Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan multikulturalizmi beynəlxalq platformaya çevirmək niyyətindədir

Bizim ölkədə multikultura­lizm ənənələri hər zaman güclü olub və Beynəlxalq Multikultura­lizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökumətimizin atdığı daha bir addım idi. Multikulturalizmin alternativi yoxdur. Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə, səylərimizi dayandırsaq, dünya­da vəziyyət daha da pisləşəcək.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan əsrlər boyu müxtəlif etnik qrupların, irqlərin, dinlərin və mədəniyyətlərin yaşayıb-yaratdığı ərazi olub. Qədim dövlətçilik ənənələrinə sahib olan ölkəmizdə bu gün də milli mənsubiyyətindən, dinindən, irqindən və şəxsi seçimlərindən asılı olmayaraq, bütün insanların hüquqları tanınır, onların hüquq və azadlıqları bərabər şəkildə təmin edilir. Təsadüfi deyil ki, hər il ölkəmizdə mövcud olan bütün dini konfessiyaların fəaliyyətini dəstəkləmək üçün onlara maliyyə yardımları göstərilir.

 

Prezident İlham Əliyev bu il də – aprelin 18-də dini qurumlara yardım göstərilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon ma­nat, Rus Provoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Bakı Şəhər Dağ Yəhudiləri, Avropa Yəhudilərinin Bakı icması, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası, Alban-Udi xristian dini icması qurumları­nın hər birinə, eləcə də qeyri-islam dini ic­malarına maddi dəstək üçün Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu, bir daha onu göstərir ki, ölkəmizdə multikulturalizm ənənələrinə sadiqlik davam edir.

Bəs multikulturalizm ənənələri deyəndə nələr nəzərdə tutulur? Multikul­turalizm dövlət siyasətinin yeni modeli kimi XX əsrin 60-cı illərində Kanadada meydana gəlmişdir. Bu modelin meyda­na gəlməsinə qədər müxtəlif dövlətlərdə etnik, dini müxtəliflikləri assimilyasiya və izolyasiya ilə tənzimləməyə çalışıblar. Multikulturalizm dövlət modeli cəmi 60 illik müasir idarəetmə şəklində olsa da, Azərbaycan torpaqlarında dövlətçilik ənənələrinin əsasının qoyulmağa baş­lanıldığı dövrlərdən bu siyasət mövcud olmuşdur. Prezident İlham Əliyevin də dediyi kimi, bu termin yeni olsa da, əsrlər boyu Azərbaycanda belə cəmiyyətlər var olub: “Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək”.

Dövlət başçımızın dediyi kimi, mul­tikulturalizm xalqımızın həyat tərzinə çevrilib. Əlbəttə, dövlətin ədalətli siyasəti xalqa da təsir göstərir və hətta ən fanatik dindarlar, milliyətçilər belə fərqli düşüncə, inanc və qan bağları olan insanla­rın seçimlərinə və köklərinə hörmətlə yanaşırlar. Bu isə, öz növbəsində, daxili sabitliyin, ölkə ərazisində əmin-amanlığın təmin edilməsinə səbəb olur.

Qeyd etdiyimiz kimi, bu multimədəniyyətli cəmiyyət forması Azərbaycanda əsrlərdir ki, mövcuddur. Azərbaycan xalqı tarix boyu tolerantlıq və dözümlülük örnəyi olub. Bu baxımdan, ölkəmizdə fərqli dinlərə və mədəniyyətlərə hörmət prinsipləri for­malaşıb. Əlbəttə, dövlət səviyyəsində də bu prosesin inkişafına mühüm töhfələr verilib, dəstək olub. Belə töhfələrdən biri də Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli” elan etməsidir. Təbii ki, bu hadisə heç də təsadüfi deyil və ölkəmizdə bunun dərin təməlləri mövcuddur. Xatırladaq ki, 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən 10 yanvar 2016-cı il tarixli iclasda dövlətimizin başçısı bu məsələyə toxunaraq, ölkəmizdə multikulturalizmlə bağlı çox böyük işlərin görüldüyünü bildirmişdi. Həmin nitqində multikultural cəmiyyət və idarəetmə üsulları ilə bağlı bir sıra mühüm fikirlər səsləndirən Pre­zident İlham Əliyev bu sistemin iflasa uğradığını deyən bəzi siyasətçilərə də layiqli cavab vermişdi. “Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda ya­şayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik. Beləliklə, bu il Azərbaycanda “Multikulturalizm İli” elan olunur”.

Dünya arenasında gündən-günə nüfuzu artan Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli” elan edilməsi həm də siyasi bir mesaj idi. Əlbəttə, bu, müxtəlif yanaşmalardan qaynaqlanır. Bunlardan ilki Azərbaycanın tarix boyu yerləşdiyi coğrafi mövqeyə görə müxtəlif mədəniyyətlərin və dinlərin qovuşduğu məkan olması, eləcə də bu gün bizim tarixi köklərimizə sadiqliyimizdir. Prezident İlham Əliyev bütün dünyaya bir daha sübut etdi ki, biz tariximizə bağlıyıq. İkinci amil isə ölkəmizdə dini və etnik zəmində heç bir qarşıdurmanın olmamasıdır. Belə ki, xalqımızın dözümlülüyü dünya üçün nadir tolerantlıq təcrübəsinə çevrilib. Üçüncü və ən önəmli məsələlərdən biri isə ölkəmizdə multikulturalizm siyasətinin inkişafı üçün sosial və siyasi şəraitin mövcud olmasıdır.

Ümumiyyətlə, dövlət səviyyəsində atılan addımlara nəzər saldıqda deyə bilərik ki, Azərbaycan multikulturalizmi beynəlxalq platformaya, daha dəqiq desək, dünyəvi sistemə çevirmək niyyətindədir. Buna görə də multikul-turalizm siyasətinə qarşı olan təhlükələrlə mübarizədə Azərbaycan ön sıralardadır. Ölkəmizdə bu istiqamətdə mühüm təşəbbüslər irəli sürülür, qlobal miqyaslı layihələr həyata keçirilir.

Təbii ki, belə təşəbbüslərdən ən önəmlisi 2008-ci ildə paytaxtımızda keçirilmiş Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin qatıldığı toplantıya İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin də dəvət edilməsidir. Qeyd edək ki, bu tarixdə ilk belə təşəbbüs idi. Bu hadisənin davamı olaraq, 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına isə Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirləri dəvət edilmişdi. Burada vurğulanmalı əsas məsələlərdən biri də odur ki, “Bakı prosesi” adlanan bu hadisə ölkəmizin multikulturalizmi dünyaya yaymaq siyasətinin ən önəmli addımlarından biri oldu. Belə ki, bu təşəbbüsdən sonra respublikamızda dünyanın dini liderlərinin zirvə görüşünün, eləcə də mədəniyyətlərarası dialoqa böyük töhfələr verən Bakı Beynəlxalq Humanitar Forumunun davamlı olaraq keçirilməsinə zəmin yarandı.

Azərbaycanda həyata keçirilən islahatlara, layihələrə nəzər saldıqda əminliklə deyə bilərik ki, multikultura­lizm həm də ölkəmizdə davam edən demokratik prosesin ən mühüm tərkib hissələrindən biridir. Ümumiyyətlə, multikulturalizm və Azərbaycan dedikdə, insanın ağlına ilk olaraq Prezident İlham Əliyevin “Multikulturalizmin alternativi yoxdur” fikri gəlir. Bu fikri rəhbər tutaraq Azərbaycanda multikulturalizmin inki­şafı və yayılması üçün həyata keçirilən təşəbbüsləri xatırlatmaq yerinə düşərdi. Əlbəttə, əvvəldə qeyd etdiyimiz “Bakı prosesi” bu təşəbbüslər arasında ən çox nəzərə çarpanlardandır.

Bu istiqamətdə həyata keçirilən önəmli layihələrdən biri də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsüdür. Belə ki, 2011-ci ildən etibarən keçirilən, mədəniyyətlərarası əlaqələri gücləndirmək üçün fəaliyyət göstərən forum “Bakı prosesi”nin inkişa­fına xidmət edir. 2011-ci ildə keçirilən ilk foruma 102 ölkənin 500-ə yaxın nümayəndəsi qatılmışdı. Bu konfransda əsas müddəa “Ortaq dəyərlərdə birləşmək, mədəni müxtəliflik ilə zəngin olmaq” idi. Qeyd edək ki, bu qədər ölkənin nümayəndələrinin bir yerə toplaşmasını təmin etmək özlüyündə böyük bir addım idi. Daha sonra – 2013-cü ildə II Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Burada əsas deviz “Çoxmədəniyyətli dünyada sülh naminə birgə yaşama” idi. 2015, 2017 və 2019-cu illərdə paytaxtımızda müvafiq olaraq, III, IV və V Mədəniyyətlərarası Dialoq forumları keçirildi.

Ümumiyyətlə, paytaxtımızda keçirilən forumlara göstərilən beynəlxalq dəstək bizi daim gələcək fəalliyyətlər üçün ruhlandıran ən başlıca amillərdən biridir. Belə ki, bu forumların təşkilatçılığında ölkəmizə dəstək olanlar arasında dün­yanın bir sıra nüfuzlu təşkilatları da var ki, bu da, mədəniyyətlərarası dialoqun təşviqinə mühüm töhfə verir. Bu qəbildən olan forumlar həm dünya miqyasında, həm də Azərbaycan üçün ən vacib beynəlxalq tədbirlərdən biridir. Məlum ol­duğu kimi, ölkəmiz son dövrlərdə nüfuzlu beynəlxalq tədbirlərə, xüsusən, idman yarışlarına, mədəniyyət festivallarına evsahibliyi edib. Paytaxtımızda keçirilən tədbirlərdə bizim əsas öhdəliyimiz dünyanın diqqətini mühüm məsələlərə yönəltmək olur. İnanırıq ki, keçirilən fo­rumlar çərçivəsində müzakirəyə çıxarılan mövzular, aparılan müzakirələr indiyədək olduğu kimi, bundan sonrakı mərhələdə də mədəniyyətlər arasında körpülərin ya­ranmasına, problemlərin həllinə mühüm töhfələr verəcək.

İmran ƏLİYEV,

“Xalq qəzeti”

18 May 2022 00:30 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə