Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Zəngəzur mahalı

Zəngəzur qədim Azərbaycan torpağıdır və 1920-ci ildə bolşevik Rusiyası tərəfindən Ermənistana verilmişdir. Türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozuldu. Əgər o tarixi ədalətsizliyə yol verilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı.

Azərbaycanlıların qədim tarixi-etnoqrafik mahalı olan Zəngəzur müasir Azərbaycan Respublika­sının Laçın, Qubadlı, Zəngilan və Ermənistan Respublikasının Meh­ri, Qarakilsə, Gorus və Qafan ra­yonlarını əhatə edir. Mehri bölgəsi özündə dağlıq (Bərgüşad, Alagöz, Xustup), Araz, Həkəri, Bazarçay, Oxçu çayları arasındakı yamac və düzən əraziləri birləşdirir. Palıd, çi­nar, vələs meşələri ilə örtülü təbiəti cənuba doğru çılpaq qayalıqlar və seyrək kollarla əvəzlənir. Qafanın dağlıq sahələri çətin keçilən sıldı­rımlar və yarğanlarla əhatələnir və zəngin meşə örtüyü ilə müşayiət olunur. Laçın bölgəsi, əsasən, orta hündürlüklü dağlar, cənub-şərq hüdudları isə Qarabağ yaylası ilə davam edir. Qarabağ və Bərgüşad silsilələrinin şərqində, Qarabağ yaylasının cənub-qərb hissəsində Qubadlı bölgəsi yerləşir. Bölgənin bitki örtüyü kollu və seyrək meşələrdən, çəmənlərdən təşkil olunub. Sıldırım qayalı dağlar­dan və sıx meşələrdən məhrum olsa da, Sisian bölgəsi otlaq və əkinə yararlı sahələrlə zəngindir. Zəngilan bölgəsində Bərgüşad silsiləsi Ağoyuq düzünə qədər uzanır. Araz hövzəsinə daxil olan çaylar (Oxçu, Həkəri, Bərgüşad, Bəsit, Mehri, İlizin, Gorus, Mədən, Əcənan, Uz və s.) dağətəyi münbit vadilərin suvarılmasını təmin edir.

Təəssüflər olsun ki, 70 illik sovet dönəmində və sonrakı illərdə tarixən dədə-baba yur­dumuz olan Zəngəzuru elmi tədqiqatlar, xüsusilə də mütəmadi arxeoloji qazıntılar səviyyəsində öyrənməyə imkan vermədilər. Bu səbəbdən, bölgənin qədim tarixi abidələrindən və maddi-mədəniyyət nümunələrindən danışarkən qeydiyyata alınmış bir neçə yerüstü tikilinin təsnifatı və məişət əşyalarından ibarət təsadüfi tapıntıların təsviri ilə kifayətlənməli oluruq. Paleolit dövrünə aid edilən ən qədim abidələr Qarakilsə bölgəsində cəmlənib. Şəki və Saybalı kəndlərinin yaylaq yerləri sayılan Dəvəboynu və Təkəzür dağların­da sal qaya daşları üzərində ov səhnələri, maral və dağkeçilərinin sxematik təsvirləri cızılıb; işlənmə texnologiyasına görə Qobustan və Gəmiqaya təsvirlərinə çox bənzəyir.

Zəngəzur ərazisində Eneolitdən tutmuş Antik dövrə qədər 150-yə yaxın yaşayış məskəni mövcud olmuşdur. Qarakilsənin Qızılcıq kəndi ya­xınlığında xalq arasında “Qoşun­daş abidəsi” adı ilə tanınan sal qaya daşları vardır. Qoşundaş kompleks abidədir. 2000-ci illərin əvvəllərində burada Tunc, Dəmir və Ellinizm dövrlərinə aid maddi mədəniyyət nümunələri aşkara çıxarılmışdır. Zəngəzurun tari­xi əraziləri hərbi əməliyyatlarla əlaqədar ara-sıra Qədim Şərq ya­zılı mənbələrində qeydə alınıb. Bu qaynaqların məlumatları Zəngəzur sakinlərinin bütövlükdə hələ mi­laddan öncəki dövrlərdə qonşu­luqdakı xalqlarla təmasda olduq­larından və əksər hallarda xarici hərbi müdaxiləyə qarşı mübarizə apardıqlarından xəbər verir.

Yazılı mənbələrdə Zəngəzurun yer-yurd adlarından ilk dəfə Mehri yad olunur. Zəngəzur toponimi isə orta əsr mənbələrindəki türk mənşəli zəngi tayfasının adı ilə əlaqələndirirlər. Təsadüfi deyil ki, hətta aşşur kitabələrində Urartu tayfa birliyinə daxil olan 8 subyek­tin, o cümlədən, Zinqun vilayətinin adı çəkilir ki, bu da zəngi tayfası ilə bağlıdır. Mannadakı Sangi­butu, Sangilu kimi toponimlər də deyilənlərə əlavə oluna bilər. E.ə. 323-cü ildə Azərbaycanın cənub torpaqlarında Atropatena şahlığı meydana gələndə Zəngəzurun ərazisi, ehtimal ki, “Vaspuran” adı ilə bu dövlətin tərkibində olmuş­dur. Lakin Zəngəzur müəyyən müddətdən sonra Sünik adı ilə Albaniyanın tərkibinə keçir. Aş­karlanan arxeoloji materiallar da Sünikin Albaniyanın inzibati-ərazi subyekti olduğunu təsdiq edir. Sasani şahənşahı I Şapurun (241-272) “Kəbeyi-Zərdüşt” kitabəsində sadalanan geosiyasi nomenkla­tura sırasında Sisakan (Sünik) ölkəsinin də adı çəkilir.

Sünikin mühüm strateji qalala­rından biri Bağ mahalında (Ner­kin-Giratağ) Oxçuçayın sahilində inşa edilmişdir. IV-V əsrlərdə bu qala yadelli işğalçılarına qarşı mübarizənin mərkəzinə çevrilmiş­dir. Sonralar isə Babəkin sığına­caq yerlərindən biri olmuşdur. Buna görə də yerli əhali arasın­da Babək qalası kimi tanınırdı. Sünikin yerli əhalisi Azərbaycan Albaniya dövlətində olduğu kimi yerli yazı olan qarqar əlifbasından istifadə etmişdir. Qeyd edək ki, “Kitabi-Dədə Qorqud” boyları­nın formalaşdığı coğrafiyaya daxil olan Sünik ərazisində xeyli sayda qədim türk tayfalarının adı ilə bağlı toponimlər mövcuddur. Qubadlı rayonunun ərazisində Teymur Müskanlı, Tatar, Qara­qoyunlu, Ulaşlı, Çərəli, Dondarlı, Saray, Eyvazlı, Qədili, Gorus rayonunun ərazisində Ağvanlı, Bayandur, Kərəvinc, Muğancıq, Haluzor (Halay dərəsi) Zəngilan rayonunun ərazisində Baharlı, Vənədli, Şamlı, Sisian rayonu ərazisində Comardlı, Sofulu, Şəki (Sak), Qafan rayonunun ərazisində Bekdaş, Gığı, Kacaran (Qacar tayfasının oymağı), Laçın rayonunun ərazisində Səfiyan, Cağazur (Sak dərəsi), Yuxarı və Aşağı Cicimli, Bozlu və digər kəndlərin adları məhz türk tayfa­larının adı ilə bağlı olaraq mey­dana gəlmişdir. Sünik ərazisində ilk kilsələr və monastrlar yerli xristian əhalisi tərəfindən inşa edilmişdir. Bunların içərisində Sisian çayının yuxarı hövzəsində Ərəfsə kəndi ərazisindəki V-VI əsrlərə aid Qızılkilsə məbədini qeyd etmək olar. Xalq arasında “qırmızı monastr” adlandırılırdı. VII əsrdə Sünik 12 əyalətə bölünürdü. Hətta, Naxçıvan və Mərənd də Sü­nikin tərkibinə daxil idi. Sünikə aid olan Tankrian mahalının adı isə yerli əhalinin dini ideologiyasında türk xalqları üçün səciyyəvi olan tanrıçılığın yayıldığına işarədir. Bu əsərdə xatırlanan Sünikdəki yer-yurd adları (Ərincək, Zor, Bağ, Oğuzkan, Çoxuq, Ağacuq, Giləkan) onların məhz yerli türk tayfalarının adından yarandığını göstərir. Erkən Orta əsr qaynaqla­rında Zəngəzur bölgəsinə verilən adın ərəb forması – Əs-Sisəcan ilə qarşılaşırıq. Qeyd edək ki, tarixi Sünik torpaqları cənubda Bərgüşad və Həkəri çaylarının mənsəbindən şimalda Göyçə gölünün cənub-qərb sahillərinə qədər uzanırdı. IX əsrdə Səhl ibn Sumbat rəsmi olaraq Sünikin və Albaniyanın Böyük knyazı sayılırdı. 830-cu ilin hadisələrinə nəzər saldıqda görürük ki, Səhl ibn Sumbat Babəkin ən yaxın müttəfiqlərindən biri olmuşdur. “Albaniya tarixi”ndə Səhl ibn Sum­batın mənsub olduğu sülalə haq­qında iki məlumat verilir; o, həm Aranilərin, həm də Mihranilərin soyundan olan hakim kimi təqdim olunur. “Albaniya tarixi”nin ilk əlyazmlarının birində Səhl ibn Sumbatın xaqan titulu daşıyan Mihran sülaləsinə mənsub olduğu qeyd edilir.

Bütövlükdə, XI əsrin birinci yarısınadək qədim türk yurdu olan Zəngəzur bir müddət müstəqil hakimlik kimi idarə olunmuş, uzun müddət isə Azərbaycan dövlətlərinin tərkibinə daxil ol­muşdur. Sünikin və onun qon­şuluğundakı digər Azərbaycan torpaqlarının ümumtürk coğra­fiyasına mənsub olmasını onun ərazisində işquz-sak-oğuzlarla bağlı toponimlər də sübut edir. Bu baxımdan Zəngəzurun qon­şuluğunda yerləşən Azərbaycan Albaniya dövlətinin tarixi vilayətləri içərisində Sakasena (Şəki), Ərsak (Arsax) və Balasakanın (Paytakaran) adlarını xüsusilə qeyd etmək olar. Sünik ərazisində isə Sisakan (Sisian), Sakasar (Çaxaçkar), Sak (Dzaq), Sakux (Çaxuk), Sakqovan (Kovsakan), Sakat (Şaxat), Sak (Şəkki –Şəki), Ağasak (Aqaeçk) və xeyli say­da bu cür yer-yurd adları məhz yerli əhalinin etnik mənsubiyyət baxımından türk mənşəli olduğu­nu bir daha təsdiqləyir. Zəngəzur toponimlərinin bir hissəsi də peçeneq türk tayfasının adı ilə bağlı olaraq meydana gəlmişdir. Zəngəzur silsiləsində Biçənək aşırımının adı da məhz bu türk boyunun adı ilə bağlıdır. Sünik ərazisində peçeneqlərin Kapan (Qafan–Qafan) və Çur (Cur–Gur–Gor) boyları geniş yayılmışdır. Qa­fan və Gorus toponimləri də məhz bu etnonimlərdən yaranmışdır.

Zəngəzur bu regiona orta əsrlərdə verilən bir addır. İstər Zəngəzur, istərsə də maha­lın digər toponimik adları türk mənşəlidir. Bu, o deməkdir ki, “ermənilər Zəngəzurda heç bir zaman aborigen əhali olmamış­dır. Zəngəzur mahalının yerli əhalisi qədim sak tayfaları və onların törəmələridir. Bu fikir Urud kəndində son vaxtlara qədər saxlanılan orta əsr müsəlman qəbiristanlığında qəbir daşların­dakı yazılarda bir daha təsdiqini tapmışdır”.

XIII-XIV əsrlərdə Hülakülər dövlətinin hakimiyyəti dövründə Zəngəzur bölgəsi inzibati cəhətdən Azərbaycan əyalətinin Naxçıvan tüməninə və Arran əyalətinə daxil olmuşdur. Bu fakt Hülakular dövlətinin vəziri, tarixçi alim F.Rəşidəddin “Asar və əhya” (“Təsir və dirçəliş”) əsərində də öz təsdiqini tapır. F.Rəşidəddin yazır ki, “zoğal Naxçıvana aid olan Qafanın bəzi yerlərində bitir”, ərvağan çiçəyi də “Naxçıvan vilayətində olan Qafan dağlarında çox bitir”. Göründüyü kimi, bəhs olunan dövrdə Zəngəzurun Qafan nahiyəsi Naxçıvan tüməninə daxil idi.

1400-cü il noyabrın 3-də naxçıvanlı Qazi oğlu Əhmədin, urutlu Söhrabın, İnayətulla oğlu Rəhmətullanın və Xətib oğlu Kazımın iştirakı ilə tərtib olun­muş qəbalə Zəngəzurdakı Tatev monastırına məxsus kəndlərdən üçünün – Hot, Şınhər və Halizur kəndlərinin sərhədləri təsvir edilib. Qəbalə sənədinin giriş hissəsində onun Azərbaycanın Kapanat, Sisəcan və Tümən-e Naxçıvan ölkəsinin adlı-sanlı və vicdanlı şəxsləri tərəfindən təsdiqləndiyi, yəni imzalandığı bildirilir. Sənəddə adı çəkilən üç kəndin sərhədləri keçən bütün yer adları – Urut, Ayı dərəsi, Zoğallı dərə, Zoğallı zəmi, Həmidgöl, Qaraunça yolu, Beştəpə, Daşxırman, Təpəkaşen (Təpəköşə), Kölgəqaya, Yaşlı bulaq, Dəmirçi təpə, Molla Həsən karvansarası, Tuşmal gədiyi, İmranlı müsəlman qəbiristanlığı, Hakaz təpə, Çala, Çayır çəmən, Kor çeşmə, Qızıl qaya, Börklü qaya, Qaradaş, Tikmədaş, Uzun daş, Keçi qayası və s. tamamilə Azərbaycan türkçəsindədir.

Azərbaycan Səfəvilər dövləti dövründə də Zəngəzur Azərbaycanın tərkib hissəsi idi. 1508-ci il noyabrın 8-də tərtib edilmiş qəbalə sənədin müxtəlif yerlərində beş dəfə “Azərbaycan ölkəsinin Urut-Qafanat nahiyəsi” ifadəsi işlənmiş, üç yerdə isə Sisəcan mahalının Azərbaycan ölkəsinin Naxçıvan tüməninə daxil olduğu öz əksini tapmışdır. Şah I Abbasın 1620-ci ilin okt­yabrında imzaladığı fərmanda Zəngəzur diyarının Quştasif və Qafan vilayətlərinin Azərbaycana mənsubluğunu təsdiq edən çox mühüm məlumat vardır. XVII əsrin sonlarında Zəngəzur Azərbaycan Səfəvi dövlətinin Kür və Araz çayları arasındakı geniş torpaqla­rını əhatə edən Qarabağ (Gəncə) bəylərbəyliyinin tərkibinə daxil idi. Bu dövrdə Zəngəzurun ərazisi Qarabağ (Gəncə) bəylərbəyliyinin iki inzibati-ərazi vahidinin – Bərguşad və Arasbar mahalları arasında bölünmüşdü. Əgər Səfəvilər dövründə Zəngəzurun əsas torpaqları yalnız bir inzibati-ərazi vahidinin – Qarabağ (Gəncə) bəylərbəyiliyinin tərkibinə da­xil idisə, Osmanlı hakimiyyəti dövründə bu torpaqlar üç inzibati-ərazi vahidinin – Gəncə-Qarabağ əyalətinin, İrəvan əyalətinin və Naxçıvan sancağının arasında bölüşdürülmüşdü.

1813-cü il Gülüstan müqaviləsindən sonra Qara­bağ xanlığının Zəngəzurun tarixi ərazisinə daxil olan bir hissəsi, Mehri dairəsinin Çonqur (Çuləndər) və ya Qapan çayının sol sahilində yerləşən hissəsi Qacarlar dövlətinin tərkibinə keçmişdi. Həmin dövrdə xanlıq Sisyan, Dəmirçihəsənli, Küpara, Bərgüşad, Bağabürd, Kəbirli, Tatev, Cavanşir, Talış, Xaçın, Kolanılar, Çiləbörd, Xırdapara Dizaq, Püsyan, Dizaq Cavanşir, Otuziki, İyirmidörd, Qaraçorlu, Vərəndə, Dizaq, Acnan-Türk kimi 21 mahala bölünmüşdü. 1831-1833-cü illərdə isə Sisyan, Tatev, Qaraçorlu, Püsyan, Bərgüşad və s. mahalların əsasında daha böyük Zəngəzur mahalı təşkil edilmişdi. 1849-cu ildə İrəvan quberniyası yaradılarkən Mehri sahəsi onun tərkibinə daxil edilən Ordubad qəzasına verildi.

1886-cı il ailə siyahıyaalma­sına görə, Zəngəzur qəzasında dörd sahə və kənd cəmiyyətinə daxil olmayan yaşayış məskənləri üzrə 19028 ev və həmin evlərdə yaşayan 116747 nəfər əhali qeydə alınmışdı. Qəza üzrə ümumi əhali (116747 nəfər) içərisində azərbaycanlıların (77060 nəfər) nisbəti 66%, ermənilərin (34281 nəfər) nisbəti isə 29,36% idi. Ça­rizmin erməniləri Azərbaycan tor­paqlarına köçürmə siyasətinə bax­mayaraq, imperiya dağılanadək azərbaycanlılar Zəngəzur qəzasının əsas hissəsini təşkil et­mişdir. 1918-ci ilin yazı və payızın­da erməni silahlı quldur dəstələri və Andranikin hərbi hissələrinin əməliyyatları nəticəsində Zəngəzur qəzasında 115 kənd dağıdılmış və ya məhv edilmiş, 3257 kişi, 2276 qadın, 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmış, beləliklə, 10068 müsəlman qətlə yetirlimiş və ya şikəst edilmişdi.

Ermənilərin törətdiyi soyqırım­larını önləmək üçün Azərbaycan Cümhuriyyəti hökumətinin 1919-cu il 15 yanvar tarixli qərarı ilə Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarının müvəqqəti general-qubernatoru vəzifəsi təsis edildi, yanvarın 29-da bu vəzifəyə Xosrov bəy Sultanov təyin olundu. General-quber­natorluğun ərazisi 19096,53 kv. verst təşkil edirdi. Bu Azərbaycan Cümhuriyyətinin müəyyən edilmiş ümumi ərazisinin (99908,87 kv. verst və ya 113895,97 kv. km.) 19,11%-ni təşkil edirdi. Zəngəzur qəzası sahəsinə görə (6742,92 kv.verst və ya general-qubernator­luğun ərazisinin 35,31 %-i) birinci yerdə dururdu. Sovet Rusiyasının yaxından iştirakı ilə Zəngəzurun bir hissəsinin Ermənistana verilməsi ilə Ermənistan SSR dövləti Zəngəzurun azərbaycanlı əhalisinin deportasiya və soy­qırımını başa çatdırmışdı. M.Skibitskinin hesablamasına görə, Qarabağ general-quberna­torluğunun tərkibinə daxil olan Zəngəzur qəzası ərazisindən (6742,96 kv.verst) 3637 kv. versti Ermənistana verilmişdi. Sovet Ermənistanı Zəngəzuru ələ keçirdikdən sonra ilk əvvəl onun inzibati-ərazi bölgüsünü dəyişdirməyə başladı. Ermənistan SSR Xalq Komissarları Sovetinin 1921-ci il 31 avqust qərarı ilə onun torpaqları əsasında Zəngəzur (Gorus, Sisyan və Qafan) və Mehri qəzaları təşkil etmişdi. Sovet rayonlaşdırılması zamanı isə 1930-cu ildə həmin qəzaların ərazisi Gorus, Sisyan, Qafan və Mehri rayonlarına bölünmüşdü.

Zəngəzurun Ermənistana verilmiş hissəsində ən böyük faciə isə II Dünya müharibəsindən sonra, sovet dövlət rəhbərliyinin bilavasitə iştirakı ilə Ermənistan tərəfindən respublikanın azərbaycanlı əhalisinin 1948-1953-cü illərdə deportasiyası oldu. 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur.

Stalinin ölümü ilə azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası kimi cinayətkar fəaliyyət dayandı­rılsa da Ermənistan rəhbərliyi bu siyasəti 1950-1980-ci illərdə qapalı, 1980-ci illərin ortala­rından isə açıq şəkildə davam etdirdi. 1987-ci ilin noyabrında Qafan və Mehri rayonlarının azərbaycanlılarına qarşı depor­tasiya başladı. Ermənistanda öz tarixi etnik torpaqlarında yaşa­yan azərbaycanlılar dövlətin həyata keçirdiyi məqsədyönlü soyqırımı və deportasiya siyasəti nəticəsində oranı tərk etməyə məcbur oldu. Ermənistandakı sonuncu azərbaycanlı kəndi – Zəngəzurun Nüvədi kəndinin əhalisi 1991-ci ilin avqustunda deportasiya edildi. Beləliklə, ermənilərin və Ermənistan dövlətinin həyata keçirdiyi soy­qırımı və deportasiya siyasəti nəticəsində Azərbaycanın tarixi Zəngəzur torpaqlarının Ermənistana verilmiş hissəsində yaşayan azərbaycanlı əhalisinin varlığına son qoyuldu.

Azərbaycanın tarixi Zəngəzur bölgəsinin bir hissəsinin Sovet Rusiyası tərəfindən Ermənistana verilməsi, digər hissəsinin isə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi İlə tarixi Zəngəzur torpaqlarının ələ keçirilməsi başa çatdırılmış­dır. Ermənistanın işğal edilmiş ərazilərdə yaratdığı qondarma inzibati-ərazi bölgüsündə vahid Zəngəzuru bərpa etməməsi və erməni əhali ilə məskunlaşdıra bilməməsi bir daha sübut edir ki, onun digər tarixi Azərbaycan torpaqları ilə, eyni zamanda, Zəngəzur bölgəsinə iddiası heç bir tarixi zəminə əsaslanmır.

Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 7 iyul 2021-ci il tarixində Cəbrayıl, Kəlbəcər, Qu­badlı, Laçın və Zəngilan rayonları hesabına Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldı. Bu iqtisadi rayo­nun yaradılması Zəngəzurun qərb hissəsinin də mövcudluğunu və tarixən Azərbaycan torpağı olma­sını göstərir. Azərbaycan Respub­likasının Prezidenti cənab İlham Əliyev son çıxışlarında bu fikri bir daha təsdiqlədi: “Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağı­mızdır. Biz tarixi unuda bilmərik, kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, ya­xın tarixdir – 101 il bundan əvvəl. Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur – Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba tor­pağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur”.

Bu gün Zəngəzur dəhlizinin yaradılması istiqamətində ad­dımlar atılması və bu dəhlizin reallaşdırılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Bu layihənin icrası bizim dədə-baba torpağımız olan Zəngəzura qayıdışımızın növbəti müjdəçisi olacaqdır.

Anar İSKƏNDƏROV,

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor

14 May 2022 00:33 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə