Ən son xəbərlər
Meşələr nəfəs aldığımız havanı tozdan, sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən buraxılmış külli miqdarda zəhərli qazlardan təmizləyir, saflaşdırır, insanın tənəffüsü üçün vacib olan oksigenlə zənginləşdirir. Bir sıra ağac, kol və yarımkollar xəstəlik törədən mikroorqanizmləri məhv edən xüsusi maddələr buraxmaq qabiliyyətinə malikdir. Bu da insanın sağlamlığı və uzun ömür sürməsi üçün əsas şərtdir.
Həmçinin meşələr torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya-gigiyena baxımından saflaşdırır, təbiətdə maddələr mübadiləsində və enerjinin bioloji dövriyyəsində əvəzsiz rol oynayır.
Bütün bunları sadalmaqda məqsədimiz meşə sahələrinin qorunmasının zəruriliyini, yaşıllıq sahələrinin bərpasının taleyüklü bir məsələ olduğunu, nəhayət, yanğın təhlükəsinə qarşı mübarizənin ciddiliyinin həmişəkindən daha vacibliyini bir daha xatırlatmaqdır.
Bir azdan bürkülü yay günləri başlanacaq. Havaların çox isti keçəcəyi ilə əlaqədar yabanı otlar quruyacaq və meşələr, yol kənarında əkilmiş ağaclar üçün ciddi yanğın təhlükəsi yaranacaq. Elə buna görə də yerli təşkilatlar tərəfindən yanğın əleyhinə qabaqlayıcı tədbirlər görülməsi zəruridir. Dünyada və ölkəmizdə baş vermiş yanğınlar məsul şəxslərin, hər bir insanın son dərəcə diqqətli olmasını, öz işlərinə, addımlarına daha ciddi yanaşmasını tələb edir.
Vaxtında yanğına qarşı mineral zolaqların çəkilməməsi, yanğınların söndürülməsi üçün zəruri avadanlıq və ləvazimatların hazır vəziyyətdə saxlanılmaması, xüsusən yerlərdə – meşə və park ərazilərində növbətçilərin olmaması səbəbindən məhz kənarda baş vermiş çöl yanğınları meşələrin ərazisinə keçir və yanğına anında müdaxilə edilmədiyi üçün problemlərə gətirib çıxarır.
Meşə yanğınları təbii sərvətlərə və ətraf mühitə böyük ziyan vurur. Bu yanğınların baş verməsi təhlükəsinin qarşısını almaq üçün, ilk növbədə, geniş təbliğat işlərinə ehtiyac duyulur. İnsanlar kiçik yaşlarından ümumxalq sərvəti olan meşələrin qorunması, təbiətə məhəbbət ruhunda tərbiyə olunmalıdırlar. Meşədə həmişə odla ehtiyatlı olmalı və yanğın baş verərsə, onun qarşısını almaq üçün meşə işçilərinə kömək edilməlidir. Xüsusilə yanğın təhlükəsi artan quraqlıq aylarda təbliğat və təşviqat işləri gücləndirilməlidir. Meşə ərazisi olan rayonlarda yaşayan əhali və təbiət qoynunda istirahət edən insanlar meşə yanğınlarının əmələ gəlməsi səbəblərini və onu söndürmək üsullarını bilməlidirlər.
Meşə yanğınları əsas etibarilə insanlar tərəfindən törədilir. Bunlardan meşədə ocağı yana-yana qoyub getməyi, siqareti söndürməmiş tullamağı, ovçu tüfəngindən atılan güllədən əmələ gələn yanğını və s. göstərmək olar. Meşə yanğınları ildırımla da törənə bilər. Meşədə çoxlu miqdarda qurumuş ağacların, tör-töküntülərin olması baş vermiş yanğının güclənməsinə şərait yaradır. Böyük meşə sahələrində baş verəcək yanğın başqa sahələrə keçməsin deyə, əlavə yollar açılır. Ən çox yanğın təhlükəsi kütləvi istirahət sahələrində yaranır. Belə sahələrdə ocaq qalamaq üçün xüsusi yerlər düzəldilir.
İsti havalarda meşələrdə yanğınların baş verməsinə heç kimdə şübhə ola bilməz. Əlbəttə, meşələrimizi yanğından qorumaq təkcə meşə gözətçilərinin işi deyil, təbii sərvətlərimizin yanğından mühafizəsində hamımız bir nəfər kimi yaxından iştirak etməliyik.
Baş vermiş yanğını dərhal söndürmək üçün ictimaiyyətin köməyinə böyük ehtiyac var. Həmçinin meşələrdə, istirahət mərkəzlərində dincələn turistlərin, qonaqların bəzi ehtiyatsız hərəkətləri ictimai nəzarətə götürülməli, istirahət obyektlərinin rəhbərləri tərəfindən ətraf mühitin mühafizəsi ilə əlaqədar onlarla söhbətlər aparılmalıdır.
Havaların çox isti və quraq keçəcəyi təqdirdə, həmçinin taxıl biçini ilə əlaqədar yanğın təhlükəsi arta bilər. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha şəhər və rayon rəhbərliklərindən, bələdiyyələrdən meşə və kolluqların qorunması, eyni zamanda, gələcəkdə baş verə biləcək yanğın hadisələrinin, habelə digər ekoloji fəlakətlərin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsini tələb edir.
Təəssüf ki, bələdiyyələr çox vaxt öz hüquq və səlahiyyətlərindən lazımınca istifadə etmirlər. Əkin-biçindən sonra torpaqların yandırılmasına adi hal kimi yanaşırlar. Torpaqlar ildən-ilə məhsuldarlıqdan düşür və nəticə etibarilə eroziyaya uğrayır.
Yuxarıda qeyd etdiyimiz kimi, yanğınların çoxu odla ehtiyatsız davranış və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozmaları səbəbindən baş verir. İsinmək, xörək bişirmək üçün qalanmış tonqalların və ocaqların meşəni tərk edərkən tam söndürülməməsi çox vaxt yanğınlarla nəticələnir.
Meşələrə sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı və s. kimi tezalışan mayelərə bulaşmış əsgi və digər materialları atmaq olmaz. Müəyyənləşdirilməyən yerlərdə avtomobil, traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması yolverilməzdir.
Yanğın zamanı alçaq boylu ağaclar və kollar, cücərtilər məhv olur. Hündürboylu ağacların gövdə və budaqları qovrulduğu üçün ümumi inkişafı zəifləyir. Bitki qalıqlarının vaxtaşırı, müntəzəm yandırılması nəticəsində torpaq üzvü maddələrdən məhrum olur. Yanğın zamanı həm də yerin üstündə və altında yaşayan heyvanlar, mikroorqanizimlər məhv olur. Təşviqat vasitələri olaraq ərazilərdə, yol ətraflarında “Odla ehtiyatlı davranın”, “Söndürülməmiş siqareti yerə atmayın”, “Meşəni oddan qoruyun” və s. şüarlar yazılmış lövhələrin asılması həm vacib, həm də məqsədyönlü olardı.
Məlum olduğu kimi, ölkəmizə turist axını ildən-ilə güclənir. Həmçinin son illərdə Azərbaycan beynəlxalq tədbirlərin bir çoxuna evsahibliyi edir. Xüsusilə, turist zonası kimi gənclərin və uşaq təşkilatlarının istirahəti, maraqlı tədbirləri, yay düşərgələri respublikamızda təşkil olunur. Belə tədbirlər zamanı meşədə tonqal yandırılması yalnız Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin icazəsi ilə bu təşkilatın ayırdığı xüsusi yerlərdə təşkil oluna bilər. Tullantıların yandırılması da bütün hallarda həmin təşkilatla razılaşdırılmalıdır.
Yeri gəlmişkən deməliyik ki, tonqal yandırılarkən bütün təhlükəsizlik qaydalarına əməl edilməlidir. Tonqal heç bir halda ağac altında (xüsusən də budaqları aşağı sallanan ağacların altında) yandırılmamalıdır. Quru ağac kötükləri və quru ot olan ərazidə də ocaq qalamaq olmaz. Tonqal qalamaq üçün əvvəlcədən yer hazırlamaq və yaxud köhnə, qalanmış tonqalın yerindən istifadə etmək lazımdır. Bunun üçün, ilk növbədə, ağaclardan xeyli aralıda yer hazırlamaq məqsədəmüvafiqdir. Həmin ərazi otlardan təmizlənməli, sonra isə yandırılacaq odun parçaları üçün çala qazılmalıdır.
Yanğından əvvəl bir qayda olaraq qabaqlayıcı və maarifləndirici tədbirlər görülməsi daha vacibdir. Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr 2-3 metr enində şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir.
İnsanlar bilməlidir ki, onlar üçün meşə yanğınının təhlükəsi nəinki alovun birbaşa təsirindən, eyni zamanda, atmosferdəki güclü oksigen çatışmazlığından, dəm qazının və digər qatışıqların artmasından yaranan zəhərlənmələrdən ibarətdir. Bunları nəzərə alaraq, meşə yanğınları zamanı, ilk növbədə, insanlar və kənd təsərrüfatı heyvanları təhlükəli zonadan çıxarılmalı, yanğın yerinə giriş məhdudlaşdırılmalı, yanğın söndürülməklə təhlükəsizlik təmin edilməlidir. Yanğın ərazisində işləyənlər xüsusi geyimlər, kaskalar, tüstü əleyhinə maskalar və əleyhqazlardan istifadə etməlidirlər.
Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar, Kənd Təsərrürafatı nazirliklərinin və Baş Prokurorluğun, eləcə də “Azəriqaz” İstehsalat Birliyinin, “Azərenerji” ASC-nin və Lənkəran Şəhər İcra Hakimiyyətinin iştirakı ilə “Yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artıraq” mövzusunda Lənkəran şəhərində müşavirə keçirildi. Məruzə və çıxışlarda bir daha qeyd olundu ki, isti havaların başlaması ilə əlaqədar yanğın təhlükəsizliyinin qorunması günün ən vacib məsələsidir. Eyni zamanda, bildirildi ki, bu sahədə maarifləndirici və qabaqlayıcı tədbirlərin keçirilməsi ilə yanaşı, yanğın əleyhinə mübarizədə geniş əhali kütləsi də xüsusi fəallıq göstərməlidir.
İsti havaların başlanması ilə əlaqədar ölkə ərazisində artıq yanğın təhlükəsizliyi tədbirlərinə start verilib. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təlimatına uyğun şəkildə bölgələrdəki yerli qurumlarda xüsusi iş qrafiki tutulub, növbətçilik cədvəli tərtib olunub. Müntəzəm olaraq yerli dövlət qurumları, bələdiyyələr, Kənd Təsərrürafatı Nazirliyinin yerli idarələri, fermerlər və geniş əhali kütləsinin iştirakı ilə maarifləndirici tədbirlər həyata keçirilir.
Bəxtiyar HÜSEYNOV,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional ETSİ-nin əməkdaşı
Köhnə versiyamızdan xəbərləri izlə