Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan–Türkiyə qardaşlığı tarixin sınağından çıxıb

Türkiyə ilə Azərbaycan arasında münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə inkişaf etməkdə və güclənməkdədir. Bu münasibətlərin memarlarından biri olan böyük lider, hörmətli Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan eyni millətin iki ayrı dövlətidir. Mərhum Prezidentin iki ölkə arasında əlaqələrin ideal qiymətini ifadə etmək üçün istifadə etdiyi bu şüar real həyatda əksini tapıb. Sevincdə də, kədərdə də bir olan Türkiyə və Azərbaycana bütün dünya qibtə ilə baxır.

Rəcəb Tayyib ƏRDOĞAN

Türkiyə Cümhuriyyətinin Prezidenti

 

 

Türkiyə–Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələrdir, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

 Vətən müharibəsindən sonra istər işğaldan azad edilən torpaqlarımıza, istərsə də xarici ölkələrə tez-tez səfərlər edən Prezident İlham Əliyev, Qa­rabağın bərpası ilə paralel, Azərbaycanın dünyadakı nüfuzunun artırılması istiqamətində də davamlı işlər görür. Qeyd edək ki, belə səfərlərdən biri də bu gün gerçəkləşəcək. Belə ki, dövlətimizin başçısı Türkiyəyə səfəri zamanı qar­daş ölkənin Prezidenti ilə birlikdə yeni hava limanının açılışında iştirak edəcək.

 

Rizə–Artvin Hava Limanı Rizədən 34 kilometr, Hopadan 54 kilometr, Artvindən 125 kilometr məsafədə yerləşir. Bu aero­port Türkiyənin ikinci ən böyük uçuş-enmə zolağına malikdir. Hava limanının açılışının Türkiyə və Azərbaycan liderlərinin işıtirakı ilə keçirilməsi isə dünyaya verilən növbəti qardaşlıq mesajıdır.

Yaxşı xatırlayırıq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan II Qarabağ müharibəsində qazandığımız Qələbəyə həsr edilən Zəfər paradında iştirak etmiş, Azərbaycan xalqına, ümumilikdə, türk dünya­sına səslənərək, birlik mesajları vermişdi.

Daha sonra işğaldan azad edilən ərazilərdə inşa edilən ilk hava limanının açılışında da dövlət başçımızın yanında olan Türkiyə lideri həm çətin, həm də şad günümüzdə Azərbaycana dəstək olduqlarını bir daha nümayiş etdirmiş­di. Qeyd edək ki, 8 ayda sıfırdan inşa edilən, beynəlxalq statuslu Füzuli Hava Limanı karqo təyyarələri də daxil ol­maqla, hər növ geniş gövdəli təyyarəni rahatlıqla qəbul edə biləcək yüksək standartlara uyğun müasir tipli hava limanıdır. Fəxarət hiss ilə vurğulayaq ki, avtomatik sistemlərlə təchiz edilmiş, beynəlxalq mülki aviasiya və daşıma standartlarına uyğun idarəetmə qülləsi olan Füzuli Beynəlxalq Hava Limanının tikintisində qardaş türk şirkətləri də yaxından iştirak edib.

Ümumiyyətlə, Azərbaycan–Türkiyə qardaşlığından, iki dövlət arasında olan diplomatik münasibətlərdən bəhs edərkən, mövcud vəziyyəti hansı­sa konkret hadisələrə sığışdırmaq mümkün deyil. Belə ki, bu münasibət, əslində, iki doğma qardaşın bir-birinə bəslədiyi dərin sevgi və bağlılıqdan fərqli bir məfhum deyil .

Zənnimcə, Azərbaycan–Türkiyə münasibətləri dedikdə hər kəs xal­qımızın ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırlayır. Əslində, bu ifadə tarix boyu davam edən qardaşlığı, birliyi, yardımlaşmanı özündə ehtiva edən böyük bir anlayışdır. Bir millət, iki dövlət... O millət ki, Qafqaz İslam Ordusu bundan bir əsr əvvəl yenicə müstəqillik qazanan Azərbaycan Xalq Cümhuriyyətinin yardımına yetişmişdi. Hansı ki, həmin dövrdə Azərbaycanın öz vahid nizami ordusu yox idi. Bakı erməni və bolşevik dəstələri tərəfindən işğal olunmuşdu. Bu yardım müstəqil Azərbaycan Cümhuriyyətinin 1918-ci ildə Batumidə Osmanlı dövləti ilə imza­ladığı ilk beynəlxalq müqavilənin 4-cü maddəsinə əsasən gerçəkləşmişdi. 4-cü maddəyə əsasən, düşmən işğalı zamanı Osmanlı Azərbaycana hərbi yardım göndərəcəkdi. Böyük bir qar­daşlıq nümunəsi olan Qafqaz İslam Ordusu dövrün Osmanlı Hərbi naziri Ənvər paşa tərəfindən yaradılmış, məhz onun göstərişi ilə Nuru paşa orduya rəhbər təyin edilmişdi. Fələstin cəbhəsindən gətirilən piyada və topçu alaylarından qurulan ordu min nəfərlik azərbaycanlının da qatılması ilə 12 min nəfərdən ibarət idi.

“Bir millət, iki dövlət” ruhunu ən gözəl ifadə edən fikirlərdən biri də Türkiyə Cümhuriyyətinin qurucu­su Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyimidir. 1920-ci ildə Sovet işğalından sonra uzun bir müddət ərzində iki qardaş ölkə arasında bütün əlaqələri kəsməyə çalı­şan ideologiyanın Azərbaycan türklərinə qarşı assimilyasiya siyasəti də uğursuz oldu. Azərbaycan yenidən müstəqillik qazandıqdan qısa bir müddət sonra Türkiyə ilə münasibətləri bərpa etdi. Çox keçmədi ki, Türkiyə və Azərbaycan bölgənin iki önəmli gücünə çevrildi. İkitərəfli və çoxşaxəli münasibətlərini inkişaf etdirən qardaş ölkələrin münasibəti təkcə iki dövlət üçün deyil, həm də region üçün sülhün təminatçısı oldu. Son 10 illik dövrə nəzər salqıq­da isə hər iki ölkənin iqtisadi və hərbi yönümdə böyük bir inkişaf yolu qət etdiyini görmək mümkündür.

Biz Vətən müharibəsi dövründə həm dostumuzu, həm də düşmənimizi bir daha tanıdıq. Türk xalqı və Prezident Ərdoğan, o cümlədən yüksək vəzifəli dövlət adamları, hətta müxalif partiya­ların liderləri müharibənin ilk günündən Azərbaycanın yanında olduqlarını bildirdilər. Bu siyasi dəstək savaş mey­danına təkbaşına atılan Azərbaycan üçün çox böyük kömək oldu. Əsgər və zabitlərimiz, onları döyüşə yola salan ailələri, televizorun qarşısın­dan çəkilməyib Prezidentimizdən gələcək müjdəli xəbərləri gözləyən bütün azərbaycanlılar Zəfər paradın­da fəxarətlə deyilən cümləni tez-tez təkrarlayır bu fikirdən güc-qüvvət alırdı­lar: Nə yaxşı, nə yaxşı ki, türk qardaşım var!

Ümumiyyətlə, Azərbaycan torpaqla­rını işğaldan azad etdikdən sonra regi­onda yaranan reallıqlar Türkiyə ilə olan iqtisadi əlaqələrimizin də güclənməsinə şərait yaradır. Əlbəttə, bu mənada, ilk növbədə, Zəngəzur dəhlizini qeyd etmək lazımdır. Zəngəzur dəhlizinin açılması bütün türk dünyasının yenidən birləşməsi, eləcə də nəqliyyat-logistika imkanlarının artması, regionun iqtisadi dirçəlişi deməkdir.

Azərbaycanla Türkiyə arasında ticarət əlaqələri də durmadan inkişaf etməkdədir. Son 15 ildə ticarət əlaqələri 9 dəfədən çox böyüyüb. Yaxın dövr ərzində ticarət dövriyyəsinin 15 milyard ABŞ dollarına çatdırılması hədəflənir.

İki dövlət arasında bütün sahələr üzrə yüzlərlə əməkdaşlıq və müttəfiqlik sənədi imzalanıb. Təhsil, enerji, nəqliyyat-logistika, ticarət, mədəniyyət, hərbi və s. sahələri əhatə edən sənədlərin ən mötəbəri isə 2021- ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Türkiyə Respublikası ilə Azərbaycan Respublikası ara­sında Müttəfiqlik Bəyannaməsidir. Şuşa Bəyannəməsi Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanıb. Bəyannamədə Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə–Rusiya Birgə Mərkəzinin fəaliyyətinə, ümumilkdə, bölgədə davamlı sülhün təmin edilməsinə., sabitliyin yaradılmasına verdiyi töhfənin önəmi qeyd edilir. Həmin sənəddə Azərbaycan Res­publikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütöv­lüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili məsələlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüqiqi mexanizmləri müəyyən edilir. Həmçinin Şuşa Bəyannaməsində xarici siyasət sahəsində qarşılıqlı əlaqələrin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmənin vacibliyi vurğulanır, bu istiqamətdə iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası şərçivəsində fəaliyyətin vacibliyi qeyd edilir.

Ümumiyyətlə, Azərbaycan–Türkiyə əlaqələri sarsılmaz dini, etnik, mədəni bağlarla sabitləşmiş, tarixin müxtəlif sınaqlarından uğurla çıxmış qardaş­lıq münasibətidir. Bu bağlar zaman keçdikcə dövrün tələblərinə uyğun olaraq daha da möhkəmlənir.

İmran ƏLİYEV,

 Xalq qəzeti

14 May 2022 00:47 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə