Ən son xəbərlər
NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə telefon əlaqəsi saxlayıb və hesab edir ki, Türkiyənin təhlükəsizliyi ilə bağlı məsələləri həll etmək lazımdır. Bu barədə Stoltenberq özünün sosial şəbəkədəki akkauntunda qeyd edib. Məlumatı “Anadolu” agentliyi verib.
Baş katib bəyan edib ki, Türkiyə XİN başçısı ilə söhbətində Finlandiya və İsveçin NATO-ya daxil olmaq üçün ərizə təqdim etmələri ilə bağlı məsələ müzakirə olunub. Stoltenberq yazıb: “Türkiyə dəyərli müttəfiqimizdir və onun təhlükəsizliklə bağlı istənilən problemi həll edilməlidir”.
Şimali Atlantika alyansı başçısının fikrincə, “hazırkı tarixi zamanda” bütün alyans ölkələrinin bir yerdə olması gərəkdir.
Xatırladaq ki, bir gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, ölkəsi Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməz, bu, mümkün deyil.
Türkiyə lideri demişdi: “Əvvəla, biz Türkiyəyə sanksiya tətbiq edənlərə təhlükəsizlik təşkilatı olan NATO-ya üzv olmaqda “hə” deməyəcəyik, inciməsinlər. Çünki o zaman NATO təhlükəsizlik təşkilatı olmaqdan çıxır. “Hə” deyə bilmərik. Bizi bir daha sancmaq olmaz, əvvəl sancdıqları kimi”.
Ərdoğan əlavə edib ki, Finlandiya və İsveçin nümayəndə heyətləri başda Finlandiyanın XİN başçısı Pekka Haavisto və İsveçin Xarici İşlər naziri Ann Linde olmaqla bu məsələ ilə bağlı danışıq aparmaq üçün Türkiyəyə gələcəklər: “Bizi razı salmağa gələcəklər, üzr istəyirik, bizə arxalanmayın. İsveç terrorçular üçün sığınacaq yeridir. İsveç və Finlandiyanın terrora qarşı dəqiq mövqeyi yoxdur”.
İsveç isə Türkiyə Prezidentinin narazılığını aradan qaldırmaq üçün tədbirlər görmək əvəzinə, YPG-PYD-nin Stokholmda aksiya keçirməsinə və böyük bir PKK bayrağını dalğalandırmasına icazə verib. Aksiyada, eyni zamanda, Türkiyəyə qarşı şüarlar səsləndirilib.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə