Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev: Azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır

Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə milli musiqimizin beşiyi, Qarabağın gözü olan Şuşada aparılan bərpa-quruculuq işlərinin miqyası və sürəti hər kəsdə dərin məmnunluq hissi doğurur. Bu sahədə hər yeni xəbər, müjdə qəlbimizi sevindirir. Görünən budur ki, Azərbaycan xalqı əl-ələ verib Şuşanı dünyanın ən gözəl guşələrindən birinə çevirməyə çalışır. Hər kəsə bəllidir ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Düşməndən azad edilən bu gözəl və bənzərsiz şəhərin həyatının yeni, xoşbəxt novrağı başlayır. Şuşa azaddır, xoşbəxtdir, deməli, bütün xalqımız xoşbəxtdir. Azərbaycan öz tarixinin ən şanlı günlərini yaşayır. Buna necə sevinməmək, qürur duymamaq olar?!

Şuşaya bütün qəlbi, ruhu ilə bağlı olmayan Azərbaycan vətəndaşı yoxdur. Amma, mənə elə gəlir ki, Prezident İlham Əliyev Şuşanı hər birimizdən daha çox istəyir, onu son­suz, məhrəm bir məhəbbətlə sevir, əzizləyir, bugününü və gələcəyini düşünür. Xalqımızın 30 illik şuşasızlıq həsrətinə son qoyan Ali Baş Komandanın Şuşanı hamıdan çox sevməyə və onunla öyünməyə haqqı var!

Bu günlərdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezi­dent Mehriban xanım Əliyeva yenidən Şuşada olublar, burada aparılan geniş tikinti-quruculuq işləri ilə yaxından tanış olaraq, tapşırıq və tövsiyələrini veriblər. Mayın 10-u müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü idi. Prezident İlham Əliyev əlamətdar hadisə ilə bağlı müraciətində demişdir: “Qa­rabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri düşmən bərbad hala qoymuşdur. Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik”.

Şuşa təkcə qeyri-adi gözəlliyi, füsunkarlı­ğı ilə deyil, elmin, təhsilin inkişafı ilə həmişə öyünüb. Bu gün həmin ənənələri bərpa etməyin məqamıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə tanış olublar.

Təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verərək demişdir ki, fəaliyyətə 1881-ci il sentyabrın 20-də başlayan Şuşa Realnı Məktəbi həm tədrisi, təhsil ənənələri, həm də yetişdirdiyi görkəmli şəxsiyyətlərlə bütün Cənubi Qafqazda seçilən təhsil ocaqla­rından biri idi. Əvvəlcə 6 sinifdən ibarət olan və 159 şagirdi qəbul edən məktəbin Haşım bəy Vəzirov, Mirzə Salah bəy Zöhrabbəyov, Yusuf bəy Məlikhaqnəzərov kimi pedaqoqları, İsmayıl bəy Səfibəyov, Əbdürrəhman bəy Haqverdi­yev, Yusif Vəzir Çəmənzəminli, Cabbar bəy Vəlibəyov, Xudadat bəy Məlik-Aslanov, Cavad bəy Məlik-Yeqanov, Rüstəm bəy Axundov, Əhməd bəy Ağaoğlu, Soltan bəy Vəlibəyov, Xan Şuşinski kimi parlaq yetirmələri olub.

Qeyd edək ki, xalqın maariflənməsi, elmə yiyələnməsi işində müstəsna xidmətləri olan Şuşa Realnı Məktəbinin binasında sonradan bir sıra digər təhsil müəssisələri fəaliyyət göstərib. Şuşa şəhəri 1992-ci ilin mayında işğal edildikdən sonra bir çox tarixi yerlərlə bərabər, bu məktəb də erməni vandalları tərəfindən yandırılaraq xarabazara çevrilib. Zərrə qədər şübhə yoxdur ki, ən yaxın gələcəkdə Şuşa Realnı Məktəbi ən yüksək səviyyədə təmir olu­nacaq, qapılarını xalqımızın övladlarının üzünə onların elmə, biliklərə yiyələnmələri üçün geniş açacaqdır.

Məlumdur ki, Şuşada aparılan tikinti-quru­culuq işlərinin böyük bir qismi Heydər Əliyev Fondu tərəfindən aparılır. Yeri gəlmişkən, bu il mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa­da Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin hazırkı mərhələsi ilə tanış olublar. Bildirilib ki, Şuşada Mehmanda­rovların malikanə kompleksində də Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri davam edir.

Dövlət başçısına məlumat verilib ki, iş­ğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən dağıntılara məruz qalan malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparıb, bunun əsasında bərpa prose­si icra olunur. Kompleksə məscid, kiçik və böyük yaşayış evləri daxildir. Ötən müddətdə evin dam örtüyü orijinala uyğun quraşdırılıb, binanın tökülmüş bütün daşları, eyvanları, həmçinin kompleksə daxil olan məscidin uçmuş günbəzləri, damı və mehrabı bərpa edilib. Hazırda digər bərpa işləri aparılır. Kompleksin həyətində bulağın bərpası yekunlaşıb, landşaft işlərinə hazırlıq görülür.

Şuşanın Azərbaycan mədəniyyətinin, xüsusilə milli musiqimizin tarixi inkişafın­da misilsiz xidmətləri olmuşdur. Şuşa dahi Üzeyir Hacıbəylinin, görkəmli vokal ustası Bülbülün, böyük müğənni Bülbülün vətənidi. Məşhur tarzən də bu gözəl şəhərdə yaşayıb yaratmışdır.

Qeyd edək ki, 1846-cı ildə Şuşada ana­dan olan Sadıqcan Azərbaycanın tanınmış tarzənlərindən biridir. O, tarı təkmilləşdirərək ona cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. Sadıqcan ilk dəfə tarı sinədə ifa etməyə başlayıb. Məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılaraq milli musiqimizin rəmzinə çevrilib. Sadıqcan, eyni zamanda, istedadlı bəstəkar idi. O, “Orta Segah” və “Bayatı-Şiraz” muğamlarına bir neçə rəng bəstələyib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşada məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə ya­şadığı evin bərpası işləri ilə tanış olublar.

Bildirilib ki, Şuşa şəhərinin mərkəzində, Mərdinli məhəlləsində yerləşən bina ilkin görkəmini 80 faizə qədər itirib. Binanın qalan hissələrində isə konstruktiv çatlar müşahidə olu­nur və qəza vəziyyətindədir. Sadıqcanın evində də bərpa işlərini Heydər Əliyev Fondu həyata keçirəcək. Dördbucaqlı plan quruluşu olan ev ikimərtəbəlidir. Bina Şuşaya xas memarlıq üslu­bunda inşa olunub.

Şuşaya son səfərləri çərçivəsində Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yeni inşa olunacaq məscid komp­leksinin layihəsi barədə də məlumat verilib. Məscidin layihəsi üzrə işlər başa çatıb və inşaat işlərinə başlanılıb.

Azərbaycan Prezidenti İlham Əliyev adını tarixə Qarabağın Xilaskarı, Şuşa Fatehi kimi yazdırıb. Cənab İlham Əliyev həm də Şuşanın, Qarabağın, bütövlükdə çağdaş Azərbaycanın qurucusudur! Xalqımız öz müdrik lideri ilə son­suz fəxarət hissi duyur!

Dövlətimizin başçısı yuxarıda qeyd etdiyimiz müraciətində demişdir: “Bu gün mayın 10-da mən mütləq burada olmalı idim. Ulu öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq”.

Bəli, bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda, özünün digər tarixi torpaqlarında böyük coşqu və şövqlə qurub-yaratmaqla məşğuldur. Müasir Azərbaycanın böyük tərəqqisi və intibahı başlayıb!

Yeri gəlmişkən, bu il mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Fes­tivalının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehri­ban Əliyeva festivalın açılışında iştirak ediblər.

Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festi­valı Heydər Əliyev Fondu, Mədəniyyət Nazir­liyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Bu sayca beşinci festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar. Bəli, Şuşaya deyib-gülmək, çalıb-çağırmaq yaraşır!

Məsaim ABDULLAYEV,

“Xalq qəzeti”

14 May 2022 00:46 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə