Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dənizi dolduraraq inşa edilən beş hava limanının ikisi Türkiyədədir

Türkiyədə sayca 58-ci Rizə – Artvin Beynəlxalq Hava Li­manının açılışına Azərbaycan Prezidenti İlham Əliyevin dəvət olunması, iştirakı, bu tədbirdə ona olduqca yüksək diqqətin, hörmətin və ehtiramın göstərilməsi, Türkiyə – Azərbaycan stra­teji müttəfiqliyinin çox yüksək səviyyədə olduğunun bir daha bütün dünyaya bəyan edilməsidir. Azərbaycan – Türkiyə qardaş­lığı, müttəfiqliyi çox təbii əsaslar üzərində qurularaq inkişaf edir. Bu müttəfiqlik Şuşa Bəyannaməsi ilə bir daha möhkəmlənərək dünyaya açıq şəkildə yayılıb.

Açılış mərasiminin keçirildiyi məkanda Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşünü televiziyadan izlədik. Görüşdə dövlət başçıları energetika, nəqliyyat, ener­ji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq məsələlərini, həmçinin bölgədəki vəziyyəti müzakirə etdilər. Söhbət zamanı postmünaqişə dövrü, Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqələrin nor­mallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıldı. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının Prezident İlham Əliyevə ulu öndər Heydər Əliyevlə görüşlərini əks etdirən fotoları və üzərində “Qarabağ Fatehi” yazısı olan tapança hədiyyə etməsi dövlət başçımıza qardaş ölkənin bütün dairələrində yüksək ehtiram göstərilməsinin ifadəsidir.

Yenidən qardaş Türkiyə tor­pağında olmağından məmnunluq ifadə edən Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında bu münasibətə dəyər verərək dedi: “Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə – Azərbaycan birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik – xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatların­dan son gününə qədər mənim qarda­şım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi”.

İkinci Qarabağ savaşını müştərək, ortaq şanlı tarix adlandıran Prezident otuz illik işğala son qoyulduğunu bildirdi: “Savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” – deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər– Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq”.

Dövlət başçımız bu gün də bir yerdə olduqlarını, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışdıqlarını, bir çox Türkiyə şirkətlərinin, o cümlədən xariqə adlandırılan bu gözəl hava lima­nını inşa edən şirkətin də Qarabağda bərpa işləri ilə məşğul olduğunu, minlərlə türk qardaşımızın bu gün Qarabağın bərpası ilə bağlı iş gördüyünü, öz sö­zünü dediyini vurğuladı. Rizəyə ilk dəfə gəldiyini, bu diyar haqqında çox eşit­diyini, təyyarədə pəncərədən, həm də buradan seyr edərkən bu yeri cənnətə bənzətdiyini deyən dövlət başçımız Rizənin, Artvinin, Qara dəniz bölgəsinin gözəl, füsunkar təbiətinin böyük sərvət, amma ən böyük sərvətin bu bölgənin mərd, vətənpərvər, döyüşkən, Türkiyə Cümhuriyyətinin keşiyində duran insan­lar olduğunu bildirdi. Rizəlilərin mərasim yeri ilə bərabər ərazinin ətrafındakı yüksəkliklərə qalxaraq açılış mərasimini izləmələri, həm dövlət başçımıza olan sevgini, hörməti, həm də yaşadıqları şəhərdə beynəlxalq hava limanının açılı­şına sevindiklərini göstərirdi.

R.T.Ərdoğan çıxışında xalqa xidmət siyasətinin son nümunəsi olan bu hava limanının adi bir layihə olmadığını diqqətə çatdırdı. O, dünyada dəniz üzərində inşa edilən cəmi beş hava limanının fəaliyyət göstərdiyini, onun da açılışı edilən Rizə – Artvinlə birlikdə iki­sinin Türkiyədə olduğunu, hava limanla­rının sayının 26-dan 58-ə çatdırdıqlarını vurğuladı. Prezident çıxışında təhsil, səhiyyə, abadlaşdırma, yeni yaşıllıqla­rın və istirahət ocaqlarının yaradılması üçün də çoxsaylı layihələrin həyata keçirildiyini qeyd etdi. R.T.Ərdoğan hərtərəfli dövlət siyasəti sayəsində Türkiyənin inamla və qətiyyətlə irəlilədiyini, dünyanın ən güclü və beynəlxalq səviyyədə söz sahibi olan ölkələrindən birinə çevrildiyini vurğuladı. Türkiyənin bütün bölgələri kimi, Rizə və Artvinin də kompleks inkişafı üçün ardı­cıl tədbirlərin davam etdirildiyini söylədi. Qeyd edək ki, bu hava limanı dənizi doldurmaqla inşa edilib. Məlumdur ki, Rizə– Artvin bölgəsi Anadolu ərazisində ən mürəkkəb coğrafi relyefə malikdir. Türkiyədə həyata keçirilən regionların inkişafı və mövcud potensialdan daha səmərəli istifadə edilməsi strategiya­sına uyğun olaraq, yeni hava və dəniz limanlarının inşası, eləcə də dəmir yolu və avtomagistralların tikintisi, körpülərin salınması, tunellərin çəkilməsi mühüm istiqamətlərdəndir. Məhz bu strategiya sayəsində həyata keçirilən layihələr bütün növ daşımalarda əhəmiyyətli irəliləyişlər yaradıb.

Rizə –Artvin Hava Limanının istifadəyə verilməsi türk coğrafiyasının birləşməsi, Zəngəzur dəhlizinə daha bir həlqənin əlavə olunması baxımından əhəmiyyətli hadisədir. Xatırladaq ki, ha­zırda Türkiyədə mövcud olan 58 hava limanından 37-də beynəlxalq uçuşlar həyata keçirilir. Rizə –Artvin Hava Limanının bu sıraya daxil olması Qara dəniz sahili ölkələri ilə hava nəqliyyatı və gəmi – bərələrlə daşımalar və turizm üçün böyük imkanlar yaradır.

Açılış mərasimindəki görüş, çıxışlarda səsləndirilən fikirlər onu sübut edir ki, Azərbaycan – Türkiyə müttəfiqliyi hər iki qardaş dövlətin geostrateji hədəflərinə istiqamətlənib. Bu müttəfiqlik Azərbaycanı regionun güc mərkəzinə çevirməklə yanaşı, həm də Azərbaycanı dünya güclər tarazlıq sistemində öz yerini almasında ol­duqca əhəmiyyətli siyasi və geosiyasi hadisədir.

Aydın HÜSEYNOV,

Milli Məclisin deputatı

18 May 2022 00:46 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə