Ən son xəbərlər
Şimali Koreya Xalq Demokratik Respublikasında (KXDR) ötən ayın sonundan etibarən koronavirusa yoluxmaların sürətlənməsi səbəbindən ağırlaşan epidemioloji vəziyyətlə mübarizəyə hərbçilər də cəlb olunub.
Bunu Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) açıqlayıb. Qeyd edilir ki, KXDR lideri Kim Çen In ordunun epidemiya ilə mübarizəyə cəlb olunması üçün sərəncam imzalayıb.
Agentlik hakim Koreya Fəhlə Partiyasının Mərkəzi Komitəsinin Koreya Xalq Ordusunun ölkənin təhlükəsizliyinin və əhalinin sağlamlığının qorunmasında əsas rol oynayacağını gözlədiyini yazıb.
Qeyd edək ki, son günlərədək ölkədə СOVID-19 virusunun olmadığını bəyan edən, hətta COVAX proqramı çərçivəsində vaksinlərdən də imtina edən rəsmi Pxenyan mayın 12-də virusa ilk yoluxmalar barədə açıqlama verib. KCNA agentliyi ilk yoluxma hallarından bəri 1,4 milyon nəfərdə qızdırma aşkarlandığını, 56 nəfərin öldüyünü açıqlasa da, neçə nəfərin koronavirus testinin cavabının pozitiv olması barədə məlumat verməyib.
KXDR lideri Kim Çen In ölkənin virusla mübarizəsində fövqəladə hal elan edib. Kim Çen In gözlənilməz böhranı dəf etmək üçün bütün şəhər və rayonlarda sərt qapanmaları tətbiq etməyi tapşırıb.
Rövşən TOĞRUL,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə