Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan–Türkiyə strateji müttəfiqliyi regional inkişaf baxımından mühüm önəm daşıyır

Azərbaycan və Türkiyənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında uğurla davam edən səmimi dostluq və qardaşlıq münasibətləri, tərəfdaşlığın genişləndirilməsinə verdikləri böyük önəm bu ölkənin Rizə-Artvin Hava Limanının açılış mərasimində bir daha öz təsdiqini tapdı. Prezident İlham Əliyev mərasimdəki çıxışında bu barədə ətraflı bəhs edərək, Türkiyə-Azərbaycan birliyinin sarsılmaz olduğunu vurğuladı və adıçəkilən hava limanının istifadəyə verilməsi mərasimini bu birliyin növbəti parlaq təzahürü kimi dəyərləndirdi. Dövlətimizin başçısı, həmçinin iki ölkənin hər zaman – istər xoş, istərsə də çətin günlərdə bir-birinin yanında olduğunu, İkinci Qarabağ savaşının ilk saatlarından son gününə qədər Rəcəb Tayyib Ərdoğan, qardaş Türkiyə xalqı tərəfindən Azərbaycana mənəvi-siyasi dəstək göstərildiyini bildirdi.

Ölkə rəhbərinin aşağıdakı sözləri isə Azərbaycan xalqının qardaş Türkiyəyə yönələn minnətdarlıq duyğuları kimi diqqət çəkdi: “İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və sa­vaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq”.

Türkiyə şirkətləri Vətən müharibəsindən sonra Qarabağın bərpasında da öz köməklərini əsirgəməyərək, respublikamız üçün strateji önəm daşıyan Zəfər yolunun inşasının başa çatdırılmasında səmərəli fəaliyyət göstəriblər. Onlar digər infrastruktur layihələrin icrasında və tarixi abidələrimizin bərpasında da Azərbaycana qardaşlıq köməklərini əsirgəməyiblər.

Azərbaycan Prezidenti İlham Əliyev Rizə–Artvin Hava Limanının açılış mərasimindəki çıxışında bu barədə deyib: “Bu gün də biz bir yerdəyik, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Bir çox Türkiyə şirkətləri, o cümlədən xarüqə adlandı­rılan bu gözəl hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Bizim minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir”.

Prezident İlham Əliyev çıxışında hava limanının açılmasını Türkiyədə gedən uğurlu quruculuğun təzahürü kimi qiymətləndirməklə bərabər, qardaş ölkənin gündən-günə gücləndiyini, sürətlə inkişaf etdiyini bildirib. Bu nailiyyətin təməlində isə Prezident Rəcəb Tayyib Ərdoğanın apardığı məqsədyönlü siyasətin dayandığını vurğulayıb. Dövlətimizin başçısı daha sonra deyib: “Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadirdir. Bunların arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava liman­ları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inki­şafını, gücünü göstərən amillərdir və bütün bu işlərin mərkəzində insan amili dayanır, dövlət siyasəti dayanır”.

Prezident İlham Əliyev nitqində Azərbaycan ilə Türkiyənin dünya miqyasında bir-birinə ən yaxın ölkələr olduğunu və bu dövlətlərin çox böyük sınaqlardan uğurla keçdiklərini də diqqətə çatdırıb: “Keçən il bizim qədim və tarixi şəhərimizdə – Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atala­rımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndən söz düşmüşkən, qeyd edim ki, bu mühüm sənəddə iki ölkə arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi perspektivləri diqqət mərkəzində saxlanılaraq, iqtisadi əməkdaşlığın gücləndirilməsi də önəmli vəzifələrdən biri­dir. Məhz elə bu məsələyə böyük əhəmiyyət verilməsinin məntiqi nəticəsidir ki, hazırda Türkiyə 4,5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Qardaş ölkə ilə iqtisadi əlaqələr getdikcə güclənir. Bu qonşu Türkiyədən idxalın artımında da özünü aydın göstərir.

Türkiyə Respublikası bütün sahələrdə oldu­ğu kimi, kənd təsərrüfatında da Azərbaycanın etibarlı tərəfdaşıdır. Hər iki dövlət aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçu­luq, baytarlıq, aqrar sığorta və digər sahələr üzrə sıx və səmərəli əməkdaşlıq edir. Kənd təsərrüfatı məhsulları üzrə qarşılıqlı ticarət əlaqələri getdikcə güclənir və bu sahədə ticarət dövriyyəsinin artırılması üçün birgə səy göstərilir. Azərbaycan Türkiyənin aqrar sahədə müasir texnologiyaların tətbiqinə dair təcrübəsindən yararlanmaqda da maraqlıdır.

Sevinc HÜSEYNOVA,

Milli Məclisin deputatı

18 May 2022 00:34 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə