Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Mayın 13-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan parlamentin Sədri Sahibə Qafarova, əvvəlcə Milli Məclisin nümayəndə heyətinin İsveçrə Konfederasiyasına mayın 9-dan 11-dək davam etmiş rəsmi səfəri barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası İsveçrə Konfederasiyası ilə ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantıları gedişində dövlət başçılarının müntəzəm görüşləri, habelə parlament ölçüsü çərçivəsində, ayrı-ayrı nazirliklər səviyyəsində ikitərəfli təmaslar vasitəsilə təmin edilir.

Sahibə Qafarova diqqətə çatdırıb ki, mayın 10-da Milli Məclisin nümayəndə heyəti Azərbaycanın İsveçrədəki səfirliyində olub. Ənənəvi olaraq, səfirliyin binasında xalqımızın ümummil­li lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb və onun əziz xatirəsi ehtiramla anılıb.

Həmin tədbir zamanı qeyd olunub ki, mayın 10-da böyük siyasi və dövlət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü tamam olur. Ulu öndərin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri dövlətçilik tariximizin ən parlaq səhifələrini təşkil edir. Bildirilib ki, ümummilli liderin müəyyənləşdirdiyi inkişaf strategiyası onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Elə həmin gün İsveçrə Federal Məclisi Milli Şurasının sədri xanım İren Kalin, Kantonlar Şurasının sədri Tomas Hefti, mayın 11-də isə İsveçrə Konfede­rasiyasının vitse-prezidenti Alan Berset ilə ayrı-ayrı görüşlər olub.

Aparılan söhbətlərdə ölkələrimizin siyasi, iqtisadi, mədəni, huma­nitar və digər sahələrdə ikitərəfli münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edilib. İsveçrənin ali vəzifəli şəxsləri öz ölkələrinin Azərbaycana mühüm tərəfdaş kimi yanaşdığını nəzərə çatdıraraq, dövlətimizin ərazi bütövlüyünü hər za­man dəstəklədiyini xüsusi vurğulayıblar.

Görüşlər zamanı Sahibə Qafarova Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri haqqında məlumat verərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu qeyd edib, Azərbaycanın mühüm nəqliyyat qovşağına çevrildiyini diqqətə çatdırıb. O, İsveçrə ilə Azərbaycan arasında oxşar cəhətlərdən danışarkən ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühiti haqqında məlumat verib. Bildirib ki, multikulturalizmi dövlət siyasəti elan edən Azərbaycan bütün dünyada mədəniyyətlərarası dialoqu, sülh və əməkdaşlığı təşviq edir.

Görüşlər zamanı Azərbaycan ilə İsveçrənin qanunvericilik orqanları ara­sında əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Çıxışının sonunda Milli Məclisin Sədri səfərin uğurlu keçdiyini deyib və nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirib.

Sonra iclasda cari məsələlərin müzakirəsinə başlanıb.

Cari məsələlərin müzakirəsində Milli Məclisin komitə sədrləri Tahir Rzayev, Zahid Oruc, deputatlar Cavid Osmanov, Aqil Məmmədov, Aqil Abbas, Şahin İsmayılov, Elman Nəsirov, Vahid Əhmədov, Jalə Əliyeva, Fazil Mustafa gündəmdə olan bəzi mövzular barədə danışıblar, seçiciləri maraqlandıran məsələləri diqqətə çatdırıblar. De­putatlar ulu öndər Heydər Əliyevin işıqlı xatirəsinin anıldığı ərəfədə azad Şuşada və digər azad olunmuş tor­paqlarımızda bir-birindən möhtəşəm tədbirlərin, yarışların keçirilməsinin əhəmiyyətindən danışıblar, bu gün Ulu Öndərin, torpaqlarımızın azadlığı uğrun­da canlarını qurban vermiş şəhidlərin arzularının gerçəkliyə çevrilməsinin yaratdığı qürur və sevinc hisslərini bölüşüblər. Cari məsələlərdən sonra gündəliyin müzakirəsi başlayıb.

Sahibə Qafarova bildirib ki, iclasın gündəliyinə 20 məsələ daxil edilib. 1-ci və 2-ci məsələlər mahiyyətcə bir-birinə yaxın olduğu üçün o, hər iki məsələnin birgə müzakirəsini təklif edib.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) haqqında məlumat verərək bildirib ki, sənəd birin­ci və ikinci oxunuşda ətraflı müzakirə edilib, qaldırılan məsələlər cavablandı­rılıb. Layihə ilə bağlı komitəyə heç bir təklif və rəy daxil olmayıb.

Əli Hüseynli Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı bildirib ki, sənəd "Azərbaycanın mədəniyyət paytax­tı – Şuşa şəhəri haqqında" Qanuna uyğunlaşdırma məqsədilə hazırlanıb və məsələ ilə bağlı komitənin rəyi müsbətdir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Mədəniyyət komitəsi sədrinin müavini Fazil Mustafa, Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov bu komitələrdə sənədin dəstəkləndiyini bildiriblər.

Təqdim olunan hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə bildirib ki, həm birinci, həm ikinci oxunuşlarda sənədlə bağlı ətraflı məlumat verilib, eyni zamanda, qaldırılan məsələlər hər iki oxunuşda cavablandırılıb və ikinci oxunuşdan sonra komitəyə hər hansı bir qeyd və ya irad daxil olmayıb.

Deputat Qüdrət Həsənquliyevin mövsümi işlərlə əlaqədar bölgələrdə bağlanan əmək müqavilələrinə nəzarətin gücləndirilməsi ilə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 4 məsələsi Prezidentin bir məktubu ilə daxil olub və mahiyyətcə bir-birinə yaxın qanun layihələridir.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Qanun­da dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) haqqında məlumat verərək, sənədin əvvəlki oxunuşunda deputatların layihə ilə bağlı çıxışlarında səsləndirdikləri qeyd və fikirlərini şərh edib.

Musa Quliyev bildirib ki, səslənən bütün təkliflər qanun layihəsinin subyektinə göndərilib və hazırda öyrənilməkdədir. O, uyğun bilinən təkliflərin müvafiq qanunlara növbəti dəyişikliklərdə, eləcə də hazırlanmaqda olan “2022-2030-cu illər üzrə pensiya islahatları konsepsiyası”nda nəzərə alına biləcəyini qeyd edib. Komitə sədri bildirib ki, müzakirədə olan qanun layihəsinin dəyişiklik təklif olunan maddələri ilə bağlı heç bir etiraz daxil olmayıb.

“Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağ­lı komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, sənəd “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğunlaşdır­ma məqsədilə hazırlanıb.

Sonra Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) haqqında məlumat verib.

Bildirib ki, layihə "Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haq­qında" qanunlarda dəyişiklik edilməsi barədə layihələrə uyğunlaşdırma xa­rakteri daşıyır və sənədin səsə qoyul­masını təklif edib. Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə əlaqədar məlumat verib. Bildirilib ki, sənəd "Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin qəbulu ilə əlaqədar qanunvericiliyin uyğunlaşdırıl­ması məqsədilə hazırlanıb və komitənin rəyi müsbətdir.

Qanun layihələrinin müzakirəsində deputatlardan Vahid Əhmədov, Asim Mollazadə, Cavid Osmanov, Fəzail Ağa­malı çıxış edərək fikirlərini bildiriblər, suallarını səsləndiriblər. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qaldırılan məsələlərə aydınlıq gətirib, sualları cavablandırdıqdan sonra təqdim olunan hər 4 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ma­hir Abbaszadə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verərək layihə ilə bağlı heç bir irad daxil olmadığı üçün sənədin səsə qoyulmasını təklif edib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, gündəliyin 9-cu və 10-cu məsələləri təhsil qanunvericiliyinə dəyişikliklərlə bağlıdır və mahiyyətcə bir-birinə yaxındır.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev mahiyyətcə bir-birinə yaxın olan “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) haqqında məlumat verib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Sahibə Qafarova bildirib ki, bununla da gündəlikdə üçüncü oxunuşda olan qanun layihələri başa çatıb və növbəti 7 məsələ ikinci oxunuş­da olan qanun layihələridir.

Gündəliyin 11-ci məsələsi olan “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Res­publikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov təqdim edib. O, layihənin əvvəlki oxunuşlarında ətraflı məlumat verildi­yini, sənədlə bağlı heç bir təklifin daxil olmadığını bildirib və səsə qoyulmasını xahiş edib.

Layihə ilə bağlı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun, deputatlar Aydın Mirzəzadənin və Sabir Rüstəmxanlının qeydləri və fikirləri dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət qu­ruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Bildi­rilib ki, qanun layihəsində təklif edilən dəyişiklik inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı məhkəməyə verilən şikayətlər üçün id­dia müddətinin axımının dayandırılması müddəası ilə bağlıdır. Bu qanun layihəsi də ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Növbəti məsələ olan “İnforma­siya, informasiyalaşdırma və infor­masiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təqdim edib. O bildirib ki, bi­rinci oxunuşda layihə barədə ətraflı məlumat verilib və parlament sədrinin də tapşırığına əsasən, genişləndirilmiş formada müzakirələri keçirilib. Komitə sədri müzakirələrdə deputatların qanun layihəsini dəstəklədiklərini bildirib, onların müzakirələrdə qaldırdıqları məsələlərə münasibət bildirib.

İqtisadi siyasət, sənaye və sahib­karlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi barədə komitənin rəyini diqqətə çatdıraraq deyib ki, layihəni iqtisadi təhlükəsizlik üçün faydalı hesab edirlər. Sənədin müzakirələrində deputatlar Musa Qasımlı, Sahib Alıyev, Etibar Əliyev, Bəhruz Məhərrəmov çıxış ediblər. Deputatlar sənədin informasiya sistemlərinin, informa­siya-kommunikasiya şəbəkələrinin, bütövlükdə kibertəhlükəsizliyin təmin edilməsi üçün əhəmiyyətini vurğulayıb­lar, bu istiqamətdə fikirlərini bildiriblər. Komitə sədrləri Tahir Mirkişili və Zahid Oruc səsləndirilən fikirlərə aydınlıq gətirəndən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət qu­ruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin 14-cü məsələsi – İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verərkən bildirib ki, bu dəyişiklikdə “İnformasiya, informasiya­laşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun tələblərinin pozulması zamanı yaranan inzibati məsuliyyət nəzərdə tutulub.

Komitə sədrləri Zahid Oruc və Tahir Mirkişili İnsan hüquqları komitəsinin və İqtisadi siyasət, sənaye və sahibkar­lıq komitəsinin sənədlə bağlı müsbət rəylərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin 15-ci məsələsi olan “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqın­da”, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanun­larda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mah­mudov təqdim edib.

Eyni zamanda, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və Gənclər və idman komitəsi sədrinin müavini Şahin İsmayı­lov bu komitələrin sənədlə bağlı müsbət rəy verdiklərini bildiriblər.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun, depu­tat Qüdrət Həsənquliyevin səhiyyə məsələləri ilə bağlı fikirlərinə Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mah­mudovun və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin şərhləri dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Daha sonra Təbii ehtiyatlar, ener­getika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım “Enerji resurslarından səmərəli istifadə və enerji effektiv­liyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumatında bildirib ki, təklif olunan dəyişikliklər qanunun təkmilləşdirilməsi və bir sıra müddəalarının dəqiqləşdirilməsi məqsədi daşıyır. Sənədin müzakirəsində deputat Vüqar Bayra­mov fikirlərini səsləndirəndən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Gündəliyin 17-ci məsələsi olan Şəhərsalma və Tikinti Məcəlləsində, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) Milli Məclis sədrinin birinci müavini, Hü­quq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.

Məsələ ilə bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müsbət rəyləri də bildirilib və qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin Sədri bildirib ki, bun­dan sonrakı üç məsələ mahiyyətcə bir birinə yaxın qanun layihələridir və Pre­zidentin bir məktubu ilə daxil olub. Təklif edib ki, qanun layihələrinin təqdimatları ayri-ayrılıqda, müzakirələri isə birgə keçirilsin.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.

Gündəliyin 19-cu məsələsi olan “Sahibkarlıq sahəsində aparılan yoxla­maların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqın­da” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Təbii ehtiyatlar, energetika və eko­logiya komitəsinin üzvü İltizam Yusifov məsələyə komitədə baxıldığını və müsbət rəy verildiyini deyib.

Sonra İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculu­ğu komitəsinin sədri Əli Hüseynlinin məlumatı dinlənilib. Əli Hüseynli bildirib ki, İnzibati Xətalar Məcəlləsinin müva­fiq maddəsinə “istilik enerjisi” ifadəsi gətirilməklə, bu sahədə də törədilə biləcək inzibati xətalara görə inzibati məsuliyyət müəyyən edilib.

Müzakirələrdə deputatlar Razi Nu­rullayev və Sədaqət Vəliyevanın fikirləri dinlənildikdən sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin 2022-ci ilin yaz sessiyasında növbəti iclası başa çatıb.

AZƏRTAC

13 May 2022 23:35 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə