Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda İƏT PA-nın komitə iclasları keçirilib

Mayın 17-də Azərbaycanın ev sahibliyi ilə Milli Məclisdə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) komitə iclasları keçirilib.

Quruma üzv ölkələrin parlamentarilərinin iştirakı etdikləri komitə iclaslarında təşkilati məsələlərə baxılıb, komitələrin sədrləri, müavinləri və məruzəçiləri müəyyən olunub. İclaslarda “Postpandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusunda çıxışlar edilib, müzakirələr keçirilib.

X X X

İƏT PA-nın Ticarət və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət Sazişi üzrə Komitəsinin iclası Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin sədrliyi ilə keçib.

Tahir Mirkişili iclası açaraq iştirakçıları salamlayıb. Bildirib ki, bu il Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmasının 30 ili tamam olur. İƏT-ə üzv olduqdan sonra ölkəmiz regionda iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə yönəlmiş müxtəlif təşəbbüslərdə konstruktiv şəkildə iştirak edib.

Milli Məclisin komitə sədri Azərbaycanın ticarət əlaqələri haqqında danışaraq bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan hər bir ölkə, xüsusən də İƏT-ə üzv ölkələrlə əməkdaşlığa açıqdır. Tahir Mirkişili, eyni zamanda, Azərbaycanın 44 günlük Vətən müharibəsində torpaqlarını erməni işğalından azad etməklə bölgədə yeni reallıqlar yaratdığını qeyd edib, əməkdaşlıq imkanları barədə danışıb.

Gündəliyin “Postpandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu ilə bağlı Milli Məclisin deputatı Elnur Allahverdiyev çıxış edib. O, pandemiya dövründə ölkəmizdə görülən işlərdən danışıb. Qeyd edib ki, Azərbaycan dünyada vaksini qəbul edən ilk ölkələrdən olub. Milli Məclisin deputatı dünyanın bir daha belə bəla ilə üzləşməyəcəyinə ümidvar olduğunu söyləyib.

İclasda mövzu ətrafında fikir mübadiləsi aparılıb, parlamentarilər postpandemiya dövründə görüləcək işlər barədə düşüncələrini səsləndiriblər.

X X X

İƏT PA-nın Kommunikasiya və əlaqələndirmə üzrə komitəsinin iclasına Milli Məclisin deputatı İltizam Yusifov sədrlik edib.

İclası açan İltizam Yusifov qonaqları salamlayıb, iclas iştirakçılarına uğurlar diləyib.

İltizam Yusifov gündəliyin “Postpandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu ilə bağlı çıxışında Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsində maraqlı olmasından danışıb. O, Azərbaycanın nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsinə böyük önəm verdiyini vurğulayıb və bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verib.

Deputat iclas iştirakçılarına 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin regionda, xüsusən də nəqliyyat-kommunikasiya əlaqələrinin inkişaf etdirilməsində yaratdığı yeni reallıqlardan bəhs edib. Bildirib ki, Azərbaycan bölgədə sülhün məhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün bütün maraqlı tərəflərlə tərəfdaşlıq etməyə hazırdır.

İclasda mövzu ilə bağlı müzakirələr aparılıb, parlamentarilərin fikirləri dinlənilib.

X X X

İƏT PA-nın Qadın, gənclər və mədəni məsələlər üzrə komitəsinin iclasına isə Milli Məclisin deputatı Könül Nurullayeva sədrlik edib. Gündəliyin “Postpandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu ilə bağlı çıxışında Könül Nurullayeva koronavirusla mübarizədə Azərbaycanın təcrübəsindən danışıb, görülən qabaqlayıcı tədbirlər sayəsində insanlar arasında itkilərin az olduğunu diqqətə çatdırıb, pandemiya dövründə gənclər və qadın problemləri ilə yanaşı, mədəniyyət sahəsinin çox zərər çəkdiyini qeyd edib.

Milli Məclisin deputatı Azərbaycanın Vətən müharibəsindəki Zəfərindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və yenidən qurulması barədə məlumat verib. Bildirib ki, bölgədə açılacaq kommunikasiya və logistika layihələri regional əməkdaşlığa və iqtisadi inkişafa böyük töhfələr verəcək.

İclasda parlamentarilərin mövzu ilə bağlı məruzələri dinlənilib, fikir mübadiləsi aparılıb.

17 May 2022 18:49 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə