Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həyat həqiqətlərinin bədii obrazını yaratmış ədib

Manaf Süleymanov – 110

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 80 illik fəaliyyəti ərzində xalqımızın mənəvi zənginliyini, mədəni inkişaf tarixini, bədii və ədəbi təfəkkürünün təkrarsız nümunələrini tədqiq və təbliğ etməklə məşğuldur. Klassizm və müasirlik zəminində yaranan bu sənət və elm məbədi ədəbiyyat tariximizin, ulu xalqımızın mənəviyyat aynasıdır. Bu muzey öz fəaliyyəti dövründə filoloji problemlərin tədqiqi və nəzəri həlli ilə yanaşı, muzeyşünaslıq və muzey sənəti ilə bağlı ölkəmizin, eləcə də, keçmiş sovet məkanının kitabxana, dövlət arxivlərində, şəxsi və qapalı arxivlərdə çoxsaylı araşdırmalar aparılmasına nail olmuşdur. Azərbaycan ədəbiyyatı tarixinə dair əsərlər, o cümlədən əlyazma, kitab, sənəd, məktub, xatirə əşyaları, hər bir sənətkarın müxtəlif dövrlərini əks etdirən nadir-orijinal fotoşəkilləri toplanmış və bu əvəzolunmaz qiymətli materiallar tarixi ardıcıllıqla sistemləşdirilmiş, ekspozisiyanın müvafiq bölməsində təbliğ edilmişdir. Elmi-nəzəri tədqiq və material toplama işi muzeyşünsalığın əsas aparıcı xətti kimi bu gün də davam etdirilir.

Elə bu məqsədlə də müəllim, alim, icti­mai xadim, tərcüməçi, neftçi, yazıçı Manaf Süleymanovun şəxsi arxivini araşdırdıq. M.Süleymanov 1912-ci ildə İsmayıllı rayonu­nun Lahıc kəndində anadan olmuşdur. 1930- cu ildə Bakı şəhərindəki 18 nömrəli pedaqoji təmayüllü məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək məqsədiylə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geoloji-kəşfiyyat fakültəsinə (1932-1937) daxil olmuş­dur. Ali təhsil ocağını birinci dərəcəli fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə neft - qaz mədənləri idarəsində mühəndis kimi başlamışdır. 1947-ci ildə “Yerin sirri” adlı ilk əsərini “Azərbaycan” jurnalında dərc etdirmiş­dir. Əsərdə Azərbaycanın cəsur neftçilərinin “qara qızıl” uğrunda gərgin mübarizələri, gənc neft mühəndisləri olan – Zəki ilə Gülşənin saf məhəbbəti, qarşılarına qoyduqları məqsədə çatmaq üçün hər çətinliyə üstün gəlmələri milli və xəlqi ruhda təsvir edilmişdir. Mətbuat səhifələrindən bəlli olur ki, “Yerin sirri” əsəri oxucu kütləsi tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır. Ədibin qızı Gülşən xanım bu haqda öz xatirəsində yazır: “Ye­rin sirri” kitabı atamın birinci əsəri idi. Ailə söhbətlərindən eşidirdim ki, bu əsər oxucular və ədəbiyyatşünaslar tərəfindən çox maraqla qarşılanmışdı. Hətta “Yerin sirri” kitabına yazıçı Aleksandr Fadeyev də rəy yazmışdı.

Mən anadan olanda qəhrəmanın adını mənə verdilər. Atamın sevərək təsvir etdiyi ilk qəhrəmanın adını daşıdığım üçün həmişə fəxr və qürur duymuşam”.

“Manaf Süleymanov – 110” yubileyi ilə əlaqədar qızı Gülşən xanım, ədibin bir sıra kitablarını və özünün atası haqqında xatirələrini Nizami muzeyinin ekspozisiyasına hədiyyə etmişdir.

M.Süleymanov sənətinin dərin bilicisi və vurğunu kimi, neftçilərin həyatından bəhs edən “Yerin sirri” əsərindən sonra bir-birinin ardınca “Fırtına”, “Dalğalar qoynunda”, “Zirvələrdə” kimi romanlarını da çap etdirir. Professor B.Tahirbəyov haqlı olaraq yazır: “Elə yazıçılar var ki, bütün yaradıcılıqları boyu, ancaq bir mövzuya müraciət edirlər. Manaf Süleymano­vun da qələminə ən çox yatan mövzu fəhlə həyatıdır, qurub yaradan əmək adamlarının ömür-günüdür”.

Zənnimcə, bu, təəccüblü deyil. Çünki M.Süleymanov əsərlərində təsvir etdiyi rəşadətli neftçilərlə bir mühəndis kimi çiyin-çiyinə, əmək cəbhəsində işləmiş və həyat həqiqətlərinin bilavasitə canlı şahidi olmuş, baş verən hadisələri qələmə almışdır. Bu gün el içində, aforizmə çevrilən “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” əsəri, neft və milyonlar səltənəti Bakıda hökm sürən ictimai-siyasi hadisələrdən, müxtəlif taleli insanların həyat tarixçəsindən, zəmanənin təzadlı, sərt-soyuq simasından bəhs edir.

Doğru fikirdir ki, “Manaf Süleymanovun bu əsəri nə tarixi oçerkdir, nə də publisistik esse. Bu əsər kapitalizmin yaranmasından başlamış, süqutuna qədər bədii salnamə şəklində verilmiş “Həyat həqiqətlərinin tarixi gerçəkliyi”dir.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nurlanə Əliyeva “Bakının ürəyini oxuyan yazıçı” məqaləsində yazır: “Manaf müəllimin özünün dediyinə görə, bu kitabı yazmaq üçün, qırx il fakt toplayıb… axtarış və müşahidələr aparıb… Silinməyə çalışan yaddaşlarımızın tarixi parça­larını qaytarmaq” arzusu müəllifin əsas məqsəd və niyyəti idi. Hər bir qələm sahibinin öz fərdi üslubu, yazı tərzi, qələmə aldığı mövzuya ya­naşma bucağı var.

Əməkdar jurnalist Flora Xəlilzadənin qeyd etdiyi kimi: “Manaf Süleymanovun həmkarlarından ən çox fərqlərindən bir mühüm cəhət – onun tarixi hadisələrə sadiqliyidir”. Bu mənada yazıçının “Etnoqrafik bədii lövhələr” əsasında yazdığı “Lahıc” əsərinə diqqət yetirək. Əsrarəngiz təbiəti ilə seçilən, yeddi dağlar qoy­nunda yerləşən, ustad sənətkarlar və misgərlər diyarı kimi tarixə düşən Lahıcın flora və faunasından, bu qədim elatın folklor və etnoq­rafiyasından, memarlıq abidələrinin yaranma tarixindən, yerli əhalinin adət-ənənələrindən, yaşam tərzindən, tarix və mədəniyyət nümunələrindən, ululardan yadigar qalan tarixi varislik ənənəsini mərd və qeyrətlə yaşadan la­hıclılardan bəhs edir. Manaf müəllimin təbirincə, “Mis və Lahıc sözləri çoxdan sinonimə çevril­mişdir.”

Geniş dünyagörüşünə, çoxcəhətli bilik, cəsarətli və sərrast ifadə tərzinə malik, dövlət və şəxsi arxivləri, dərin mənbələri böyük səbr və dözümlə araşdırmaq səriştəsi, milli qeyrət və mədəniyyət sahibi olan, unudulmaz yazı­çımız Manaf Süleymanovun əsas yaradıcılıq xüsusiyyətləri idi.

Onun “Var millətimin xətti bu imzalar içində” qüruru ilə qələmə aldığı bütün əsərləri, tari­xi yaddaşımızın büllur aynası kimi gələcək nəsillərə ərməğandır.

Gülzar İBRAHİMQIZI,

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin böyük elmi işçisi,

Abbasqulu ağa Bakıxanov mükafatı laureatı

18 May 2022 00:10 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə