Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşada ömrümün ən şərəfli anlarını yaşadım

Xoşbəxtəm ki, “Xarıbülbül” V Beynəlxalq Folklor Festivalının iştirakçısı oldum. Uşaqlığımın Şuşa ilə bağlı xoş təəssüratları ömrüm boyu məni müşayiət edib. Şuşanın işğaldan azad olunacağı günü mən də bütün azərnaycanlılar kimi, həsrətlə gözləmişəm. Həmin gün gəlib yetişdi. 2020-ci il noyabrın 8-də eşitdiyim şad xəbərdən nə qədər sevindiyimi təsəvvür etmək çətindir.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Koman­danı İlham Əliyevin Şuşaya hər səfərini televi­ziya vasitəsilə diqqətlə izləmişəm. Cənab Pre­zidentin “Şuşa, sən azadsan!” xitabı bilsəniz nə qədər ruhumu təzələdi. Qalırdı bir mədəniyyət paytaxtımıza səfər etmək. O da bu günlərdə baş tutdu. Dedilər ki, “Xarıbülbül” festivalında iştirak edəcək nümayəndələr arasında sənin də adın var. Beləcə, mayın 12-də başlayan sayca beşinci olan “Xarıbülbül” Beynəlxalq Folklor Festivalına qoşulduq.

Festivalın başladığı gün Şuşaya yağış yağır­dı. Cənab Prezident və birinci xanım Mehriban Əliyeva da açılış mərasimində iştirak edirdilər. İnanın ki, buraya toplaşanlara nə yağış, nə də Şuşanın soyuğu təsir edirdi. Hamı festivalın açılışını səbirsizliklə gözləyirdi.

Tezliklə musiqi sədaları Şuşanın dağlarında əks-səda doğurdu. Festivalın açılış konserti Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında “Vətən süitası” ilə başladı. Sonra Əməkdar artistlər İlkin Əhmədov, Babək Niftəliyev və Səbinə Ərəblinin ifasında “Qarabağ şikəstəsi” səsləndirildi. Türkiyəni festivalda Türk Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı təmsil edirdi. Ansamblın ifasında “Van yöresi” xalq rəqsi maraqla qarşılandı.

Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu “Çal oyna” xalq mahnısını, “Cəngi” Estrada Folklor Rəqs Ansamblı “Tənzərə”, Əməkdar artist Şirzad Fətəliyev və nəfəs alətləri qrupu isə “Turacı” xalq rəqslərini ifa etdilər. Malinin “Şeyx Tidiane Sek” etno-caz qrupu “Sanqa Bo” kompozisiyasını, “Pakistan rəngləri” qrupu “Bhanqra” rəqsini, Melitassi Gürcü Folklor Rəqs Ansamblı “Svanuri” rəqsini təqdim etdi. Azərbaycan Dövlət Rəqs Ansamblı avar xalq rəqsini, Tunisin “Yuma” dueti “Smek” kompo­zisiyasını, Özbəkistanın Baxor Dövlət Rəqs Ansamblı isə “Bayot” xalq rəqsini təqdim etdilər.

Daha sonra Əməkdar mədəniyyət işçisi, aşıq Samirə Əliyeva və aşıq Əli Tapdıqoğlu “Qarabağ qaytağısı” saz havasını, Xalq artisti Polad Bülbüloğlu və Bakı Xoreoqrafiya Akade­miyasının “Xarıbülbül” rəqs ansamblı “Qaraba­ğım” mahnısını səsləndirdilər

Açılış konserti Əməkdar artist Aybəniz Haşımovanın və “Bülbüllər” qrupunun ifasında “Vətəndən pay olmayır” mahnısı ilə başa çatdı.

Bəli, mənə festivalın açılış mərasimində iştirak etmək nəsib oldu. Bu bir gündə Şuşanın xoş havasını uddum, o dağların gözəlliyini seyr etdim. Ömrümə Şuşa ilə bağlı bir xoş gün də əlavə olundu.

Bu xoş anları bizə yaşadan möhtərəm Prezidentimizə, Ali Baş Komandanımıza dərin təşəkkürümüzü bildirir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayıram.

Biz Şuşadan ayrılanda yağış hələ də davam edirdi. Sanki Şuşa qayğıkeş Ana kimi, ardımız­ca su səpirdi.

Tofiq SALMANOV,

Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru

18 May 2022 00:24 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə