Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gədəbəy: səyyar görüşdən hamı razı qaldı

Alnabat kəndində keçirilən səyyar qəbul-görüşdə çıxış edən rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev bildirmişdir ki, belə tədbirlər ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqları ilə keçirilir. Məqsəd insanların problemlərini daha dərindən öyrənmək, onları həll etmək, lazım gəldikdə yuxarı orqanlar qarşısında məsələ qaldırmaqdan ibarətdir. N.Nağıyev demişdir ki, ölkə Prezidentinin yaxından köməyi sayəsində son illər Gədəbəyin siması xeyli dəyişmiş, yeni yollar, körpülər salınmış, sosial obyektlər istifadəyə verilmiş, iş yerləri yaradılmışdır. Bu baxımdan Alnabat kəndi də istisna deyil.

İcra hakimiyyətinin məsul işçilərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüş əsl işgüzarlıq şəraitində davam etmişdir. Natiq Nağıyev kənd sakinlərini təmkinlə dinləyərək onların hər birinə imkan vermişdir ki, problemləri söyləsinlər, nöqsanları göstərsinlər, təkliflər irəli sürsünlər. Görüşə gələnlər də bu im­kandan lazımınca istifadə etmiş, həllini gözləyən problemləri qeyd etmişlər.

Kiçik Qaramurad-Əyrəvəng avtomo­bil yolunun asfaltlaşdırılması, elektrik təsərrüfatının yenilənməsi və digər şəxsi məsələlərlə bağlı müraciətlər üstünlük təşkil etmişdir.

Rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev kənd sakinlərinin arzu və təkliflərinin hər birini diqqətlə dinləyərək problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını vermişdir. Bir çox müraciətlər elə yerindəcə həll edilmişdir.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən bu cür tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

17 May 2022 00:17 -

Köhnə versiyamızdan xəbərləri izlə