Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşada keçirilən tədbirlər dünya mətbuatında

Hər bir tarixi hadisə özünün mahiyyəti ilə yanaşı, baş verdiyi məkan sarıdan da maraq doğurur. Məhz bu baxımdan işğaldan azad edilmiş Şuşada keçirilən tədbirlər beynəlxalq aləmdə böyük əks-səda yaradır. İndiyədək Şuşada keçirilən Vaqif Poeziya Günləri, dünya azərbaycanlılarının qurultayı, parlamentin komitə iclasları, müxtəlif beynəlxalq görüş və konfranslar böyük maraqla izlənilib. Bu tədbirlər həm Ermənistana, həm onun havadarlarına, həm də dünya erməniliyinə göz dağıdır.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ilə söhbətimiz də bu barədə oldu. O dedi:

– Qarabağda, Şuşada həm yerli, həm də beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi tarixi Qələbəmizin təntənəsi dünyaya bir mesajdır. Qələbəmizin yaratdığı reallıqların qəbulu istiqamətində mühüm uğurların əldə olunduğu bir zamanda, xüsusilə, dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən diaspor nümayəndələrimizin qədim şəhərlərimizdən olan Şu­şada bir araya gəlməsi möhtərəm Prezidentimizin uzun illər boyu həyata keçirdiyi siyasi kursun ən böyük uğurlarından biridir. Dünya azərbaycanlıları 30 ildən sonra Zəfər yolu ilə gedərək Şuşanı görmək imka­nı qazandılar və qısa müddətdə onun əvvəlkindən də cazibədər olması istiqamətində atılan addımların şahidi oldular.

Qısa zaman ərzində Qarabağ­da, o cümlədən Şuşada aparılan yenidənqurma, bərpa-quruculuq işləri mədəniyyət paytaxtımıza gələnləri heyran qoyur. Qarabağ, sözün əsl mənasında, dirçəlir, özü də sürətlə və planlı şəkildə. Həyata keçirilən tədbirlər işğaldan azad edilmiş ərazilərimizin əvvəlkindən də gözəl olacağından xəbər verir. Dövlət başçımız işğaldan azad edilmiş ərazilərimizə səfər edərkən bu fikri də xüsusi vurğulayır: “Hətta təbiət də sevinir, bizimlə həmrəydir. Eyni həmrəylik azad Qarabağımız, Şuşa­mız Zəfər qurultayının iştirakçılarını qarşılayarkən nümayiş olundu”.

Belə tədbirlərin Şuşada keçirilməsi bir daha bütün dünyaya nümayiş etdirir ki, bu qədim şəhər Azərbaycanın əzəli torpağıdır, Qara­bağ Azərbaycandır! Artıq dünya birliyi də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu qanunauyğun və ədalətli sayır. Dünyanın aparıcı kütləvi informasiya vasitələri Şuşa­nın tədricən beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi barədə məqalələr dərc edir, süjetlər nümayiş etdirirlər. Qardaş Türkiyənin “Haber Qlobal” telekanalında dövlət başçı­mızın Dünya Azərbaycanlılarının V Qurultayındakı nitqindən bəhs edən süjet diqqətimi cəlb etdi. Möhtərəm Prezidentimizin qurultaydakı nitqi tarixi çıxış kimi dəyərləndirilib. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana təqdim edilən beş təməl prinsipi əsasında danışıqlara hazır olduğunu bildirib. Prezident deyib ki, əgər bu çərçivələr daxilində razılaşmalar əldə olunmaz­sa, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımayacaq.

Dövlət başçımızın mesajları dün­yanın digər aparıcı kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olub. Xarici ölkələrin mətbuatında dərc olunan və televizya kanalların­da nümayiş etdirilən çoxsaylı ma­teriallarda Şuşa qurultayının tarixi əhəmiyyəti vurğulanır. Qeyd edilir ki, bu qurultayda Azərbaycan diasporu qarşısında yeni vəzifələr qoyulub, xaricdəki azərbaycanlıların növbəti beş ildə fəaliyyəti üçün “Yol xəritəsi” müəyyənləşdirilib.

Prezident İlham Əliyevin qu­rultaydakı geniş əhatəli nitqində səslənən fikirlər qardaş Türkiyənin , o cümlədən Anadolu Agentliyi, “TRT AVAZ”, “Haber Global”, “TRT Haber” və digər telekanallarda, “Sabah”, “Hürriyyət” və s. qəzetlərdə, “aksam.com”, “sondakika.com”, “cumhuriyet.com” və başqa media qurumların­da geniş yer alır. Xüsusilə, dövlət başçımızın Ermənistana növbəti dəfə sərt xəbərdarlığı manşetə çıxarılıb. Bununla yanaşı, qurultaydan bəhs edən videomateriallar və fotolar da təqdim olunub. İnformasiyalarda qeyd olunub ki dünya azərbaycanlılarının məhz Şuşada bir araya gəlmələri Azərbaycan diasporunun gələcək fəaliyyətini dinamik inkişafda sax­lamaq üçün mənəvi stimul rolunu oynayacaq.

İtaliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Moldova, Rumıniya, Livan, Küveyt və digər dövlətlərin aparıcı kütləvi infor­masiya vasitələrində V qurultayın geniş işıqlandırılması, Azərbaycan Prezidentinin nitqindən sitatlar verilməsi tarixi Qələbəmizdən sonra Cənubi Qafqazda yaradıl­mış reallıqların qəbul edilməsi kimi dəyərləndirilməlidir. Xarici KİV- lər dövlət başçımızın nitqindən bəzi məqamları olduğu kimi diqqətə çatdırıblar: “Biz bu gün azad Qa­rabağda, azad Şuşada Dünya Azərbaycanlılarının qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır və qurultay keçirir” .

Xarici media vasitələrində ATƏT-in Minsk qrupunun “fəaliyyəti” də kəskin tənqid olunub. Bu, o deməkdir ki, artıq dünya ictimaiyyəti də Minsk qrupunun yararsız qurum olduğu­nu təsdiqləyir. Məsələn, Moldova mediasında – “Tribuna”, “Noi”, “TV 8” xəbər portallarında yayılan məqalələrdə Prezident İlham Əliyevin nitqinə istinad edilir. Dövlət başçımız nitqində istər müharibədən, istərsə də postmüharibə dövründə ölkəmizin həyatında baş verən inkişafdan, daya­naqlı sabitlikdən və digər sahələrdəki uğurlardan, eləcə də, Minsk qrupunun fəaliyyətsizliyindən, ikili standartla­rından söhbət açdı. Artıq bu qurum tarixin arxivinə atıldı. Xarici media da da bu mövzuya geniş yer verib. Qeyd olunur ki, Minsk qrupu faktiki olaraq, 2019-cu ildən iflic olub. 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış Minsk qrupu heç bir nəticə əldə edə bilmədi. Bu qrupun, ümumilikdə, “fəaliyyətinə” verdiyi təkliflərə nəzər yetirərkən bir daha aydın olur ki, həmin təşkilat münaqişəni nizamla­maq, problemi aradan qaldırmaq üçün yox, sanki işğalı əbədiləşdirmək üçün yaradılıbmış.

Dünya mediasında diqqət çəkən məqamlardan biri də dövlət başçımızın Ermənistandakı re­vanşist qüvvələrə xəbərdarlığı, sülh müqaviləsi imzalanmasının Ermənistan üçün son şans olduğu barədə fikirləridir: “Ermənistanda hərdən bir baş qaldıran revan­şist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlü­yünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”.

“Reuters” və “İntefaks” agentliklərinin, Birləşmiş Ərəb Əmirliklərinin “Əl İttihad”, Küvey­tin “Bobian” qəzetlərinin, həmçinin Livanın “IMLebanon”, “SouBeyrut” və “Əl Nasra” portallarının yaydıqla­rı xəbərlərdə də dövlət başçımızın nitqindən irəli gələn bir sıra məsələlər diqqətə çatdırılıb. Qeyd edilir ki, 44 günlük müharibədən sonra region­da yaranmış yeni vəziyyət diqqəti cəlb edir. Həmçinin Azərbaycan Prezidentinin nitqində erməni işğalı zamanı Şuşada törədilən dağın­tılardan, hazırda şəhərin yenidən dirçəlişi istiqamətində çox geniş işlər görüldüyündən, orada keçirilən qurul­tayın böyük tarixi mənası olduğundan və bu gün Azərbaycanın yeni dövrə qədəm qoyduğundan bəhs olunur.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

18 May 2022 00:28 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə