Ən son xəbərlər
Rusiyanın Ukraynada müharibəyə başlaması bu ölkənin Qərblə münasibətlərinə ciddi zərbə vurub. Artıq ABŞ və Avropa İttifaqı Moskvaya qarşı çox geniş iqtisadi sanksiyalar tətbiq edib. Avropa İttifaqının bu sanksiyalar peketinin sayı artıq 6-ya çatıb. Avropa İttifaqı, eyni zamanda, son vaxtlar Rusiyadan neft, qaz və kömür almaqdan imtina ilə bağlı qərara gəlib.
Bununla bağlı Aİ-nin hazırladığı Bəyənnamədə bildirilir: “Artan qeyri-sabitliklə, strateji rəqabət və təhdidlərlə üzləşdiyimizə görə biz öz təhlükəsizliyimiz, Avropanın suverenliyinin möhkəmləndirilməsi ilə bağlı qəti addımlar atmaq üçün 2030-cu ilə qədər inkişafın və sərmayələrin yeni modelini işləyib hazırlamaq məsuliyyətini üzərimizə götürməyi qərara alırıq”.
Artıq istər Aİ rəsmiləri, istərsə də təşkilata üzv olan ayrı-ayrı ölkələr Rusiya enerjidaşıyıcılarından mümkün qədər qısa müddətdə imtina etmək üçün təcili fəaliyyətlərə başlayıblar. Bu prosesdə ABŞ Avropaya ciddi dəstək vəd edir. Ağ Ev Rusiyanın Ukraynaya qarşı müharibə apardığı müddətdə Avropanın Rusiya qazından asılılığını azaltmaq və enerji təhlükəsizliyini gücləndirmək üçün Avropaya təbii maye qaz ixracını artıracağını bəyan edib. Bununla bağlı ABŞ və Aİ arasında birgə əməliyyat qrupu da yaradılıb. Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, ABŞ bu il Avropaya əlavə olaraq 15 milyard kubmetrə qədər maye qaz tədarük etmək öhdəliyi götürüb.
Odur ki, hazırda Aİ ölkələri 2030-cu ilə qədər ABŞ-dan ildə 50 milyard kubmetr qaz qəbul etmək üçün öz infrastrukturlarını yaratmağa çalışırlar. Məqsəd 2022-ci ilin sonunadək Rusiyadan neft idxalını tamamilə dayandırmaq, qaz idxalını isə 50 milyard kubmetr azaltmaqdır.
Təbii ki, Rusiya nefti və qazından tamamilə imtina Avropaya asan başa gəlməyəcək. Əslində neft-qaz hasil edən ərəb ölkələri də Rusiyanı əvəzləyə bilməyəcəklərini etiraf ediblər. Bununla belə, ərəb ölkələri ilə bu xüsusda danışıqlar aparılır. Artıq Birləşmiş Ərəb Əmirlikləri gündəlik neft hasilatını artıraraq 5 milyon barelə çatdırmaq planlarını bəyan edib. Qətər Avropanı qazla təchiz etməyə hazır olduğunu bildirib. Ancaq bununla bağlı cari problemləri nizamlamaq üçün 5-7 il vaxt tələb olunur.
Qaz məsələsinin Avropa üçün əhəmiyyətini, eləcə də Avropanın bu məsələdə Rusiyadan tam asılılığını nəzərə alan Rusiya Prezidenti Vladimir Putin qazın dəyərinin rublla ödənilməsi barədə göstəriş verib. Bu isə, təbii ki, Aİ-də razılıqla qarşılanmayıb. Hələlik yalnız Macarıstanın qazı rublla almağa hazır olduğu məlumdur.
Bu gün Avropa İttifaqı özünün onsuz da artmaqda olan tələbatını ödəmək üçün Azərbaycan, Norveç, Əlcəzair kimi ölkələrdən qaz idxalını artırmaqla bağlı danışıqları intensivləşdirib. Azərbaycan 2022-ci ildə Cənub Qaz Dəhlizi ilə Avropaya planlaşdırılan 10 milyard kubmetrə qarşı 11 milyard kubmetr qaz çatdırmağı nəzərdə tutur. Əlcəzair isə 2021-ci ildə Avropanın qaz təchizatının 12 faizini təmin edib. Ölkədən İtaliyaya və İspaniyaya qaz çatdıran 2 kəmərlə ümumi nəqli qısa müddətdə 8-10 milyard kubmetrə çatdırmaq mümkündür. Əlcəzairdən Mərakeş üzərindən İspaniyaya gedən və gücü 12 milyard kubmetr olan başqa bir kəmər isə bu iki ölkə arasında münasibətlərin gərginliyi səbəbindən hazırda fəaliyyətsizdir. Avropa və ABŞ məhz bu kəmərin bərpası üzərində çalışırlar.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfələri də ilbəil artmaqdadır. Ölkəmiz son illərdə bu məsələdə mühüm rol oynayır. Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi enerji siyasəti ölkəmizi ümumiyyətlə bütün dünyada əhəmiyyətli regional oyunçuya çevirib. Bu ilin martında Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra isə Azərbaycanın Avropa üçün önəmi daha da artıb. İqtisadi ekspertlər hesab edirlər ki, yeni çağırışlarla qarşılaşmış Avropa ölkələri Rusiya neft-qazından imtina etmək üçün bir sıra ölkələrlə yanaşı, Azərbaycanla da geniş müzakirələr aparır. Təbii ki, Azərbaycan da özünün coğrafi mövqeyindən istifadə edərək, karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirməyə çalışır.
Bu il fevralın 4-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin VIII toplantısının keçirilməsi də təsadüfi deyildi. Tədbirə qoşulan ölkələrin sayı artmaqdadır. Bu dəfəki iclasda 18 ölkə, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı iştirak etdi. Səbəb Azərbaycanın dünyada xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biri olmasıdır. Yaxın illərdə Azərbaycan Avropa ölkələrinə elektrik enerjisi və təbii qaz ixracını artırmaq üçün böyük potensiala malikdir. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan Avropanın ən etibarlı enerji təchizatçılarından biridir.
Avropa İttifaqının Genişlənmə və Qonşuluq üzrə komissarı Oliver Vahreli də Azərbaycanın enerji sahəsində Aİ-nin güclü tərəfdaşı olduğunu təsdiq edib. Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson isə Cənub Qaz Dəhlizinin Avropa İttifaqı və region üçün xüsusi əhəmiyyətə malik olduğunu bildirib. O, bu dəhliz vasitəsilə Avropa İttifaqına nəql edilən qazın artırılmasında Azərbaycanın göstərdiyi səyləri yüksək qiymətləndirərək deyib ki, Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır, Cənub Qaz Dəhlizi isə qitənin qaz təchizatının təhlükəsizliyi baxımından çox vacib layihədir.
Bu günlərdə “Financial Times” analitikləri hesablayıblar ki, Avropa İttifaqı Rusiya neft və qazından tamamilə imtina etmək və alternativ enerji mənbələrinə keçmək üçün qarşıdakı beş il ərzində əlavə 195 milyard avro xərcləməli olacaq. Bu proses həm də Aİ-də enerji istehlakının tədricən azaldılmasını, eləcə də ekoloji cəhətdən təmiz enerjiyə, yaşıl hidrogen, biometan və günəş panellərinin aktiv istifadəsinə keçilməsini nəzərdə tutur. Bütün bu prosedurlar isə ciddi maliyyə sərfi tələb edir.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə