Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqı-Azərbaycan biznes-forumu

Mayın 17-də Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko Aİ- Azərbaycan əlaqələrindən danışıb, ölkəmizin əlverişli biznes və investisiya mühitindən məmnunluğunu ifadə edib. Bildirilib ki, tərəflər arasında ticarət genişlənir, 2021-ci ildə ticarət dövriyyəsi 15 milyard dollardan çox olub. Yeni layihələrin icra­sının tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyini qeyd edən səfir Peter Mixalko Azərbaycanın əlverişli coğrafi mövqeyinin, nəqliyyat-tranzit potensi­alının Aİ şirkətlərini cəlb etdiyini və onların ölkəmizdə fəaliyyətdə, eləcə də işğaldan azad olunmuş ərazilərimizin bərpası və quruculuq işlərində iştirakda maraqlı olduqlarını bildirib.

İqtisadiyyat naziri Mi­kayıl Cabbarov ölkəmizin Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb, tərəflər arasın­da münasibətlərin artan dinamikasında qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin əhəmiyyətini qeyd edib. Aİ-nin Azərbaycanın ən böyük investisiya tərəfdaşı olduğunu diqqətə çatdıran nazir indiyədək Avropa İttifaqı ölkələrindən Azərbaycan iqtisadiyyatına 20 milyard av­rodan çox sərmayə yatırıldı­ğını, Aİ-nin ölkəmizə Tvinninq və digər mexanizmlərlə dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib. Vurğulanıb ki, 6-cı nəşr “Aİ Biznes Mühiti Hesabatı 2021” də qarşılıqlı əməkdaşlığın genişlənməsinin, Azərbaycan-Aİ işgü­zar əlaqələrinin inkişaf etdirilməsinə böyük marağın göstəricilərindəndir.

İqtisadiyyat naziri biznes-forumda Azərbaycan iqtisa­diyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin uğurlu nəticələr verdiyini vurğulayıb, son illər ölkəmizin fiskal gəlirlərinin, vergiödəyicilərinin sayı­nın, məşğulluğun, ticarət dövriyyəsinin artmasını, sahibkarlığın inkişafını qeyd edib, iqtisadi inkişafın davam­lılığının dəstəklənməsini təmin etmək məqsədilə Azərbaycanın sosial-iqti­sadi inkişaf prioritetlərini diqqətə çatdırıb. Qeyd olunub ki, ölkəmizdə iqti­sadiyyatın davamlı inkişa­fına, innovativ sahibkar­lığın, rəqəmsallaşmanın genişləndirilməsinə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan ge­nişmiqyaslı bərpa-quruculuq işlərində “yaşıl” və “ağıllı” konsepsiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Tədbirdə həmçinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan infrastruktur və tikinti layihələri barədə məlumat verilib, yeni reallıqların investisiya qoyuluşu üçün böyük imkanlar yaratdığı vurğulanaraq, Aİ-yə üzv olan ölkələr bu layihələrdə fəal iştiraka dəvət edilib. Bildirilib ki, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye park­ları işğaldan azad edilmiş ərazilərimizin ölkə iqtisadiy­yatına reinteqrasiyasını daha da sürətləndirəcək.

Vurğulanıb ki, sahibkar­lıq ölkə iqtisadiyyatı üçün xüsusilə əhəmiyyətlidir, özəl bölmənin inkişafı üçün geniş dövlət dəstəyi mexanizmləri tətbiq edilir. Bütün bunla­rın nəticəsi olaraq, 2026-cı ilədək Azərbaycanda KOB-ların ÜDM-də payı 60%-ə, məşğulluqda 70%-ə və qeyri-neft ixracında 40%-ə çatdırılması qarşıya hədəf kimi qoyulub.

Tədbirdə “Aİ Biznes Mühiti Hesabatı 2021”-in təqdimatı keçirilib. Hesabata əsasən, ölkəmizdə təmsil olunan Aİ ölkələri şirkətlərinin 80%-i iqtisadi fəaliyyət üçün yenidən Azərbaycanı seçmək, 53%-i isə ölkəmizdə biznes fəaliyyətlərini genişləndirmək niyyətində olduqlarını bildiriblər. Aİ ölkələri şirkətlərinin 54%-i Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisi­ya yatırmaqda maraqlıdırlar, 14%-i isə artıq investisiya layihələrində iştirak edirlər.

Biznes-forumda hesabat barədə ekspertlərin rəyləri dinlənilib, işgüzar əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi imkanları barədə müzakirələr aparılıb, suallar cavablandı­rılıb.

Tədbir öz işini panel müzakirələrlə davam etdirib.

“Xalq qəzeti”

17 May 2022 23:59 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə