Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biz hər zaman birlikdə olacağıq

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri zamanı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Rize–Artvin Hava Limanının açılış mərasimində iştirak etməsi, burada yüksək qonaqpərvərliklə qar­şılanması iki ölkə arasında qardaşlığın və sarsılmaz birliyin nümayişinin daha bir təsdiqinə çevrilib. Dövlətimizin başçısının Türkiyə torpağına indiyədək çoxsaylı görüşlərində hər zaman belə maraq, coşğu yaşa­nıb. Tarixən mövcud olan bu səmimiyyət və mehribanlıq “Bir millət, iki dövlət” kəlamının müəllifi ümummilli lider Heydər Əliyev tərəfindən daha da gücləndirilib. Dahi şəxsiyyət Türkiyəyə sonsuz sevgisini həmişə ifadə edib, Azərbaycanın Türkiyənin inkişafından, gücündən, uğurlarından daim qürurlandığını vurğulayıb.

Azərbaycan–Türkiyə uğurlu strateji müttəfiqlik münasibətləri, eyni zamanda, regionda sülh, sabitlik və əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Fikrimin təsdiqi üçün diqqəti bir məqama yönəltmək istərdim. İkinci Qarabağ müharibəsində Azərbaycanın ədalətli qələbəsi ilə Ermənistanın 30 illik işğalına son qoyuldu. Bununla da Cənubi Qafqaz regionunda yaranan yeni reallıqlar nəticəsində bu coğrafiyada əməkdaşlığın, qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi zərurətinin gerçəkləşdirilməsinə xüsusi önəm verildi. Belə bir mühitin bərqərar olmasında isə Azərbaycan ilə bərabər Türkiyə tərəfindən də önəmli rol oynanıldı. Şübhəsiz ki, bu şərait regionun digər dövlətlərinin sülh maraqlarına xidmət etdiyindən ilk gündən bölgənin barış məkanına çevrilməsi prosesinə başlanıldı.

Onu da qeyd edim ki, Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlaması regionda əmin-amanlığa, sülhə təhdid yaradırdı. Vətən müharibəsində ordumuz düşmən üzərində parlaq qələbə ilə bu təhlükəni aradan qaldırdı, bölgədə yeni inkişaf mərhələsinin başlanmasını şərtləndirdi. Bu amilin meydana çıxmasında isə yuxarıda vurğulandığı kimi, Türkiyə dövləti mühüm rol oynadı. Bu, Azərbaycan Ordusunun qardaş ölkənin hərbi təcrübəsindən bəhrələnərək, inkişaf etməsində, dünyanın ən qüdrətli silahlı qüvvələrindən birinə çevrilməsində özünü göstərdi. Bu fikri bir qədər də konkretləşdirib deyə bilərəm ki, Azərbaycan torpaqlarımız işğal altında olduğu dövrdə Türkiyə ilə müdafiə sənayesinin və kadr hazırlığının gücləndirilməsi ilə bağlı birgə layihələr əsasında silahlı qüvvələrimizin inkişafını prioritet istiqamət kimi diqqət mərkəzində saxladı. Bütün bunlar 44 günlük Vətən müharibəsində öz real nəticəsini göstərdi.

Qardaş Türkiyə İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasında da öz quruculuq missiyasını uğurla davam etdirib, bu sahədə Azərbaycan inşaatçılarına fəal dəstək göstərib. Dost ölkə Zəngilan rayonunda respublikamızla birgə birinci aqroparkın yaradılmasına başlayıb. Keçən il dövlətimizin başçısı Türkiyə Cümhuriyyətinin Prezidenti ilə birlikdə “DOST Aqropark”ın təməlini qoyub.

Prezident Rəcəb Tayyib Ərdoğanın Vətən müharibəsindən sonra Şuşaya səfəri, Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı bir daha nümayiş etdirdi ki, qardaş ölkə Azərbaycanın yanında olmaqla bərabər, həm də bölgədə sülh və əmin-amanlığın yaradılmasına sadiqdir. Ötən il iyunun 15-də Şuşa şəhərində imzalanan Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə də bunun parlaq nümunəsidir.

Yeri gəlmişkən, Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik, hər iki ölkənin liderləri arasında qardaşlıq və dostluq münasibətləri təkcə bu dövlətlərin tərəqqisinə deyil, həm də bütün Türk dünyasında əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərir, xalqlarımızın daha da yaxınlaşmasını şərtləndirir. Məhz elə bu səbəbdəndir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası məhz prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yorulmaz səyi ilə getdikcə inkişaf edir. Adı çəkilən şuranın Türk Dövlətləri Təşkilatına çevrilməsi də bunun bariz ifadəsidir. Xatırladım ki, artıq bu təşkilatda birləşən türk dövlətləri arasında münasibətlər, əlaqələr gündən-günə güclənir, qurum regional və beynəlxalq səviyyədə müəyyən güc kimi qəbul olunur.

Azərbaycan ilə Türkiyə arasında siyasi məsələlərdə olduğu kimi, iqtisadiyyat, ticarət, elm və təhsil kimi vacib sahələrdə də dinamik inkişaf mövcuddur. Nəqliyyat- kommunikasiya sektorunda gerçəkləşdirilən birgə layihələr regionun həyatını daha da canlandırır və tərəqqini şərtləndirir.

Azərbaycan-Türkiyə münasibətləri kifayət qədər çoxşaxəli və genişmiqyaslıdır. Yuxarıda göstərilənlər isə onu deməyə əsas verir ki, iki ölkənin sıx əməkdaşlığı qardaşlığa, dostluğa və strateji müttəfiqliyə əsaslanır. Son zamanlar hər iki dövlətin müxtəlif sahələrdə birgə həyata keçirdikləri layihələr də bu ölkələr arasında münasibətlərin daha yüksək səviyyəyə yüksəlməsinə əlverşli zəmin yaradır.

İqbal MƏMMƏDOV,

Milli Məclisin deputatı

17 May 2022 00:39 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə