Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Muzeylərimiz tariximizin yaddaşını yaşadır

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci il may ayının 18-dən dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd edilməyə başlanmışdır. Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə – Xalq Cümhuriyyətinin dövründə təməli qoyulmuş “Doğma diyarın öyrənilməsi muzeyi” adlanan ilk milli muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaradılmışdır. Azərbaycanda muzey fondu ölkə milyonçularının sovet hakimiyyətinin ilk illərində müsadirə edilmiş sənət əsərləri əsasında təşkil edilmişdir. H.Z.Tağıyevə, M.Muxtarova, M.Nağıyevə, bir sözlə, Bakı milyonçularına məxsus qiymətli sənət əsərləri muzeylərimizin eksponartları olmuşdur. H.Z.Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin binasının özü də tariximizdən xəbər verən daş abidə kimi qiymətlidir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində “İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında” 18 dekabr 2006-cı il, “Müasir İncəsənət Muzeyi­nin yaradılması haqqında” 19 dekabr 2006-cı il, “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 6 mart 2007-ci il, “Azərbaycanın region­larında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponat­larla təchizatına dair xüsusi tədbirlər planı” 22 may 2009-cu il, həmçinin “Azərbaycan Xalça Muzeyinin yeni binasının maddi-texniki təminatı haqqında” 29 dekabr 2013-cü il, eləcə də qoruq muzeylərin təşkilinə, muzey işçilərinə fəxri adların verilməsinə dair sərəncamları, bu mədəniyyət obyektlərinin açılış mərasimlərində şəxsən iştirak etməsi müvafiq sahəyə göstərilən böyük diqqət və qayğı­ya bariz nümunələrdir. Möhtərəm Ptezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir neçə dəfə rəhbərlik etdiyim Milli İncəsənət Muzeyində olmuş, yeni korpusun açılışında iştirak etmişlər.

Hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edir. Ulu öndərin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilmiş, 1994-cü ildə isə bu müşavirənin materialları əsasında “Respublika­da muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilmişdir. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublika­sının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Bu sənəddə qeyd olunur ki, muzey – maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsi­yasını həyata keçirmək məqsədilə Prezident İlham Əliyevin 27 de­kabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunan “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qo­runması, tarix və mədəniyyət qoruqla­rının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq milli mədəni irsimizin qorunması dövlət əhəmiyyətli prioritet məqsəd kimi qarşıya qoyulmuşdur.

Təəssüf ki, neçə-neçə tarixi abidə və muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən qarət olunub və dağıdı­lıb. İşğal olunmuş torpaqlarımızda 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalmışdı. Erməni faşistləri 22 muzeyi, 4 rəsm qalereyasını tamamilə məhv ediblər. Şuşada 8 muzey fəaliyyət göstərib. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muze­yinin Şuşa filialı, görkəmli musiqiçi Qurban Pirimovun Ağdam rayonunda­kı xatirə, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Laçın, Kəlbəcər, Xocalı rayonlarının tarix-diyarşünas­lıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi ermənilər tərəfindən tamamilə yerlə-yeksan olunub.

Bu muzeylərin, demək olar ki, heç birini bütövlükdə xilas etmək, köçürmək mümkün olmayıb.

Azərbaycanın Birinci vitse-pre­zidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində “Şirvan­şahlar Sarayı Kompleksi”, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qo­ruğu, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haq­qında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılır.

İşğal olunmuş ərazilərdə 40 mindən çox eksponata malik olan 22 muzey qalmışdı. Bu muzeylərdəki Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli eksponatlar talan edilmişdir.

Fəaliyyətdə olan ICOM və onun Azərbaycan Milli Komitəsi Qarabağ muzeyləri ilə bağlı müəyyən tədbirlər həyata keçirir. Qarabağ muzeylərinin direktorları ilə tez-tez görüşlər təşkil olunur. Həmin muzeylərin rəhbərləri foto və videomaterialları yığır, muzeylərin binaları və işğaldan öncə ekspozisiyası haqqında məlumatlar toplayırlar. Problem ondadır ki, muzeylərin inventar kitabları işğal zamanı çıxarıla bilməyib. Bu, işi xeyli çətinləşdirir

Artıq Qarabağda muzeylərin bərpasına start verilmişdir. Bülbü­lün ev muzyi istifadəyə verilmişdir. Üzeyir Hacıbəylinin ev muzeyində isə təmir - bərpa işləri aparılır. İşğaldan azad edilmış diğər rayonlarımızda da muzeylər bərpa ediləcək.

Bu muzeylər Qarabağın, bütölükdə xalqımızın tarixinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir.

Çingiz FƏRZƏLİYEV,

Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi

18 May 2022 00:00 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə