Ən son xəbərlər
Milli Elmlər Akademiyasının həqiqi üzvü, Respublika İqtisadçılar İttifaqının sədri Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildliyi bu günlərdə nəfis tərtibatla çapdan çıxmışdır. Bu fundamental nəşr doğru-düzgün və əhatəli şəkildə yazılıb-çatdırılması ilə bağlı ümummilli lider Heydər Əliyevin şanlı keçmişimizin xalqımıza tövsiyə və tələbləri tam nəzərə alınmaqla hazırlanmışdır. Son bir əsrlik Azərbaycan iqtisadiyyatına və iqtisadi tarixinə dair sanballı tədqiqatların müəllifi olan akademik Ziyad Səmədzadənin çoxillik elmi-iqtisadi yaradıcılığının növbəti bəhrəsi olan bu topluda Azərbaycan iqtisadiyyatının 100 ildə keçdiyi yol elmi cəhətdən geniş təhlil edilir.
Azərbaycan iqtisadiyyatının son 100 illik dövrü barədə ən fundamental araşdırmaları və analitik yanaşmanı özündə əks etdirən nəşrdə respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə dərin tədqiqi materiallara geniş yer verilmişdir. Azərbaycan iqtisadiyyatının inkişaf meyilləri barədə informasiyalar, müqayisələr oxucuya 400-dən artıq müvafiq cədvəl və qrafiklərin müşayiəti ilə təqdim edilmişdir. Bütövlükdə, nəşrdə 1000-dən artıq mənbəyə istinad olunmuşdur.Yeni nəşrin hər bir cildi ilə tanışlıq göstərir ki, Ziyad Səmədzadə Azərbaycanın iqtisadi inkişaf tarixinin araşdırılması işindəki boşluğu doldurmaq üçün olduqca əhatəli və səmərəli elmi iş aparmışdır.
Kitabın I və II cildləri Azərbaycan iqtisadiyyatının sovet dövründə – müstəqilliyimizin bərpasına qədər olan mərhələdəki inkişaf yoluna və məsələlərinə həsr edilmişdir. I cilddə ilk müstəqil respublikamız olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli iqtisadiyyatımızın əsas istiqamətlərindən, II Dünya müharibəsinə qədərki dövrdə xalq təsərrüfatının inkişafında əsas meyillərdən bəhs olunur. Bu cildlə Azərbaycanın iqtisadiyyatının və resurslarının, o cümlədən Bakı neftinin faşizm üzərindəki qələbədə oynadığı rol dolğunluğu ilə oxuculara çatdırılır.
II cilddə XX əsrin ikinci yarısında Azərbaycan SSR-də kənd təsərrüfatının inkişafında baş verən dəyişikliklər, Azərbaycan iqtisadiyyatının maddi-texniki bazasının yaradılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi kimi məsələlərə nəzər salınıb. Müəllif qeyd edir ki, həmin dövrdə Azərbaycan ittifaqın tərkibində özünün inkişaf yollarını müstəqil təyin etmək üçün kifayət qədər hüquqlara malik deyildi. Lakin 1969-cu ilin yayında respublikaya enerjili və məqsədə doğru inamla addımlayan lider Heydər Əliyevin gəlişi ilə bu istiqamətdə çox şeylər dəyişdi, respublikanın sürətli inkişafını təmin etmək məqsədilə yeni, qeyri-standart ideyalar həyata keçirildi. Nəticədə– 1970–1985-ci illərdə respublika iqtisadiyyatının inkişaf və səmərəlilik göstəriciləri, onun yüksək dinamizmi orta ittifaq göstəricilərini xeyli üstələdi. Azərbaycan sosial-iqtisadi inkişafın sürətinə görə, Sovetlər İttifaqında birinci yerə yüksəldi.
Kitabın III və IV cildlərdə müstəqillik illərində respublikamızda modern iqtisadi sistemin yaradılması, yeni neft strategiyası, özəl sektorun, sahibkarlığın, əlverişli investisiya mühitinin formalaşması, Azərbaycan iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafını təmin edən kompleks amillər, eləcə də respublika iqtisadiyyatının yaxın və uzaq gələcəyə hədəflənmiş inkişaf strategiyası ilə bağlı məsələlər şərh edilir. Bu cildlərdə ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə 1993–2003-cü illərdə respublika iqtisadiyyatında əldə olunan dinamik inkişaf prosesləri konkret istiqamətlər üzrə araşdırılır, davamlı iqtisadi-sosial inkişafın fundamental əsaslarının yaradılması məsələlərindən bəhs olunur.
IV cilddə bütün bunlar barədə, xüsusilə də ulu öndər Heydər Əliyevin müəyyən etdiyi Azərbaycan dövlətinin inkişaf siyasətinə sadiqlik nümayiş etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003–2020-ci illərdə ölkə iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafını təmin edən kompleks məsələlər, keyfiyyətli həyat səviyyəsini təmin edən amillər, icra edilən proqramlar, respublika iqtisadiyyatının yaxın və uzaq gələcəyə hədəflənmiş inkişaf strategiyası ilə bağlı məsələlər açıqlanır.
Müəllif kitabın V cildini Qarabağ zəfərinə və bölgənin iqtisadi tarixinə və potensialına, bərpası və gələcək inkişafı mövzusuna həsr etmişdir. Bu cilddə müstəqillik illərində torpaqlarımızın azad edilməsi ilə bağlı aparılan sülh danışıqları, bununla bağlı Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi uğurları, Ermənistanın bütün siyasi platformalarda diplomatik küncə sıxışdırılması, Vətən müharibəsində qazanılmış şanlı Zəfərimiz əsas diqqət yetirilən məsələlərdir. Müəllif işğaldan azad olunan ərazilərimizin son 100 ildə iqtisadi və demoqrafik inkişafı məsələlərinə, onların potensialının Azərbaycan iqtisadiyyatının inkişafına verəcəyi töhfələrə nəzər salmışdır.
Bu cildin əhatə etdiyi aktual məsələlər Vətən müharibəsindəki Qələbə kontekstində təhlil olunur. Bildirilir ki, Azərbaycanın güclənməsi və xalqımızın tarixi zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi, dövlət başçısının həyata keçirdiyi iqtisadi inkişaf siyasətinin nəticəsində mümkün olmuşdur. Bu müharibə Azərbaycanın XX əsrdə, müxtəlif şəraitlərdə yaşadığı dövrün parlaq səhifəsidir. Qarşıda isə xalqımızı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni qələbələr, Qarabağ və Şərqi Zəngəzurun bərpası və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü gözləyir.
Bütövlükdə, bu kitab Azərbaycanın nə az nə çox – düz 100 illik tarixi inkişaf yolunun iqtisadi tərəfinə işıq salır. Müəllif çalışmışdır ki, oxucu son 100 ildə Azərbaycanın sosial-iqtisadi inkişafı haqqında maksimum həcmli və obyektiv informasiya alsın, bu və ya digər dərəcədə inkişafın parametrlərini və strukturunu müəyyən edən meyilləri və amilləri qiymətləndirmək imkanı əldə etsin. İqtisadi beşcildlik Azərbaycanın sovet dövrü və müstəqillik tarixinin öyrənilməsi, araşdırılması və təbliği baxımından böyük maraq doğuracaq.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə