Ən son xəbərlər
“Azərbaycan–Türkiyə əlaqələri yüksələn xətlə inkişaf etməkdədir. İki qardaş ölkə arasında münasibətlərdə davamlı olaraq yeni parlaq səhifələr açılır. Siyasi, iqtisadi və mədəni əlaqələr, nəqliyyat, ticarət, enerji, təhsil, səhiyyə sahəsində gerçəkləşdirilən irimiqyaslı layihələr əməkdaşlığımızı yüksək səviyyəyə çatdırıb”. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkə mediasına bu açıqlamasının davamında bildirib:
– Azərbaycan–Türkiyə əlaqələrinin bu strateji əməkdaşlıq səviyyəsinə çatması, təbii ki, hər iki ölkənin dövlət başçılarının davamlı səyləri, xüsusi xidmətlərilə mümkün olub. Xatırladım ki, möhtərəm Prezidentimiz İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə Türkiyəyə birmənalı dəstəyini ifadə edir. Eyni münasibəti qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğan da sərgiləyir. Bu, dövlətlərimiz və xalqlarımız arasında mövcud olan həmrəyliyin və birliyin təcəssümüdür. Azərbaycanla Türkiyənin əməkdaşlıq əlaqələri dünyada nadir müttəfiqlik nümunəsidir. Münasibətlərimizin daha da dərinləşməsində ötən il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsini xüsusi olaraq qeyd etmək istərdim. Bəyannamədəki bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatı üçün əlverişli imkan yaradır.
Vətən müharibəsi dövründə qardaş ölkənin mənəvi və diplomatik dəstəyini isə heç zaman unutmaq olmaz. Əks-hücum əməliyyatları başlayan ilk saatlardan cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türkiyə xalqının bizi dəstəkləməsi, sözün həqiqi mənasında, təmənnasız qardaşlığın sarsılmaz gücünü bütün dünyaya göstərdi. Türkiyənin dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bu, tarixə düşmüş böyük qardaşlığın ən parlaq səhifəsi idi.
Dövlət başçılarının qarşılıqlı səfərlərini xatırladan Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan və Türkiyə şad gündə də, dar gündə də hər zaman biri-birinin yanındadır:
– Cənab Rəcəb Tayyib Ərdoğanın 2020-ci il dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradında iştirak etməsi, işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfər etməsi, eləcə də Füzuli Beynəlxalq Hava Limanının açılışına qatılması ortaq sevincimizin təntənəsi idi. Bu gün bu münasibətlər bütün dünyaya nümunə olacaq səviyyədədir.
Bugünlərdə isə Türkiyədə Rizə – Artvin Hava Limanının açılış mərasimi keçirildi. Belə bir mötəbər tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin də ən mötəbər qonaq kimi iştirak etməsi, orada çıxış edərək hava limanının işinə uğurlar arzulaması, qardaş xalqa xeyir-dua verməsi münasibətlərimizin yüksək səviyyəsini nümayiş etdirən ən önəmli hadisələrdən biri oldu.
Həmin təntənədə iki ölkə arasındakı münasibətlərin indiki zirvəyə çatmasından danışan dövlətimizin başçısı cənab İlham Əliyev Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni birgə layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək Rizə – Artvin Hava Limanının açılışında türk qardaşlarımızla bərabər olmaqdan məmnunluğunu ifadə etdi.
İnanırıq ki, davamlı olaraq reallaşdırılan bütün bu səfərlər, görülən işlər əlaqələrimizi daha da dərinləşdirəcək, əməkdaşlığımızı möhkəmləndirəcək. Qardaş ölkənin liderinin Azərbaycana növbəti səfərini isə hamımız səbrsizliklə gözləyirik.
R.TAHİR,“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə