Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sənaye zonalarında istehsal olunan məhsullar 40-dan çox ölkəyə ixrac edilib

Respublikamızda fəaliyyət göstərən sənaye zonaları qeyri-neft sektorunun, innovativ və yüksək texnologiya­lara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafında, habelə əhalinin məşğulluq səviyyəsinin təmin edilməsində mühüm rol oynayır.

İndiyədək sənaye zonalarında 101 sahibkarlıq subyektinə rezident­lik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bugünədək sənaye zonala­rına 6,4 milyard manatdan çox inves­tisiya yatırılıb və 10 mindən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 milyon manatadək investisi­yanın yatırılması və 2600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutu­lur. Sənaye zonaları üzrə indiyədək ümumilikdə 6,5 milyard manatdan çox məhsul istehsal edilib, bunun 2,1 milyard manatı (təqribən 32 faizi) ixrac olunub.

Sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2021-ci ilin I rübündə sənaye zonalarında 373 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ilin I rübündə 82,6 faiz (681 milyon manatlıq) məhsul istehsal olunub. İxrac isə 2021-ci ilin analoji dövrü (119,9 milyon manat) ilə müqayisədə təqribən 2,7 dəfə artaraq 318 milyon manata çatıb.

Cari ilin I rübündə 681 milyon manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,8, qeyri-neft sənaye məhsullarının ixracında 36,3 faiz (318 milyon manat) olub.

Bütün bu göstəricilər Azərbaycanın hazırda 2021-2030-cu illəri əhatə edən keyfiyyətcə yeni bir strateji mərhələyə daxil olmasından xəbər ve­rir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya və dərin islahatlar ölkəmizin iqtisadi qüdrətinin daha da artacağına, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinin formalaşaca­ğına zəmin yaradır.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də vur­ğulanır ki, milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğun­dan, xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqti­sadiyyatın daxili və xarici təsirlərə da­yanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir. Ölkədə makroiqtisadi sabitliyin və dayanıqlığın gücləndirilməsi məqsədilə yeni reallıqlara uyğun büdcə qaydası­na əsaslanan fiskal çərçivə formalaş­dırılmalıdır.

Vətən müharibəsində əldə edilən parlaq qələbə nəticəsində işğaldan azad olunan ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasından, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inki­şafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisa­diyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən çoxşaxəli isla­hatlar, kompleks tədbirlər sayəsində əldə olunan yuxarıda vurğulanan uğurlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı 2022-ci ildə də inkişaf dinamikasını qoruyub saxlayacaq və iqtisadi artımın müsbət meyilləri davam edəcək.

Sənaye zonalarında istehsal olu­nan məhsullar dünyanın 40-dan çox ölkəsinə ixrac edilib. Qeyd edək ki, sənaye zonalarında sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, tor­paq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadan­lıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

Hazırda Qarabağ və Şərqi Zəngəzurun dirçəlməsində də sənayeləşmə siyasətinə mühüm önəm verilir. Başqa sözlə, işğaldan azad edilmiş ərazilərimizdə sənaye zonala­rının yaradılması və parklara investi­siya cəlb olunması bölgənin resursla­rından, həmçinin iqtisadi imkanlardan yararlanmaqla bu bölgənin ölkə iqtisadiyyatına səmərəli reinteqrasiya­sına əlavə stimul yaradır.

Qarabağ və Şərqi Zəngəzurda sənayeləşmə prosesinin mərhələli şəkildə aparılacağı nəzərdə tutulur. Abadlıq və quruculuq işlərinin həyata keçirilməsi üçün ilkin mərhələdə tikinti şirkətləri prosesə qoşulur. Nəzərə alsaq ki, əhali tezliklə işğaldan azad edilmiş ərazilərə qayıdacaq, belə olan halda, onların ərzağa olan tələbatının təmin edilməsi xüsusi diqqətdə saxla­nılır. Bu baxımdan, növbəti mərhələdə kənd təsərrüfatı məhsullarının emalı, yüngül və qida sənayesinin formalaş­dırılması prosesi həyata keçiriləcək.

Xatırladaq ki, Ağdam Sənaye Parkında daha iki sahibkara rezidentlik statusu verilib və rezidentlərin sayı 9-a çatıb.

V.BAYRAMOV,

“Xalq qəzeti”

18 May 2022 00:12 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 İyul 2022 | 10:47
Neft bahalaşıb
4 İyul 2022 | 14:05
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə