Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlıq prioritet məsələdir

Prezident İlham Əliyevin imzaladığı yeni fərmanla səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağ­lı öncədən imzalanmış bir sıra fərmanlarda dəyişikliklər edilib. Dövlət başçısı 2006-cı ildə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə”, həmçinin 2017 ci ildə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanlar im­zalamışdı.

Ölkə rəhbəri, eyni zamanda 2018-ci ildə “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haq­qında” və 2019-cu ildə “Milli Hemato­logiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında” fərmanlar vermişdi. Mayın 13-də imzalanan yeni sənədlə isə yuxarıda sadaladağımız fərmanlarda dəyişikliklər edilib.

Fərman əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlılığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə verilib. Sənədə əsasən, Səhiyyə Nazirliyi səhiyyə və tibbi sığor­ta sahəsində normativ hüquqi baza­nın təkmilləşdirilməsinə, o cümlədən şəffaflığın və hesabatlılığın artırılması­na, habelə elektron səhiyyənin inkişaf etdirilməsinə dair təkliflərini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir. Bunun üçün nazirlik İcbari Tibbi Sığorta üzrə Dövlət Agent­liyinin və digər aidiyyəti dövlət orqanla­rının (qurumlarının) nümayəndələrini, habelə mütəxəssisləri və ekspertləri cəlb etməklə “Səhiyyənin Transformasi­yası Mərkəzi” işçi qrupunu yaratmalıdır.

Qeyd edək ki, 2021-cil ilin aprelindən başlayaraq, ölkədə icba­ri tibbi sığortanın tətbiqi nəticəsində aztəminatlı insanların da hər cür tibbi xidmətlərə əlçatanlığı təmin edilib. Pensiyaçılar, işləməyən vətəndaşlar, 18 yaşına çatmayanlar dövlət he­sabına tibbi xidmətlər zərfindən yararlanırlar. Ölkədəki dövlət və bəzi özəl tibb müəssisələrində icbari tibbi sığorta tətbiq edilir. İcbari tibbi sığor­tanın məqsədi də məhz səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı reallaşdırmaqdır. Yəni vətəndaşlar cibindən pul xərcləmədən tibbi sığorta vasitəsilə istənilən klinikada müayinə və müalicə olunurlar. 2021-ci ildə icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 22 milyondan çox olub. Bu dövrdə agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində göstərilən cərrahi xidmət sayı isə 27 min 305-ə yüksəlib. Beləliklə, icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə əhalinin 42 faizi tibbi xidmətlərdən yararlanıb. Xidmətlər zərfi çərçivəsində göstərilən tibbi xidmətlər vətəndaşların ən çox müraciət edilən, habelə əlillik və ölüm riski olan xəstəliklər üzrə müayinə və müalicə olunmalarını təmin edib.

Azərbaycan Prezidenti tərəfindən imzalanan yeni fərmanla 2023-cü il yanvarın 1-dən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki “Milli Hematologiya və Transfuziologiya Mərkəzi (Mərkəzi Qan Bankının Gəncə, Şəki, Quba, Sumqayıt, Lənkəran, Bərdə, Şirvan, Mingəçevir bölmələri daxil olmaqla), K.Y.Fərəcova adına Elmi –Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi –Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi –Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi –Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi –Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi –Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi –Tədqiqat Tibbi Bərpa İnstitutu, eləcə də, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək. Bu tibb müəssisələri, eyni zamanda, “Tibbi sı­ğorta haqqında” Qanuna uyğun olaraq icbari tibbi sığorta çərçivəsində əhaliyə tibbi xidmətlər göstərilməsini davam etdirəcəklər.

Fərmanda başqa yeniliklər də var. Belə ki, fərmana görə, TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün dövlət başçısının vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər dörd üzvdən ibarət müşahidə şurası yaradılır. TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrindən (sədr olmaqla), Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlərinin müavinlərindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə formalaşdırılır. TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi müşahidə şurasının vəzifəyə təyin və azad etdiyi icraçı direktor və onun üç müavini həyata keçirəcək.

Amma TƏBİB-in tabeliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsinə və fəaliyyətinə nəzarət yenə də TƏBİB-in səlahiyyətində qalır və bu davam edəcək. Məlumdur ki, TƏBİB-in sax­lanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən (göstərilən xidmətlərdən) əldə edilən daxilolmalar, ianələr, qrant­lar və qanunla qadağan olunmayan digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir. Azərbaycan Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin “Publik hüquqi şəxslər haqqında” Qanuna uyğun olaraq publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərini həmin qurum həyata keçirir. “Tibbi sığorta haqqında” Qa­nuna uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin, habelə həmin qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini də TƏBİB müəyyən edir.

Fərmana görə TƏBİB-in təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Prezidentinə həvalə edilir. Nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi, TƏBİB-in yenidən təşkili və ləğvi, TƏBİB-in idarəetmə orqanlarının yaradılması, müşahidə şurasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi və “Publik hüquqi şəxslər haqqında” Qa­nunda nəzərdə tutulmuş qərarın qəbul edilməsi də təsisçiyə həvalə olunur. TƏBİB-ə isə “Publik hüquqi şəxslər haqqında” Qanunda publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli tapşırılır.

Bundan başqa, Nazirlər Kabinetinə tapşırılır ki, TƏBİB-in yeni nizamnaməsinin layihəsini və nizamnamə fondunun məbləğinə dair təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etsin. Eyni zamanda, quruma əczaçılıq sahəsində dövlət siyasətinin, o cümlədən dərman vasitələrinin dövlət qeydiyyatı və qiymətlərinin müəyyən edilməsi mexanizminin təkmilləşdirilməsinə, eləcə də bu sahədə rəqəmsallaşdırılmanın təmin edilməsinə dair təkliflərini Prezidentə təqdim etmək üçün üç ay vaxt verilir. Bu fərmandan irəli gələn digər məsələləri Nazirlər Kabineti həll edəcək.

Fərmanda, həmçinin göstərilir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2022-ci il dekabrın 31-dək TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində rəqəmsallaşdırılma işlərinin yekunlaşdırılmasını təmin etməli, dövlət proqramlarının icrası­nı və həmin proqramlarda nəzərdə tutulmuş qaydada dərman vasitələrinin təchizatını təmin etməlidir. Agentlik Səhiyyə Nazirliyi və TƏBİB-lə razı­laşdırmaqla TƏBİB-in tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin dayanıqlı maliyyələşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində Prezidentə təqdim etməlidir.

TƏBİB-ə, həmçinin xidmətlər zərfinə daxil olmayan və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə, həmin qanuna əsasən sığor­taolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini bir ay müddətində təsdiq etmək və bu barədə Prezidentə məlumat vermək tapşırılır. Ümumiyyətlə, icbari tibbi sığortaya keçid bütün ölkələrdə çətin və ağır islahatlardan hesab olunsa da, bu proses ölkəmizdə uğurla həyata keçirilir.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

18 May 2022 00:18 - SƏHİYYƏ
SƏHİYYƏ
5 İyul 2022 | 09:00
Günvurmanın fəsadları

Köhnə versiyamızdan xəbərləri izlə