Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda mətbuatın iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsi üçün yeni addımlar atılır

Prezident İlham Əliyevin çıxışlarında vurğulandığı kimi, söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Ölkə rəhbərinin həyata keçirdiyi zəruri tədbirlər, KİV-in davamlı inkişafına göstərilən yüksək diqqət və qayğı nəticəsində ötən illərdə milli jurnalistikamız önəmli inkişaf yolu keçib, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib.

Son illər respublikamızda media islaha­tının sürətlə gerçəkləşdirilməsi üçün dövlət media siyasətinin müasirləşdirilməsini və çevikləşdirilməsini, bu sahədə normativ-hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanıb həyata keçirilməsini reallaşdıran bir sıra layihələr gerçəkləşdirib. Bu sırada “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılması, media haqında yeni qanunun qəbul edilməsi mühüm önəm daşıyıb. Media sahəsində aparılan hərtərəfli, dərin islahatların davamı olaraq atılan bu addımlar respubli­kamızda demokratik dövlət və azad media münasibətlərinin yeni inkişaf səviyyəsinə qalxmasına müsbət təsir göstərib.

Bütün bunlar cəmiyyətin hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçiril­diyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiya­ların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə ölkəmizin KİV sferasında da yeniləşmə və təkmilləşmənin uğurla davam etdirildiyini göstərir.

Bu uğurlar fonunda Nazirlər Kabineti tərəfindən 13 may 2022-ci il tarixli qərarla “İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı” təsdiqlənib.

Nazirlər Kabinetinin məlumatına görə, siya­hıya rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı, müxtəlif ölçü və qramda olan yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton, kitab­ların cildlənməsi üçün tikilən kağız və karton üzlük, illüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər, kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabla­rı, kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr kimi məhsullar daxildir.

Xatırladaq ki, qəzet kağızına tətbiq olunan əlavə dəyər vergisi (ƏDV) ənənəvi medianın inkişafına mənfi təsir göstərirdi. Başqa sözlə, Dövlət Gömrük Komitəsinin Azərbaycan gətirilən kütləvi informasiya vasitələri məhsullarına 18 faizlik ƏDV tətbiq etməsi mətbu orqanların fəaliyyətini məhdudlaşdırırdı.

Ekspertlərin sözlərinə görə, ölkəyə idxal olunan qəzet kağızları, redaksiya, nəşriyyat və poliqrafiya məhsullarına qanunla ƏDV tətbiq olunmasının qadağan olunduğu halda, 2016-cı ilin yanvarın 1-dən etibarən Dövlət Gömrük Komitəsinin bu istiqamətdə heç də ürəkaçmayan qərar qəbul etməsi KİV-lərin maliyyə yükünün artmasına səbəb olmuş­du ki, bu da bəzi media orqanlarının qəzet nəşrini dayandıraraq, yalnız elektron medi­ada fəaliyyət göstərmək yolunu seçməsi ilə nəticələnmişdi.

Bu fikri bir qədər də konkretləşdirib deyə bilərik ki, Vergi Məcəlləsinin 164.1.7-ci maddəsində kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redak­siya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) vergi ödəməkdən azad olduğu qeyd edilir. Lakin Gömrük Komitəsi qəzet kağızları, redaksiya, nəşriyyat və poliqrafiya məhsullarına ƏDV-nin tətbiqinin Vergi Məcəlləsinin 164.2-ci maddəsinin ləğv edilməsi ilə əsaslandıraraq, qanunda yaranmış boşluğu bu cür “doldururdu”. Halbuki Vergi Məcəlləsinin 164.2-ci maddəsi ləğv olunsa da, 164.1 və 164.1.7-ci maddələri qüvvədədir. Məhz bu maddələri nəzərə alaraq KİV məhsullarına ƏDV tətbiq olunmamalı idi.

Beləliklə, 2021-ci ilin dekabrında dövlətimizin başçısı İlham Əliyevin müvafiq fərmanı ilə Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə dair siyahının təsdiqi Nazirlər Kabinetinə həvalə olundu və bu 13 may 2022- ci il tarixdə imzalanan qərarda öz ifadəsini tapdı. Bununla da media sahəsində aparılan əsaslı islahatların ardıcıllığının təmin edilməsi, bu sahədə tədbirlərin kompleks şəkildə həyata keçirilməsi gerçəkləşdi. Eyni zamanda, çap mediası subyektlərinin, çap məhsullarının yayımını həyata keçirən şirkətlərin səmərəli fəaliyyətinə, iqtisadi dayanıqlılığının artmasına əlverişli zəmin yarandı.

V.BAYRAMOV,

“Xalq qəzeti”

13 May 2022 23:59 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə