Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xarıbülbül” festivalı Şuşanın dünyaya sülh və dostluq mesajıdır

Şuşa azad edildiyi ilk günlərdən burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanıldı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən şəhərin yenidən qurulması, abadlaşdırılması diqqət mərkəzində saxlanıldı. Şəhərin yollarının, su, elektrik təchizatının qaydaya salınmasına xüsusi önəm verildi və dövlətimizin başçısının qətiyyətli siyasəti nəticəsində bu istiqamətlərdə qısa zaman ərzində möhtəşəm layihələr reallaşdırıldı.

Bütün bunlarla bərabər, ardıcıl olaraq Şuşanın əsl tarixi simasının bərpası yönündə genişmiqyaslı işlər də görüldü. Şəhərin Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün, muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtında aparılan kompleks işlərin tərkib hissəsi kimi diqqət çəkdi.

Şuşanın tarixi simasının qaytarılması, şəhərin mədəniyyət mərkəzi statusunun bərpası istiqamətində atılan önəmli addımlarla yanaşı, ənənəvi tədbirlərin keçirilməsinə də start verildi. Ötən il mayın 12–13-də Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ənənəvi “Xarıbülbül” festivalı yenidən təşkil edildi.

Belə bir möhtəşəm festivalın bərpa edilməsi ilə bağlı dövlətimizin başçısı 2021-ci noyabrın 8-də Şuşada hərbçilər qarşısındakı çıxışında ətraflı bəhs edərək demişdi: “Hər il işğal dövründə düşmən bizim üçün müqəddəs olan Şuşada may ayında Şuşanın işğalını bayram edirdi. May ayında bu il bax burada, Cıdır düzündə “Xarıbülbül” festivalı keçirildi, muğam səsləndi. Avqust ayında Vaqif Poeziya Günləri keçirildi, Vaqifin və digər dahi şairlərimizin şeirləri səsləndi. Artıq bu torpaqlarda, bu səmada bu torpaq üçün, bu səma üçün yad dildə nə mahnı eşidiləcək, nə başqa bir yersiz bəyanat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub. Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Bax, budur reallıq”.

Bəli, V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi də Azərbaycan Prezidentinin vurğuladığı həmin reallığın məntiqi nəticəsidir. Bu möhtəşəm tədbir, eyni zamanda, Prezident İlham Əliyevin “Bizi Qarabağdan, doğma Şuşadan heç kim, heç bir qüvvə ayıra bilməz” hökmünün təsdiqidir. Cıdır düzündən bütün dünyaya yayılan musiqi sədaları – xarici ölkələrin musiqiçilərinin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın folklor qruplarının diqqətçəkən çıxışları isə sülhün, əmin-amanlığın rəmzi kimi bu torpağın əsl sahibinin Azərbaycan olduğunu əyani surətdə nümayiş etdirir, Qarabağın – bu qədim yurd yerinin, mədəniyyət paytaxtımızın xalqlar arasında dostluq və qardaşlıq məkanına, barış mərkəzinə çevrildiyindən xəbər verir.

Mədət MƏMMƏDOV,

Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyinin sədri

14 May 2022 00:02 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə