdırıb. Hər iki vəziyyət qarşısıalınmaz proseslər kimi dinamik inkişafdadır.

Qarabağ Zəfəri qardaş ölkələrimizin tarixi səhifələrinə nur saçır

Qürurverici, əlamətdar hadisə və bö­yük fəxrdir ki, İkinci Qarabağ savaşında qazanılan Zəfər Türkiyə ictimaiyyətində Azərbaycana sevgini zirvələrə yüksəldib. İstər dövri mətbuatda, istərsə də elmi araşdırmalarda Qarabağda qazanılan Qələbə Çanaqqala Zəfəri, Sakarya zabitlər döyüşü, Qafqaz İslam Ordu­su ilə Azərbaycan Xalq Cümhuriyyəti silahlı qüvvələrinin birgə mübarizəsi nəticəsində Bakının qurtuluşu, Os­manlı Şərq Ordusunun Naxçıvanda həyata keçirdiyi milli qurtuluş hərəkatı kimi tarixi hadisələrlə müqayisə olunur. Əlbəttə ki, bütün bu qürurverici tarixi anlar xatırlanarkən hazırda Türkiyənin gücünə güc qatan qüdrətli Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf və tərəqqi strategiyası məmnuniyyətlə xatırlanır, ulu öndərin parlaq şəxsiyyətinin qardaş ölkədə də həmişəyaşarlığının şahidi oluruq.

2020-ci sentyabrın 27-də işğalçı Ermənistanın növbəti hərbi təxribatları nəticəsində başlayıb 44 gün da­vam edən İkinci Qarabağ savaşında Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş dövlətin, onun hökumətinin və xalqının Azərbaycana göstərdiyi siyasi mənəvi dəstək yalnız işğal altındakı torpaqlarımızın azadlı­ğının deyil, eyni zamanda, Türkiyənin qətiyyətli mövqeyinin təntənəsidir. Bütün dünya, eləcə də bölgəmizdə strateji maraqları olan bütün tərəflər bir daha əmin oldular ki, mövzu vətənin təhlükəsizliyi, torpaqların bütövlüyü, qar­daş hüququnun qorunması olanda, belə məsələlər Türkiyədə müzakirə olunmur, yalnız qətiyyətli qərarlar qəbul edilir. Bəli, Qarabağ Zəfəri iki qardaş dövlətin və xalqın birlik təntənəsidir. Bu Zəfər qardaş dövlətlərimizin tarixi səhifələrinə nur saçır.

Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi Avrasiyada sülh və təhlükəsizliyə zəmin yaradır

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra qardaş Türkiyənin təcrübə və imkanlarından istifadə etməklə silahlı qüvvələrin inkişafı proritet məsələyə çevrilib. Bu istiqamətdə başlı­ca məsələlər aşağıdakılardır:

-Müdafiə sənayesi sahəsində əməkdaşlıq və birgə layihələr;

-Kadr hazırlığı;

-Birgə hərbi təlimlər və s.

Əlbəttə, yuxarıda sadalanan amillərin hər biri vacib və digərinin inkişafı üçün tamamlayıcı olsa da, iki qardaş müttəfiq ölkə arasında hərbi əlaqələrin inkişa­fına təkan verən ən önəmli amillərdən biri birgə hərbi təlimlərin keçirilməsidir. Buna misal olaraq, “EFES”, “Anadolu Ankası”, “Qış Təlimi”, “Anadolu Uldu­zu”, “Erciyes-2019”, “Anadolu Qartalı”, “Mustafa Kamal Atatürk”, “Sarsılmaz Qardaşlıq”, “TurAz Qartalı-2019”, “TurAz Qartalı-2020” və “Heydər Əliyev-2020”, Konyada keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimlərini göstərmək olar.

Bununla yanaşı, Bakıda “ADEX-2014, “ADEX-2016”, “ADEX-2018”, İstanbulda isə “IDEF-2017”, “IDEF-2019” və “IDEF - 2021” beynəlxalq müdafiə sənayesi sərgilərinin təşkili hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafına təkan verib. Bu baxımdan, 2020-ci il iyul ayının sonundan baş­layan genişmiqyaslı “TurAz Qarta­lı-2020” birgə taktiki-uçuş təlimləri təkcə Azərbaycan Ordusunun güclənməsinə deyil, eyni zamanda, bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlib.

Tərəflər arasında hərbi əməkdaşlığın digər vacib tərəfi müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsidir. Bütün bu və digər təlimlərin hər biri yüksək peşəkarlıqla başa çatıb. Bu hərbi əməkdaşlıq 44 günlük Vətən müharibəsində öz real nəticəsini göstərdi. Müdafiə sənayesi sahəsində əməkdaşlıqdan bəhs edərkən sözsüz ki, İkinci Qarabağ müharibəsində hərb tarixində dastan olan Türkiyənin pilotsuz uçuş aparatlarının adı öndə getməlidir.

Liderlik xüsusiyyətləri Zəfərə aparan yolun təməlidir

Otuz il dağıdılıb məhv edilən ərazilərdə Qarabağ Zəfərindən son­ra Azərbaycanın başladığı quruculuq və bərpa işləri dövlətimizin apardığı siyasətin əyani təzahürüdür. Əlamətdar haldır ki, Azərbaycanın ərazi bütövlüyü­nün bərpasına daim öz məsələsi kimi yanaşan qardaş Türkiyə işğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işlərinin aparılmasında da ölkəmizlə çiyin-çiyinədir. Prezident İlham Əliyevin dediyi kimi: “Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, orada həm heyvandarlıqla çox genişmiqyas­lı məşğul olmaq olar, xüsusilə Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan rayonlarında, həm də əkinçiliklə daha çox Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və eyni zamanda, Zəngilan, Qubadlı rayonlarında. Azad edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan rayonunda yaradılır. Keçən il mən qarda­şım, Türkiyə Cümhuriyyətinin Prezidenti ilə birlikdə “DOST Aqropark” adlandırılan aqroparkın təməlini qoyduq”.

Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, sonra Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi əbədi və dönməzdir. Bu qardaşlıq və müttəfiqlik Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın polad kimi möhkəm liderlik iradəsindən qaynaqlanan da­vamlı birlik və inkişaf strategiyasının təntənəsidir.

Ötən il iyunun 15-də Şuşa şəhərində imzalanan Azərbaycan və Türkiyə ara­sında müttəfiqlik münasibətləri haqqında Bəyannamə iki qardaş ölkənin birlik və həmrəyliyinin tərənnümü olmaqla bərabər, özündə üç mühüm tarixi ehtiva edir: Birincisi, bu Bəyannamə tarixi Qars müqaviləsini yeni çalarlarla təsdiqlədi; İkincisi, bu sənəd ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını özündə yaşadan Milli Qurtuluş Günündə imza­landı; Üçüncüsü isə iki qardaş lider tarixi sənədə Qafqazın incisi, türk dünyası­nın qeyrət qalası sayılan Şuşada imza atdılar.

Hazırda davamlı inkişafda olan Azərbaycan-Türkiyə münasibətləri bütün beynəlxalq təşkilatlarda olduğu kimi, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi beynəlxalq və regi­onal təşkilatlar, həmçinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Ko­missiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə, Azərbaycan-Türkiyə Qarışıq Komis­siyası kimi mexanizmlər çərçivəsində genişlənməkdə və möhkəmlənməkdədir.

Zəngəzur dəhlizini həyat yoluna çevirən gerçəklər

Bəhs etdiyimiz kimi, İkinci Qa­rabağ müharibəsində qazanılan rəşadətli Qələbə əməkdaşlıq və faydalı münasibətlər baxımından Azərbaycana və Türkiyəyə olan geosiyasi ehtiyacı əhəmiyyətli dərəcədə artırıb. Məhz bu Qələbə nəticəsində artıq beynəlxalq platformalarda münaqişədən deyil, əməkdaşlıq və inkişafdan danışılır ki, bu mövzuda ön sırada Zəngəzur dəhlizi dayanır. Əvvəla qeyd etmək lazımdır ki, böyük müdrikliklə mehriban qonşu­luq və səmimi dostluq siyasəti yürüdən Prezident İlham Əliyev qonşu İranla münasibətləri dinamik inkişafda saxla­maqla, Zəngəzur dəhlizinin reallaşması üçün mühüm uğura nail oldu. Bu nəhəng siyasətin real nəticəsi olaraq bu il martın 11-də Azərbaycan ilə İran arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçı­van Muxtar Respublikası (MR) arasında yeni kommunikasiya xətlərinin yaradıl­ması haqqında Anlaşma Memorandumu da imzalandı. Memoranduma əsasən Araz çayı üzərində iki avtomobil (piya­da keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturu­nun tikintisi nəzərdə tutulur.

Yuxarıda qeyd etdiyimiz mühüm anlaşma Zəngəzur dəhlizinin açılma­sının alternativsizliyinin təsdiqidir. Əks halda, Ermənistan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars boru kəmərləri, TANAP kimi layihələrdən məhrum edildiyi kimi, perspektivdəki yeni layihələrdən də təcrid olunmuş vəziyyətə düşə bilər.

Zəngəzur dəhlizi Avrasiyada məkanında inkişaf və tərəqqi yolu seçən bütün ölkələr üçün həm milli, həm də beynəlxalq əhəmiyyətli layihədir. Ən azı ona görə ki, bu dəhliz bütün tərəflərə ra­hat və qısa, təhlükəsiz daşımalar, inkişaf və tərəqqi, turizm və çoxmədəniyyətli ünsiyyət vəd edir. Bu dəhlizin açılması Avrasiyada əməkdaşlıq imkanlarını genişləndirəcək və geniş bir coğrafiyanın cəlbediciliyini artıracaq ki, bunun üçün də Azərbaycan və Türkiyə arasında əməkdaşlıq münasibətləri çox mühüm əhəmiyyət kəsb edir.

Müasir informasiya məkanında dayanaqlı dəstək

Azərbaycan və Türkiyə media sahəsində də uğurla əməkdaşlıq edirlər. Beynəlxalq informasiya məkanında təkcə Azərbaycanın deyil, bütün türk dünyasının xəbər carçısına çevrilən Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Türkiyənin Anadolu Agent­liyinin ən yaxın və etibarlı tərəfdaşıdır. AZƏRTAC ilə Anadolu Agentliyi arasın­da sıx tərəfdaşlıq əlaqələri nümunəvi örnəyə çevrilib. Agentliklərimiz beynəlxalq informasiya qurumlarında bir-birini daim dəstəkləyir.

Bu iki agentlik təkcə qar­daş ölkələrimiz arasında deyil, ümumilikdə türk dünyası dövlətləri arasında media sahəsində əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Məlum olduğu kimi, mayın 14-də İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək səviyyəli rəsmilərinin 4-cü toplantısı keçirildi. Tədbirdən sonra Anadolu agentliyinin Baş direktoru və İdarə Heyətinin sədri Sərdar Karagöz AZƏRTAC ilə birlikdə türk dün­yası xəbər agentlikləri birliyini yaradacaq­larını bildirərək dedi: “Bu, olduqca vacib­dir. Sadəcə, bir-birimizə foto, video, xəbər ötürülməsi baxımından deyil, türk dünya­sının, ictimaiyyətinin bir-birinə yaxınlaş­ması və türk mədəniyyətlərinin bir-biri ilə daha yaxın olması baxımından da xəbər agentlikləri birliyini olduqca əhəmiyyətli hesab edirik. Anadolu Agentliyi bunun liderliyini AZƏRTAC-la birgə həyata keçirir ki, bundan da çox məmnunuq. Bu, eyni zamanda, cəmiyyətlərimizin daha yaxından ünsiyyətdə olmasına dəstək verəcək”. Bu fikirlər bir daha göstərir ki, artıq türk dövlətləri müasir informasiya məkanında qarşılıqlı faydalı dayanıqlı dəstəyi milli ehtiyac kimi qəbul ediblər və bu prosesdə əsas rolu məhz qardaş ölkələrimizin - Azərbaycanın və Türkiyənin milli informasiya agentlikləri öz üzərilərinə götürürlər.

İqtisadiyyat, ticarət, elm, təhsil və digər sahələrdə qarşılıqlı əməkdaşlıq

Eyni zamanda, qeyd etməliyik ki, Azərbaycan ilə Türkiyə arasında iqtisa­diyyat, ticarət, elm və təhsil kimi vacib sahələrdə də dinamik inkişaf mövcuddur. Xüsusilə nəqliyyat və kommunikasiyada sahələrində nəhəng layihələr böyük bir coğrafiyada həyatı sürətlə dəyişir. Xarici sərmayənin ölkəyə cəlb edilməsi, yerli istehsalı artırmaq, ixracatı yüksəltmək sahələrindəki tədbirlər böyük nəticələr verməkdədir. Yeni texnologiyalara milli istehsalın gücü ilə nail olmaq hər iki ölkə üçün prioritet istiqamətlərdir.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin iqtisadi vəziyyətini belə şərh edib: “Yerli və xarici sahibkarların Türkiyəyə investisiya yatırma istəkləri dur­madan artır. Ölkədə məşğulluq səviyyəsi 30 milyonu keçib. Ölkənin sənaye isteh­salı və ixracı hər ay yeni rekordlara imza atır. 2021-ci ili 225 milyard ABŞ dolları məbləğində ixracla bağladıq və bu il üçün daha böyük hədəflər qoyduq. Aprel ayı etibarilə 12 aylıq ixracatımız 240 milyard dolları keçib. Enerji istisna olmaqla, ixra­cımızın idxala nisbəti 100 faizi ötüb. İyirmi il əvvəl 365 gündə cəmi 36 milyard dollar ixrac edə bilən Türkiyə bu gün bu rəqəmi 30-35 gündə reallaşdıra biləcək səviyyəyə çatıb. İlin sonunda 250 milyard dollarlıq hədəfimizə doğru əmin addımlar atırıq”.

İqtisadi sahədəki sıçrayışlı inkişafın daha bir real təzahürü kimi Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə mayın 14-də açılışı keçirilən Rizə-Artvin Hava Limanının istifadəyə verilməsidir. Azərbaycan dövlət başçısı­nın çıxışından bir məqama diqqət edək: “Bu hava limanının açılışı Türkiyədə gedən çox xoş və uğurlu inkişafın təzahürüdür. Qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunun təməlində aparılan siyasət, əziz qardaşımın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasın­da böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadirdir. Bunların arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və bütün bu işlərin mərkəzində insan amili dayanır, dövlət siyasəti dayanır”.

Azərbaycan-Türkiyə münasibətləri kifayət qədər çoxşaxəli və genişmiqyas­lıdır. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, Azərbaycan-Türkiyə qar­daşlığa, dostluğa və strateji müttəfiqliyə əsaslanır. Əminliklə söyləmək olar ki, son zamanlar iki ölkənin müxtəlif sahələrdə birgə həyata keçirdikləri layihələr Azərbaycan ilə Türkiyə arasında münasibətləri daha yüksək səviyyəyə yüksəldəcək.

Sabir ŞAHTAXTI

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

17 May 2022 23:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə