Ən son xəbərlər
Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub. Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Bax, budur reallıq. Bunu biz əldə etmişik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Türk dünyasının mədəniyyət paytaxtı, Azərbaycanın qədim şəhəri Şuşa yenə də dünyaya qucaq açıb. Bu şəhərdə bir-birinin ardınca keçirilən həm yerli, həm də beynəlxalq əhəmiyyətli tədbirlər bir daha dünyaya bəyan edir ki, Qarabağ Azərbaycandır! Bu, həm də şanlı Qələbəmizin təntənəsidir. Bu təntənə Şuşanı beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevirib. Ermənistan üzərindəki tarixi qələbəmizdən keçən ilyarım ərzində Qarabağda start götürən genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri ilə bərabər, Şuşada bir-birinin ardınca keçirilən tədbirlər dünyanın maraq dairəsindədir. Bu, həm də Ermənistana və dünya erməniliyinə göz dağıdır.
İşğal əbədi ola bilməzdi
Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə xalqa verdiyi vədlərə həmişə sadiq olub. O, 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçilən zaman demişdi ki, “Nəyin bahasına olursa-olsun, biz öz tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq. İstər sülh yolu ilə, istər müharibə yolu ilə”. O vaxt bu sözlərə, bəlkə də, inananlar o qədərdə çox olmamşdı. Axı, düşmənin havadarları çox, uğurlarını isə həzm edənlərin sayı az idi. Uzun illər aparılan sülh danışıqları heç bir nəticə vermirdi. Əksinə, düşmən getdikcə azğınlaşmışdı.
Əgər torpaqlarımızın işğalının ilk illərində hələ danışıqlarla bağlı xalqımızda və dövlət başçısında hər hansı bir ümid var idisə, son vaxtlar bu ümidlər tamamilə aradan qalxmışdı. Çünki Ermənistan və onun havadarları bu işğalı əbədi etmək üçün bütün vasitələrdən istifadə edirdilər. Məkrli düşmən hesab edirdi ki, əgər qonşu dövlətin torpağını 30 ilə yaxın işğal altında saxlaya biliblərsə, bundan sonra da əbədi olaraq saxlayacaqlar. Ancaq unudurdular ki, Azərbaycan heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacaq.
Dövlət başçısının verdiyi vədlərə sadiqliyi xalqın ona olan inam və etimadını getdikcə möhkəmləndirdi. 2020-ci il sentyabrın 27-də Ermənistan sərhədboyu ərazilərimizdə genişmiqyaslı təxribatlara, sonra isə müharibəyə başlayanda ölkəmizdə iqtidar-müxalifət birliyi də sıx tellərlə bağlandı. Hətta, radikal müxalifət nümayəndələri də müharibə dövründə hər gün eşidilən qələbə sədalarından, xüsusilə, Şuşada Azərbaycan bayrağının dalğalanmasından sevinclərini gizlədə bilmir və dövlətimizin başçısına səmimi təbriklər ünvanlayır, onun ətrafında sıx birləşdiklərini bəyan edirdilər. O vaxt 50 siyasi partiya rəhbərinin birgə bəyanat qəbul etməsi həmrəylikdən, dövlət başçısına olan inam və etimaddan xəbər verirdi. Bir-birinin ardınca verilən qələbə xəbərləri bizi addm-addım Zəfərə yaxınlaşdırırdı. İyirmi səkkiz il yarım işğal altında qalan, Qarabağın vuran ürəyi olan Şuşanın düşməndən azad edilməsi qələbələrimizin üstünə daha bir şanlı Zəfər gətirdi. Bu, 2020-ci il noyabrın 8-ni Azərbaycan tarixində əbədi həkk etdi, silinməz tarixə çevirdi.
“Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”– Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa işğaldan azad olunan gün – noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində verdiyi bu xoş xəbər Azərbaycanı ayaq üstə qaldırdı. İnsanlar küçələrə, meydanlara axışaraq, qürur və sonsuz sevinc hisslərini paylaşır, bir-birinə gözaydınlığı verirdilər.
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Prezident İlham Əliyevin həmin gün səsləndirdiyi bu sözlər indi də qulaqlarda əks-səda verir. 2020-ci il noyabrın 8-i şanlı Qələbəmiz, Zəfər günü kimi Azərbaycan tarixinə əbədi yazıldı. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunduğu gün Prezidentin sərəncamı ilə Zəfər Günü elan edildi.
Dünya Şuşanın seyrinə toplaşır
Qələbədən dərhal sonra Qarabağda – işğaldan azad edilmiş torpaqlarda sürətli bərpa-quruculuq işlərinə başlanıldı. Bir qədər sonra isə Şuşa dünyaya qucaq açdı, tədricən həm yerli, həm də beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi məkana çevrildi. Bu gün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğunun təşkilatçılığı ilə V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi növbəti beynəlxalq tədbirlərdən biridir. On xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı Qarabağı, Şuşa dağlarını, dərələri, meşələri musiqi səsinə qərq edib. Musiqimizin beşiyi olan Şuşa – Qarabağ uzun illər sonra ən gözəl baharını yaşayır. Düşmən əsarətindən azad edilmiş Şuşa bu gün musiqimizin, muğamımızın sədaları altında rahat nəfəs alır. Neçə vaxt idi həsrət qaldığımız Cıdır düzündə keçirilən rəngarəng tədbirlərə dünya da şahidlik edir.
İkinci Qarabağ müharibəsində qazandığımız şanlı Qələbə Azərbaycan tarixinə yeni səhifə yazdı. Ənənə halını almış, lakin mənfur düşmənin torpaqlarımızı işğal etməsi nəticəsində yarımçıq qalmış “Xarıbülbül” beynəlxalq musiqi festivalları yenidən keçirilməyə başlanıldı. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ənənə bərpa olundu. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı hər birimizi qürurlandırdı. Yeri gəlmişkən, bu festival məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlanılıb. Lakin mənfur qonşumuzun günahı nəticəsində bu festival keçirilmirdi. Nəhayət, 2021-ci il mayın 12-də mədəniyyətimizin paytaxtı Şuşanın səmasında illər əvvəl olduğu kimi, Qarabağ şikəstəsi eşidildi. Bununla da illər sonra Cıdır düzündə “Xarıbülbül” festivalına yenidən start verildi.
Həmin vaxtdan başlayaraq, Şuşa nüfuzlu qonaqlarını qəbul etməyə başladı və getdikcə tədbirlərin keçirilməsi üçün ən münasib mərkəzə çevrildi. Şuşada beynəlxalq tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki dünyanın müxtəlif ölkələrindən gəlmiş tədbir iştirakçıları, siyasi xadimlər, media nümayəndələri, diplomatlar həm erməni vəhşiliyinin, həm də ölkəmizin öz gücü ilə həyata keçirdiyi yenidənqurma, bərpa-quruculuq işləri ilə tanış olurlar. Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizin mədəniyyət paytaxtı Şuşaya səfəri xüsusi qeyd edilməlidir. Çünki bu səfər dünya miqyasında böyük maraq doğururdu. Səfər bütün məqamları ilə önəmli idi və strateji əhəmiyyət kəsb edirdi. Ona görə ki, qardaş ölkə Prezidentinin Şuşaya səfəri istər Ermənistana, istərsə də bütün dünyaya növbəti bir mesaj idi.
R.T. Ərdoğan işğaldan azad olunan Şuşaya səfər edən ilk xarici ölkə Prezidentidir. Türkiyənin dövlət başçısının xarici ölkə liderləri arasında, ilk olaraq, Şuşaya səfərə gəlməyə tam mənəvi haqqı var. Çünki 44 günlük Vətən müharibəsində qardaş Türkiyə mənəvi-siyasi dəstəyi ilə hər dəqiqə ölkəmizin yanında oldu. Zəfərdən sonra Şuşaya reallaşan bu səfər, həmçinin Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması bir daha iki ölkə arasındakı əlaqələrin qardaşlıq münasibətləri üzərində qurulduğunu nümayiş etdirdi. Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət kəsb edir.
Qardaş ölkə Prezidentinin səfərindən bir neçə ay sonra Vaqif Poeziya Günləri çərçivəsində Şuşadakı Yaradıcılıq Mərkəzində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Yaddaş. Fotoqrafik tarix”, Rəsm Qalereyasında “Qarabağ – Azərbaycan mədəniyyətinin incisidir” və Xalçaçılıq Qalereyasında “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” adlı sərgilərin açılışı oldu. Sərgilər böyük maraqla izlənildi. Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun həmin sərgilər haqqında təəssüratlarını xatırlatmaq yerinə düşərdi: “Şuşa xalçalarını yenidən burada görmək bizdə qürur hissi yaşadır. Şuşa xalçaları doğrudan da möcüzədir. Bu gün biz hədsiz xoşbəxtik. Görürük ki, nə qədər böyük işlər görülüb. Biz, doğrudan da, yeni həyat yaşayırıq, Vətən müharibəsində Qələbə və bu gün aparılan bərpa işləri bizi bir millət kimi yeni mərhələyə qaldırır. Bir daha Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya bu günü bizə yaşatdıqları üçün təşəkkür edirəm”.
Şuşa tədricən dünya ictimaiyyətinin diqqətini daha çox cəlb edirdi. Çoxşaxəli əməkdaşlığı özündə ehtiva edən Azərbaycan--BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantnın ölkəmizin bu qədim şəhərində keçirilməsi müstəsna əhəmiyyət kəsb edir və xüsusi rəmzi məna daşıyır. Şuşa Azərbaycanın, eləcə də Türk dünyasının mədəniyyət paytaxtı olmaqla yanaşı, hazırda bölgənin bərpa-quruculuq, tərəqqi, qələbə şəhəri simvoludur. Toplantı iştirakçıları əvvəlcə təyyarə ilə Qarabağın hava qapısına -- Füzuli Beynəlxalq Hava Limanına gəlib və Zəfər yolu ilə Şuşaya səfər ediblər.
Tədbirdə ölkəmizin yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, həmçinin təşkilatın Azərbaycandakı qurumlarının rəhbərləri iştirak ediblər. Şuşa toplantısında əsas məqsəd Azərbaycan--BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platforma yaratmaq, postpandemiya və postmüharibə reallıqlarında Azərbaycanın yeni prioritetlərini və imkanlarını müzakirə etmək olub.
Qələbəmizin ən layiqli töhfəsi
Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər qurultayının keçirilməsi də tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı yaddaqalan əlamətdar hadisələrdəndir. Xatırladaq ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad edilməsindən sonra ilk böyük görüşü oldu. Bu görüşün işğaldan azad edilmiş Qarabağda–Şuşada keçirilməsi dünyaya bir daha bəyan etdi ki, Qarabağ Azərbaycandır!
Bundan bir həftə sonra dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertlərinin, tədqiqatçı-alimlərin və media nümayəndələrinin iştirakı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin təşkilatçılığı ilə Şuşa şəhərində “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forumun keçirilməsi daha bir əlamətdar hadisə kimi yaddaşlara həkk olundu. Bu forumun əsas məqsədi postmüharibə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin müzakirəsi olub.
Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya Festivalının keçirilməsi də xüsusi qeyd edilməlidir. Çünki festivalda Türkiyə, Rusiya, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi Koreya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar, beynəlxalq ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər iştirak edirdilər.
Festival zamanı Şuşada təkcə dünya xalqlarının təamları deyil, həmçinin müxtəlif ölkələrin maddi-mənəvi dəyərləri təqdim edildi. Bu konsepsiyaya əsasən, pavilyonlar da fərqli formatda quraşdırılmışdı. Hər pavilyon qonaqları həmin ölkəyə xas memarlıq üslubu, milli musiqi ilə salamladı, tanınmış əsərlərdən parçalar səhnələşdirildi. Festival günlərində incəsənət ustalarının iştirakı ilə bədii proqram təqdim edildi, istirahət və əyləncə zonasındakı pavilyonlarda tamaşalar, konsert və sərgilər təşkil olundu. Kulinariya festivalının son günündə Azərbaycanın milli musiqilərinin səsləndirilməsi , qonaqlara yerli tamaşa və filmlərdən səhnəciklər təqdim edilməsi milli-mənəvi dəyərlərimizin təbliği baxımından əlverişli imkan yaratdı.
Qarabağın – Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsi tarixi Qələbəmizin xalqımıza bəxş etdiyi ən layiqli töhfəsidir. Bu Qələbə, ilk növbədə, möhtərəm Prezidentimizin verdiyi vədlərə sadiqliyinin bariz nümunəsidir.
Dövlətimizin başçısı torpaqlarımızın düşməndən azad ediləcəyi barədə 19 il əvvəl ilk dəfə prezident seçiləndə andiçmə zamanı verdiyi vədə sadiqliyini nümayiş etdirir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə