Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədalətli oyunlar sahəsində fərqlənən şəxslərə mükafatlar təqdim edilib

Mayın 17-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Ko­missiyası 2021-ci ilin yekun­larına əsasən, ədalətli oyunlar sahəsində fərqlənənlərə və “Ədalətli oyun ruhu” mövzusun­da fotomüsabiqənin qaliblərinə mükafatlar təqdim edib.

AZƏRTAC xəbər verir ki, MOK-un in­zibati binasında keçirilən tədbirə qurumun vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, baş katibi Azər Əliyev, sabiq baş katib Ağacan Abiyev, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və müxtəlif idman federasi­yalarının nümayəndələri qatılıblar.

MOK-un vitse-prezidenti Ç.Hüseynzadə son iki ildə pandemiya ilə əlaqədar çətinliklərlə üzləşdiklərini vurğulayaraq deyib: “Bu mükafatlan­dırmanı hər il keçirirdik. Bu, bizim üçün əlamətdar gündür. 2021-ci ildə bunu gerçəkləşdirə bilmədik. Ötən il MOK-da hesabat-seçki konfransı oldu. Seçkilər zamanı Komitənin rəhbər heyətinə yeni şəxslər seçildi. Həmin tədbirdə qərara gəldik ki, sabiq vitse-prezident Xəzər İsayev və sabiq baş katib Ağacan Abi­yev komissiyada qalsınlar”.

Ədalətli Oyunlar Komissiyasının sədri X.İsayev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danı­şıb, komissiyanın həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O, fotomüsabiqəyə 170-dən artıq fotonun göndərildiyini diqqətə çatdırıb.

Sonra qaliblərə mükafatların təqdimatı mərasimi keçirilib. Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi nominasiyasında mükafat MOK-un baş katibi Azər Əliyevə təqdim olunub. Ədalətli oyun prinsiplərinə sadiq hakim nominasiya­sında Asif Şirəliyev (güləş), ədalətli oyun prinsiplərinə sadiq məşqçi nominasi­yasında isə Radiq Hüseynov (güləş) fərqləniblər. Ədalətli oyun prinsiplərinə sadiq idmançı mükafatı karateçi Rafael Ağayevə verilib.

“İdman TV” və “Olimpiyası dünyası” qəzeti də mükafata layiq görülüb. Daha sonra “Ədalətli oyun ruhu” mövzusunda fotomüsabiqənin qaliblərinə mükafatlar təqdim edilib. Belə ki, Zaur Mustafayev (“Trend” informasiya agentliyi) birinci, Azər Əlizadə (“Olimpiya dünyası” qəzeti) ikinci, Dilavər Nəcəfov (Gənclər və İd­man Nazirliyi) isə üçüncü olublar. Sonda xatirə şəkli çəkdirilib.

17 May 2022 23:03 -

Köhnə versiyamızdan xəbərləri izlə