Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşa birlik, qayıdış və ləyaqət bayramlarına evsahibliyi edir

Vətən müharibəsi zamanı Azərbaycan xalqını və dünya azərbaycanlılarını öz ətrafında yumruq kimi birləşdirməyə müvəffəq olan, tarixi Qələbə qazanan müzəffər Ali Baş Komandan İlham Əliyev postmüharibə mərhələsində Azərbaycan dövləti və xalqı qarşısında əsas iki fəaliyyət istiqaməti müəyyənləşdirdi. Bunlardan biri işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilərək, səmərəli məskunlaşmanın təmin edilməsi, ikincisi isə yaratdığımız reallıqların dünyada qəbul edilməsi oldu.

Hər iki istiqamət üzrə ciddi uğur­lara imza ataraq, konkret nəticələr əldə etmişik. Dünya dövlətləri və beynəlxalq təşklatlara bu reallıqları qəbul etdirdiyimiz zaman zərfində Azərbaycan dövlətinin öz resursları hesabına böyük miqyaslı layihələr icra olunur və yurd, torpaq, xalq sevgisini ən ümdə dəyər bilən dövlət başçımız bütün işlərə şəxsən özü nəzarət edir.

Hər bir qarış torpağımıza yenidən nəfəs verilməklə yanaşı, həsrətində olduğumuz torpaqlarda müasir, qabaqcıl texnologiyalar tətbiq edilir. Bu baxımdan cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza hər səfəri həm Azərbaycan xalqı tərəfindən böyük maraqla qarşılanır, həm də dünya dövlətləri və mediası keçirilən hər tədbirlə yaxından maraqlanır, dövlət başçımızın çıxışları zamanı verdiyi mesajları manşetlərə çıxardırlar.

Şuşada keçirilən müxtəlif təyinatlı tədbirlər artıq silsilə xarak­teri alıb. Bir neçə gün əvvəl isə V “Xarıbülbül” Beynəlxalq Folklor Fes­tivalı başa çatdı. Festivalın önəmi sadəcə olaraq, mədəniyyət hadisəsi deyildi. Eyni zamanda, biz dünyaya önəmli mesajlar ötürdük: Şuşanın əsl sahibi bizik. Azərbaycan xalqı sülh və əmin-amanlığa, mehriban birgəyaşayışa, mədəni müxtəlifliyə önəm verən xalqdır. Yalnız torpağın əsl sahibləri onu dağıtmır, viran qoymur, hər qarışını əzizləyərək yenidən dirçəldir. Bu baxımdan da cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın son səfərləri zamanı Füzuli şəhərində yeni salı­nacaq mərkəzi park kompleksində ağac əkmələri dünyaya verilən mühüm mesaj idi.

Otuz ilə yaxın müddətdə erməni vandallarının təbiətimizə, mədəni irsimizə vurduqları ziyan fonunda dünya ictimaiyyətinin nəzərini Şuşa­ya yönəldərək, xalqımızın humanist olduğunu bir daha hamıya sübut edə bildik. Ötən il şəhidlərmizin əziz xatirəsinə həsr olunmuş festival bu il “Şuşa ili”ndə baş tutur və mədəniyyət mərkəzimizin tarixi-mədəni siması özünə qaytarılır. Biz savaşın qalibiyik, diplomatik masada diktə edən tərəfik, bütün bunlarla yanaşı, qurucu dövlət və xalqıq. Prezident İlham Əliyevin də bildirdiyi kimi, “Ancaq çoxkon­fessiyalı və çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur”. Ermənistanın monoetnik dövlət olması və revanşistlərin müharibə ritorikası fonunda Azərbaycan yenə də Şuşa­dan dünyaya musiqi sədaları ötürdü, sülh göyərçinləri buraxdı, tolerant­lığa, multikulturalizm dəyərlərinə sadiqliyini nümayiş etdirdi. Şuşa qədim Azərbaycan torpağıdır, Şuşadan, Füzulidən, Ağdamdan, Cəbrayıldan, Zəngilandan, Laçın­dan və Kəlbəcərdən – hər bir qarış torpağımızdan Azərbaycan xalqının ruhunu silmək mümkün deyil. Böyük qayıdış reallıqdır və bu reallıqla hər kəs barışmalıdır.

İşğaldan azad olunmuş ərazilərimizin bərpasını çiyinləri üzərinə götürən Heydər Əliyev Fondu təhsil, elm, mədəniyyət, səhiyyə, sosial və s. istiqamətlər olmaqla, mühüm obyektlərin tikin­tisini həyata keçirir, eyni zamanda, torpaqlarımızın mədəni-tarixi siması özünə qaytarılır. Bu yaxınlarda Füzuli rayonunda bir sıra mühüm obyektlərin təməlinin qoyulması za­manı, olduqca mühüm faktın şahidi olduq. Belə ki, 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması ilə yanaşı, ildə 800 tələbə qəbul edə biləcək Füzuli Peşə Liseyinin təməlqoyma mərasimi ondan xəbər verir ki, bütün yaş kateqoriyalarının işğal­dan azad olunmuş ərazilərimizdə yerləşdirilməsi əsas vəzifələrdən bi­ridir. Bir sözlə, Ermənistandan gənc nəslin kütləvi sürətdə emiqrasiya etməsi nəticəsində yaranan mövcud demoqrafik böhran fonunda bu ami­lin özü cənab Prezident İlham Əliyev tərəfindən düşünülmüş, uzaqgörən siyasətin tərkib hissəsidir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşmanın təmin olunması qədər, məşğulluğun da təminatı xüsusi önəm daşıyır. Nəinki Azərbaycanın, eyni za­manda, Cənubi Qafqazın mədəni aləminə nüfuzlu şəxsiyyətlər bəxş etmiş, bu mühitin formalaşdırıl­masında böyük tarixi payı olan Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri Heydər Əliyev Fondu tərəfindən icra edilən əhəmiyyətli tarixi və zərif bir missiyadır.

Bu hadisələrlə yanaşı, ən böyük amil möhtərəm Prezidentimizin Şuşadan verdiyi mesajların məhz 10 may tarixində –yəni, ümum­milli lider Heydər Əliyevin anadan olduğu gündə yayılması idi. Ta­rixi torpaqlarımızın düşməndən azad edilməsi ulu öndər Heydər Əliyevin ən ümdə arzusu idi. Bu baxımdan ümummili lider 1998-ci il martın 20-də Mərdəkandakı “Abşeron” sanatoriyasında Nov­ruz bayramı münasibətilə qaç­qınlar və məcburi köçkünlər üçün keçirilən şənlikdə demişdi: “Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir, amma, tək Şuşa yox. Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçın­sız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisusu. Biz onlarsız yaşaya bilmərik. Təsəvvür edə bilmərik”.

Ulu öndər Heydər Əliyevin ideyalarını ardıcıllıqla və ləyaqətlə həyata keçirən və vəsiyyətini icra edən Prezident İlham Əliyevin bugünkü reallığı yaratması bir daha sübut etdi ki, Azərbaycan xalqının qətiyyətli dövlət başçısı seçməsi, hər zaman ona böyük etimad göstərməsi, əslində, ümummilli lider Heydər Əliyev siyasətinə səs verməsinin və bu ideallara sadiqliyi­nin əyani təzahürüdür.

Şəbnəm HƏSƏNOVA,

politoloq

18 May 2022 00:29 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə