Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Qarabağın bərpasında da Azərbaycanın ən yaxın müttəfiqidir

 Ermənistanın 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı və Vətən müharibəsində əldə edilən parlaq qələbə ilə azad edilən ərazilərimizdə tikinti işlərinə dövlət vəsaiti ilə yanaşı, yerli və xarici investisiya da cəlb edilir. Böyük quruculuq layihələrinə dost ölkələrin qoşulması siyasəti isə Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir.

Dövlətimizin başçısı çıxışlarında Qaraba­ğın bərpası məsələsinə toxunarkən, bu işə müharibə dövründə, habelə savaşdan sonra­kı mərhələdə Azərbaycanı fəal dəstəkləyən qardaş və dost ölkələrin cəlb edilməsinin diqqətdə saxlanılacağını bildirib.

Prezident İlham Əliyev bu barədə deyib: “Azad edilmiş ərazilərin qardaş ölkələrlə birlikdə bərpa olunması dövründə fəal qarşılıqlı əlaqələrimizə ümid edirəm. Mən artıq demişəm ki, ilk növbədə və təkcə ilk növbədə deyil, ümumiyyətlə, yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Dün­yada belə ölkələr çoxdur, lakin onların ara­sında elə ölkələr var ki, müharibə dövründə və müharibədən sonrakı dövrdə Azərbaycanı fəal dəstəkləyiblər…”.

Bərpa-quruculuq layihələrinin icrası başlayandan ötən müddətdə bu prosesdə Türkiyə şirkətlərinin fəaliyyəti daha çox diqqət çəkib. Qardaş ölkənin “Kolin İnşaat” özəl qurumunun Azərbaycandakı layihə rəhbəri Nihat Yıldırım erməni faşizminin yerlə-yeksan etdiyi yaşayış sahələrinin yenidən qurulmasında həvəslə çalışdıqlarını deyib. O daha sonra Əhmədbəyli- Horadiz-Mincivan-Ağbənd avtomobil və Horadiz-Mincivan- Ağbənd dəmir yollarının nəzərdə tutulan cədvəl üzrə aparıldığını bildirərək, vurğulayıb: “Avtomobil yolu 124 kilometr, dəmir yolu 114 kilometrdir. Hər iki yol Araz çayı boyunca Ermənistan sərhədinə qədər uzanacaq. Bu yol Ermənistan tərəfindən inşa olunacaq əlavə yolla və Naxçıvanın içərisindən keçən 170 kilometrlik yollarla İğdırdan Bakıya birbaşa ən əhəmiyyətli ticarət və turizm yolu olacaq”.

“Qarşımıza çıxa biləcək ən əsas problem ərazidəki minaların təmizlənməsidir. Buna görə də ərazinin minalardan təmizlənməsi bizim üçün çox vacibdir. Bu yolun inşası zama­nı heç bir işçimizin zərər görməsini istəmirik. Mina təmizlənməsi bitdikdən sonra bütün əməkdaşlarımızla yolun ən tez zamanda bitməsi üçün çalışaca­ğıq”,– N.Yıldırım vurğulayıb.

Xatırladaq ki, hazırda Qara­bağ və Şərqi Zəngəzurun bərpası prosesinə cəlb edilən Türkiyə şirkətləri Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşasın­da, eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə magistralın çəkilişində, digər infrastruktur layihələrinin icrasında, habelə tarixi abidələrimizin bərpasında səmərəli fəaliyyət göstərirlər.

Prezident İlham Əliyev Türkiyənin Qarabağın bərpasına böyük dəstək verdiyini daim xatırladıb. Dövlətimizin başçısı çıxışlarının birində bu barədə deyib: “Bu bölgələrin - Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün bizə ən çox dəstək verən yenə də qardaş Türkiyəmizdir. Türkiyənin bir çox şirkətləri bu gün bizim üçün çox önəmli infrastruktur layihələrində çalışırlar, – körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanları,– bütün bu işlərdə fəal iştirak edirlər. Hörmətli Cümhurbaşqanı ilə birlikdə açdığımız Füzuli Hava Limanının inşa­sında Azərbaycan şirkətləri ilə bərabər, 12 türk şirkəti iştirak etmişdir. Hesab edirəm, məhz buna görə biz hava lima­nını rekord müddət ərzində, cəmi 8 ay ərzində inşa edə bildik. Hazırda Türkiyə şirkətləri, eyni zamanda, Zəngilan Hava Limanının inşasında iştirak edirlər və bizim digər layihələrimizdə iştirak edəcəklər”.

Qardaş ölkənin Şərqi Zəngəzur və Qarabağın bərpasında fəal iştirakından danışarkən, bir məqama da toxunmaq istərdik. Amma əvvəlcə onu deyək ki, iş­ğal dövründə ermənilər tərəfindən bas­dırılan çoxsaylı minalar indi yüz minlərlə məcburi köçkünün öz dədə-baba yurdlarına qaytarılmasına ciddi maneə yaradıb. Düzdür, Prezident İlham Əliyev Ermənistanı mina xəritələrini verməyə məcbur etmək üçün məqsədyönlü və prinsipial siyasət aparıb. Düşmən ölkə bununla bağlı tank və piyada əleyhinə minalanma xəritələrinin müəyyən hissəsini Azərbaycana qaytarıb. Lakin həmin xəritələrin böyük bir qismində dəqiqlik öz ifadəsini tapmayıb.

Türkiyə bu problemin həllində də Azərbaycana dəstəyini əsirgəməyib. Mina və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə qardaş ölkənin hərbi istehkamçılarının ilk qrupu Azərbaycana hələ 2020-ci il noyabrın 30-da, yəni müharibə başa çatdıqdan 20 gün sonra göndərilib. Qrup Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində kömək göstərməyə başlayıb.

Qardaş Türkiyə Azərbaycana indiyədək 25 ədəd “MEMMAT” (Mexa­niki Mina Təmizləmə Təchizatı) mina təmizləyən maşın göndərib.

Azərbaycan Ordusunun Mühəndis Qoşunları İdarəsinin rəisi general-ma­yor Anar Kərimovun sözlərinə görə, bu texnikanın üstünlüyü ondan ibarətdir ki, 500 metr məsafədən idarə edilir və artıq maşın işlədiyi əraziyə insanın daxil ol­masına ehtiyac qalmır. Partlayış da baş verərsə, insan təhlükə ilə üzləşmir.

Bunlardan əlavə, Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçmiş minaaxtaran it hədiyyə edib. Azərbaycan kinoloqları Türkiyədə mina axtarışı və təmizlənməsi təlimləri keçib.

Türkiyənin Qarabağ və Şərqi Zəngəzurun bərpasında iştirakı ötən il iyun ayının 15-də qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşada Prezident İlham Əliyevlə birgə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” imzalanan Şuşa Bəyannaməsində də öz ifadəsini tapıb. Sənəddə bir sıra məsələlərlə yanaşı, Zəngəzur dəhlizinin siyasi-iqtisadi əhəmiyyəti diqqətə çatdırıla­raq, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunika­siyalarının inşasının reallaşdırılması nəzərdə tutulub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra bəyanatlarında Azərbaycanın Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edərək, onu dəstəkləyib. Qardaş ölkənin rəhbəri sözügedən layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacağını, bunun çox bö­yük əhəmiyyət kəsb edəcəyini bildirib.

Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin də Azərbaycanla Türkiyə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyi öz ifadəsini tapıb.

Hazırda icrasında qardaş ölkə şirkətlərinin də iştirak etdiyi Zəngəzur dəhlizi yolunun ölkəmizdən keçən hissəsində yuxarıda vurğuladığımız kimi, tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir. Yol üzərində körpü və tunellər inşa olunur. Artıq yolun bəzi hissələrinin asfaltlanması prosesi də uğurla həyata keçirilir.

Qarabağda türk və azərbaycanlı investorlar tərəfindən reallaşdırılan “Dost Aqropark” layihəsi barədə də bəzi məqamlara diqqət yetirmək istərdik. Xatırladaq ki, Zəngilan rayonunda bu aqroparkın yaradılması mühüm tarixi hadisədir. Belə ki, qardaş ölkənin dəstəyi ilə qurulan müəssisənin otlaq sahələrində 4 min baş cins qarama­lın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətləin həyata keçiriləcəyi nəzərdə tutulur.

Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı avadanlığına tələbatını da ödəyəcək. “Dost Aqropark”da “Ağıllı kənd təsərrüfatı” texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulacaq. Aqropark tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq. Bir sözlə, “Dost Aqro­park” Azərbaycan və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək.

Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəni əhatə edən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qu­rulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı tikiləcək.

Azərbaycanda Toğanalı-Kəlbəcər yolunda ən böyük-11 min 600 metrlik Murovdağ tunelini türk şirkəti “Çingiz İnşaat” inşa edir. Bundan başqa Qorçu aeroportunun 3,5 kilometrliyində Laçın-Kəlbəcər tuneli də var.

Ümumiyyətlə, işğaldan azad olunan ərazilərimizdə Türkiyənin dəstəyi ilə turizm, kənd təsərrüfatı, dağ-mədən və hasilat sənayesi, tikinti materialları istehsalı, alternativ enerji kimi potensial sektorların yenidən canlandırılması və ölkə iqtisadiyyatına inteqrasiya­sı, habelə bölgədə yeni nəqliyyat-logistika dəhlizlərinin formalaşdırıl­ması istiqamətində həyata keçirilən tədbirlər qardaş ölkə ilə əlaqələrimizin genişləndirilməsində yeni perspektivlər vəd edir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

18 May 2022 00:42 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə