Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İrəvanda köhnə motivli “təzə” söhbət

Ermənistanda vəziyyət gərgindir. Amma heç də hamı Robert Koçaryan, Serj Sarkisyan və onları mitinqlərdə, küçə yürüşlərində təmsil edən siyasi düşərgədəkilər kimi düşünmür. Erməni cəmiyyəti bu şəxslərin Azərbaycana düşmənçiliyi təbliğ etməklə siyasi xal toplamağa, yenidən hakimiyyətə gəlməyə ümid bəslədiklərini yaxşı anlayır. Koçaryan və Sarkisyan kimi insan qatilləri erməni xalqının reallığı, həqiqəti qəbul etməsinə mane olmağa cəhd göstərirlər. Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda sosial –iqtisadi vəziyyət daha da pisləşib.

Uğursuz dövlətin başıpozuq “əvəzçıxma” istəkliləri isə bəzən cızığından çı­xır, bəzən də qayıdıb cızığını tapa bilmir və düzün ortasında qalır. “Əvəzçıxma” həvəsində olanların Xankəndi və çevrəsində durumu gərginləşdirmək cəhdləri, əlbəttə, nəticə verməyəcək. 30 illik işğala, işğalın ağır nəticələrinə baxmayaraq, ədalətsizliklə barışmayan Azərbaycanın növbəti erməni iştahı­na razılıq verməyəcəyi dəqiqdir. Yəni “əvəzçıxma” axtarışında olanlar doğru­danmı bu sadə həqiqəti anlamırlar?

“Dəmir yumruğu” öz başında görənlər görüb, (bəzisi bir daha heç nə görə bilməyəcək), hələ görməyiblərsə, canlarının qeydinə qalıb, birdəfəlik itsələr yaxşıdır.

Xeyli vaxtdır, Koçaryan, Sarkisyan və yaxın çevrələri İrəvanda kütləvi aksiyalar təşkil etməklə Ermənistanda vəziyyəti gərginləşdirmək istəyirlər. İstəyirlər ki, Nikol Paşinyanı devirib, yenidən hakimiyyəti zəbt etsinlər. Bu istəkdən irəli gələn plan, 24 il öncənin hadisələrini yada salır. O vaxt kütləvi itaətsizlik təşkil edən qüvvələr Levon Ter-Petrosyanın istefasına və Robert Koçaryanın timsalında hakimiyyəti mənimsəməyə nail olmuşdu.

Ssenari eyni, hakimiyyəti mənimsəmək istəyənlər eyni, siyasi motivlər eyni... 20 ildən çox Koçar­yan – Sarkisyan cütlüyünün axmaq idarəçiliyindən nəsibini almış erməni toplumunun nə qərar verəcəyini özləri bilər. Qaniçən “Qarabağ erməniləri”nin oğru, talançı və “bespredel” rejimi üçün çox darıxıblarsa, nə istəyirlər etsinlər, bunu da özləri bilər. Kocaryan – Sar­kisyan və bənzərlərinin idarəçiliyindən nəsə ümid gözləyən toplumun aqibəti xeyir deyil. Bu bir həqiqətdir ki, uğur­suz dövlət yarımcan halı ilə növbəti acı nəticələri qaldıra bilməz. 44 günlük müharibədən az sonra Ermənistanda keçirilmiş parlament seçkiləri açıq göstərdi ki, hətta müharibədəki ağır məğlubiyyətə baxmayaraq, erməni xalqı keçmiş cinayətkar rejimin rəhbərlərinə yenidən mandat verməməkdə qərarlıdır.

Azərbaycanla müharibədə uduzan Paşinyan deyil, yaxud yalnız Paşinyan deyil. Getdikcə daha çox insan bunu dərk edir. Ermənistanın birinci prezi­denti L.Ter–Petrosyan “Təslim olan Paşinyan deyil, Ermənistandır” – deyib. O, Baş nazir Nikol Paşinyanın yerinə kim olur – olsun, istər Robert Koçaryan, Serj Sarkisyan, yaxud da, lap, İşxan Sağatelyan, Ermənistanın boynuna qoyulan istənilən qərarı itaətlə qəbul edərdi” – deyə vurğulayıb.

Hələ 2020-ci ilin noyabrında – 44 günlük müharibədən bir həftə sonra Füzuli şəhərinə səfər edən müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev deyirdi: “Biz Ermənistan ordusunu çökdürdük. Eyni zamanda Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik.

...Biz Koçaryan, Sarkisyan ordusunu məhv etdik.

...Hanı sizin qəhrəmanlığınız? Döşünüzə vurmusunuz saxta qəhrəman ordenlərini. Çıxarın atın eşiyə o dəmir-dümürləri. Sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Sizi – Koçaryan və Sarkisyan – Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları – sizi biz məğlub etmişik. Sizin ordunuzu məhv etmişik!”

...Bəli, “əvəzçıxma” və hakimiyyət aşiqləri bütün cəhdlərə baxmayaraq, bacarıqlı ola bilmir. Onlar Paşinyan hakimiyyətinə təsirli təzyiq göstərmək üçün küçələrə lazım olan sayda kütlə çıxartmağa, siyasi izdiham yaratmağa nail ola bilmədi. Bu zaman başqa bir çirkin ssenari yada düşür: Robert və Serjik cütlüyü, Qarabağda durumu gərginləşdirmək, Araik Arutunyanın aradan götürülməsinə nail olmaq istəyindədir. Görünən odur ki, bədnam cütlük özlərinin İrəvanda gerçəkləşdirə bilmədikləri hakimiyyət ehtiraslarını Xankəndidə həyata keçirmək planı düşüncəsindədir. Fikirləşirlər ki, bəlkə bu yolla İrəvanda hakimiyyətə gələ bilələr.

Budur, yayılan məlumata görə, ge­neral Samvel Karapetyan Xankəndinin mərkəzində 4 gəncə odlu silahdan atəş açıb. Samvel erməni millətçilərinin hələ Sovet dövründən (1988-ci ildən) bizim suveren ərazilərimizdə başlatdığı terror siyasətinin fəallarındandır. O, hərbi əməliyyatlarda xüsusi qəddarlığı ilə seçilib.

14 il bundan öncə – 2008-ci il martın 1-də Ermənistanda, həmin ilin 19 fevralında keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz edən dinc mitinqçilərin qətlə yetirilməsinə Samvel Karapetyan şəxsən başçılıq edib. Onun R.Koçaryanın tərəfdarı olduğu və Pa­şinyan hakimiyyətinə qarşı proseslərdə öz fəallığı ilə seçildiyi söylənir.

R.Koçaryan, S.Sarkisyan, S.Karapetyan və onlar kimi düşüncədə olanlar unudur ki, indi XX əsrin 90-cı illəri deyil. Unudurlar ki, Azərbaycan fövqəladə dərəcədə dəyişib, “dəmir yumruğu” da yerindədir!

Şanlı Azərbaycan Ordusu ermənilərin Xankəndidə və ya çevrəsində hazırkı vəziyyəti gərginləşdirməyə yönəlmiş istənilən cəhdinin qarşı­sını elə alacaq ki, ömür boyu unu­da bilməyəcəklər, ömür boyu! Bu, çox aydın və şübhəsizdir. İstənilən “əvəzçıxma” və bu minvalla hakimiyyəti qamarlama istəyi Ermənistanı tarix səhnəsindən silə bilər. Onsuz da, cəmisi 104 illik “dövlətçilik baqajı” ilə çox hoppanıb–düşmək olmaz. Sadəcə düşmək olar – bir daha qalxmamaq şərti ilə...

Əkbər QOŞALI

17 May 2022 00:07 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə