Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Adımı sənə qoyum, səni də yana-yana...”

Yaxud Ermənistan rəhbərliyi öz cinayətlərini necə ört-basdır etməyə çalışır?

Yazıya qədim el məsəlini başlıq seçməkdə məqsədimiz heç də məlum folklor nümunəsindən bəhs etmək deyil. Söhbət ondadır ki, yenə də Ermənistan rəhbərliyi özünün həyasız tövrləri ilə Azərbaycana şər-böhtan atır, bizi təcavüzdə suçlamağa, sülh danışıq­larının yubadılmasında təqsirkar çıxarmağa cəhdlər edir.

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə Niderlanda səfəri zamanı Klinqdeyl Beynəlxalq Münasibətlər İnstitutunda oxuduğu mühazirənin ardınca suallara cavab verərkən Azərbaycanı təcavüzkar siyasət yürütməkdə günahlandırıb. O de­yib ki, guya, Azərbaycan, Ermənistan və Dağlıq Qarabağdakı erməni separatçı­larına qarşı təcavüzkar siyasət nümayiş etdirir. “Siz bilirsiniz ki, Dağlıq Qarabağ­da Rusiyanın sülhməramlı kontingenti var. Və Azərbaycan diplomatiyasının son aylardakı siyasəti bundan ibarətdir: Onlar Avropa İttifaqında deyirlər ki, Ermənistan Rusiyayönlü ölkədir, amma Rusiyada bildirirlər ki, Ermənistan Qərbyönlü ölkədir. Bəzən də deyirlər ki, Ermənistana rəngli inqilab vasitəsilə yerləşdirilmiş hökumət Rusiyaya qarşı çıxış edir”.

Azərbaycanı təcavüzkar kimi qələmə vermək istəyən Nikol Paşinyan yenə də dünya ictimaiyyətinin gözünə kül üfürməkdə, öz hökumətinin regi­onal sülh üçün prinsipial əhəmiyyət daşıyan məsələlərin həllində qeyri-konstruktivliyindən yayındırmaqdadır. Amma bir daha folklora istinad edərək deməyi lazım bilirik ki, görünən dağa bələdçi lazım deyil. Azərbaycanın haqlı mövqeyi, sülhpərvər təşəbbüsləri və humanitar məsələlərdə dəfələrlə sırf güzəştli addımlar atması bütün beynəlxalq aləmə bəllidir.

Paşinyanın riyakar qənaətinə görə, guya, Azərbaycanın məqsədi yürüt­düyü təcavüzkar siyasəti həm Qərbə, həm də Rusiyaya qəbul etdirməkdir. Ermənistan isə göz dəymiş kimi, Rusiya­nın strateji müttəfiqidir, ODKB, Avrasiya İttifaqının üzvüdür və Rusiya ilə çox isti, sıx əlaqələri var. Digər tərəfdən, Ermənistanla Avropa İttifaqı və Aİ üzvü olan ölkələr arasında münasibətlər dərinləşir, çünki demokratik islahatlar sahəsində Avropa İttifaqı Ermənistanın əsas partnyorudur.

Sual yaranır: əgər doğrudan da, belədirsə, onda Ermənistan nədən daim nala-mıxa vurur, gah Moskva ilə, gah da Qərblə “siçan-pişik oyunu” oynayır? Məsələ bundadır ki, İrəvandakı etiraz aksiyalarından başını itirmiş Paşinyana etimad hərtərəfli şəkildə azalıb. Elə Ni­derlandda qarşılanma mərasimi zamanı təyyarənin qarşısında yerə ənənəvi qay­dada qırmızı xalı əvəzinə “Stop” yazılı xüsusi örtüyün sərilməsi də müəyyən səbəb-nəticə improvizasiyaları üçün yetərli əsas yaradır. Erməni şərhçilər özləri bu məsələyə reaksiya verərək deyiblər ki, Niderland da Nikol Paşinya­nın istefasını tələb edərək “Stop, Nikol” şüarına qoşulub.

Biz də burada Paşinyanın mənasız zoğallamalarına bir “Stop” işarəsi qo­yaraq qeyd edək ki, Ermənistanın işğal dövründə törətdiyi cinayətlər, 44 günlük müharibə zamanı dinc əhalini qırmaq üçün Gəncəyə, Bərdəyə, Tərtərə qa­dağan olunmuş raketlər atması, təbiətə qarşı insanlıqla bir araya sığmayan ekoloji terror aktlarına rəvac verməsi, ərazilərimizdə addımbaşı minalar bas­dıraraq, onların xəritələrini gizlətməsi kifayət edir ki, Ermənistan rəhbərliyi də, şəxsən o özü də beynəlxalq məhkəmə qarşısına çıxarılıb layiqli cəzasına alsın. Bütün bu sadaladıqlarımızı Qarabağa təşkil olunan səfərlər zamanı beynəlxalq ictimaiyyətin nümayəndələri də, xarici jurnalistlər də görüb və vəhşiliklərin miq­yasından heyrətə gəliblər. Paşinyan unu­dur ki,boğaza qədər çirkabın, lehmənin içində ola-ola özünü duruya çıxarmaq cəhdi, yumşaq desək, gülüncdür.

Paşinyanın Niderlanddakı bədnam çıxışına Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən ətraflı şərh verilib. Bu barədə danışmazdan öncə hələ bir müddət əvvəl Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransını xatırlayaq. Ora­da dövlətimizin başçısı postmüharibə mərhələsində bölgədə təhlükəsizliyə, əmin-amanlığa nail olunması üçün quru­culuq və əməkdaşlıq perspektivlərindən danışdığı halda, Ermənistan tərəfindən bunun əksinə yönələn pozucu yanaşma və təcavüzkar ritorika sərgiləndi: məğlub ölkənin rəsmi XİN nümayəndəsi sırf revanşizm mövqedən çıxış etdi. Bu isə o demək idi ki, Ermənistan 30 il davam edən təcavüz və işğalın düşmənçilik və nifaqdan başqa nəticə vermədiyini hələ də anlamır və yaxın keçmişin hadisələrini özü üçün görk etməyib. Yəni bu ölkə öz xalqının təhlükəsiz və tərəqqi dolu gələcəyinin üzərindən öz əli ilə xətt çəkir.

Son Vətən müharibəsi də göstərdi ki, Azərbaycan hər zaman beynəlxalq sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü təmin etməyə hazırdır və bu xüsusda meydana gələ biləcək hər hansı təhdidin qarşısını qətiyyətlə almağa qadirdir.

Azərbaycan Respublikası XİN Mətbuat Xidməti İdarəsinin Nikol Paşinyanın Niderlandın Klingendayl Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı səsləndirdiyi fikirlərlə bağlı şərhində bildirilir ki, onun Azərbaycana qarşı səsləndirdiyi iddialar, o cümlədən humanitar məsələlərlə bağlı ittihamlar əsassız və həqiqətdən uzaqdır. Bu çıxış Ermənistan rəhbərliyinin iki dövlət arasında münasibətlərin normallaşma­sı məsələsində səmimiyyətdən uzaq olduğunu göstərir: “Birinci növbədə, xatırladırıq ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib bu ərazilərdəki mina problemini, o cümlədən həm 30 ilə yaxın davam edən işğal müddətində sistematik şəkildə, həm də üçtərəfli bəyanat imzalandıqdan sonra əraziləri tərk edərkən Ermənistan tərəfinin məqsədyönlü şəkildə minaları bas­dırdığını, minaların bölgədə insan həyatına ciddi təhdid doğurduğunu və beləliklə də, mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün Ermənistana təzyiq edilməsi məsələsini dünya ictimaiyyətinin diqqətinə çatdır­dığı zaman, əvvəlcə Ermənistan tərəfi, ümumiyyətlə, mina xəritələrinin möv­cudluğunu inkar edirdi. Daha sonra isə beynəlxalq ictimaiyyətin bu məsələdə mövqeyi ilə üzləşən Ermənistan mina xəritələrini hissə-hissə Azərbaycana təqdim etdi və verilən xəritələrin dəqiqliyi isə 25 faiz təşkil edib. Ümumiyyətlə, Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməsini humanitar jest kimi qələmə vermək yanlışdır, çünki bu, üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanın beynəlxalq humani­tar hüquq öhdəliyi idi”.

Üçtərəfli bəyanat imzalanan vaxt­dan bu günədək əksəriyyəti mülki şəxs olmaqla, 219 nəfər mina qurbanı olub. Təəssüf ki, vətəndaşlarımız mütəmadi olaraq, o cümlədən Ermənistan tərəfinin xəritələri təqdim etməsindən, habelə iki dövlət liderinin Brüssel görüşündən sonra da mina qurbanına çevrilirlər. Bu ilin yalnız aprel ayında baş vermiş 9 hadisə nəticəsində 10 nəfər minalardan xəsarət alıb.

Şərhdə qeyd olunur ki, 30 ilə yaxın Ermənistan tərəfindən viran qoyulan əraziləri hazırda Azərbaycan yenidən qurur, bərpa edir. Onilliklər ərzində torpaqlarından didərgin düşən insan­ların evlərinə geri qayıtmasını təmin etmək üçün gecə-gündüz iş görülür. Lakin bu ərazilərdəki genişmiqyaslı mina problemi köçkünlərin öz evlərinə tez qayıtmasına əngəl törədir. Bunun yeganə səbəbkarı isə Ermənistanın həyata keçirmiş olduğu işğalçı siyasət və dağıdıcı, pozucu fəaliyyətdir. Belə olduğu halda, Ermənistan baş nazirinin Azərbaycanı humanitar addımlar atma­maqda, saxlanılan erməni əsilli şəxsləri qaytarmamaqda ittiham etməsi yersiz və əsassızdır. Qoy, hərdəmxəyal baş nazir öncə Azərbaycan ərazilərinə qanunsuz şəkildə daxil olan erməni diversantların orada saxlanma səbəbini anlasın.

Sözsüz ki, humanitar məsələlər sülh gündəliyinin önəmli tərkib hissəsini təşkil edir və Azərbaycan hər zaman humanizm prinsiplərini rəhbər tutub, hətta 44 günlük müharibə zamanı və müharibədən sonra birtərəfli qayda­da humanitar addımlar atıb. Lakin, Ermənistan tərəfi, nəhayət, başa düşməlidir ki, sülh üçün sadəcə boş-boş danışmaq yox, əməli addımlar atmaq, hərəkət etmək lazımdır.

Təəssüf ki, ikiüzlü siyasət yürüdən Ermənistan rəhbərinin Azərbaycana qar­şı hələ də əsassız iddialarla çıxış etməsi bu ölkənin sülh üçün hərəkətə keçmək istəyini ciddi sual altına alır. Son həftələr ərzində İrəvanda başlanmış kütləvi etiraz aksiyaları, Paşinyan hökumətinin devrilməsinə göstərilən inadlı səylər də göstərir ki, orada sülh razılaşmalarının pozulması tendensiyası daha güclü­dür. Adətləri üzrə hakimiyyət dəyişikliyi etmək və Şimaldakı, ya da Qərbdəki havadarlarının onların xeyrinə nə isə edəcəyi, beynəlxalq şərtlərin bir möcüzə olaraq dəyişə biləcəyi ümidi ilə vaxt qazanmaq niyyəti açıq-aşkar görünür. Bəlkə də Nikol Niderlanddakı çıxışı ilə ona impiçment elan etmək istəyən mü­xalif qüvvələri fikirlərindən daşındırmağı hədəfləyir. Axı, iki gün öncə bu ölkənin parlamentinin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan İrəvanın Fransa meydanındakı mitinqdə və xarici diplo­matiya korpusunun nümayəndələrinə müraciətində bəyan edib ki, daha Paşinyan erməni xalqını təmsil etmək mandatını itirib. “Biz dövlət strukturla­rını bloklayıb ölkədə ikihakimiyyətlilik formalaşdırılmasına nail olacağıq. Nikol, Niderlandda həmvətənlərimizin səni necə qarşıladığını gördün? Bil ki, bütün erməni xalqı sənin haqqında elə düşü­nür”, – deyə, o, xaricdə erməni diasporu­nun təşkil etdiyi biabırçı etiraz aksiyasını xatırladıb.

Ermənistan müxalifəti İkinci Qarabağ müharibəsindəki acınacaqlı məğlubiyyəti Paşinyanın siyasi xətti ilə əlaqələndirir. Dişində korrupsiya şirəsi qalmış “Qa­rabağ klanı” xüsusilə fəallaşıb. Onlar Brüssel sülh gündəliyinə rəğmən, müxtəlif güclərin dəstəyi ilə sülh prosesi­ni pozmağa cəhd göstərirlər. İrəvandakı mitinqlərdə hökumətin istefasını tələb edənlər də, Niderlanddakı mitinqdə hay­qırtı salanlar da Nikolu satqın, qatil və dövlət xaini adlandıraraq, onun yerinin həbsxana olduğunu söyləyirlər. Bütün bunların fonunda Ermənistan baş nazi­rinin siyasi manipulyasiyalar etməsinin, dondan-dona girməsinin səbəbi bir daha aydın olur. Yəni çalışır ki, Azərbaycana qarşı hərzə-hədyan söyləməklə öldürü­cü zərbədən, cəzadan yayınsın. Rəsmi razılaşmaların, bəyanatların onun “qəfil” huşundan çıxmasının, tibbi dillə desək, “demensiya” ya tutulmasının da sirri bundadır.

Ancaq bədnam erməni rəhbərliyinin danışıqlar prosesini necə yubatma­sından asılı olmayaraq, Azərbaycan öz haqlı mövqeyində qətiyyətlidir. Bu proses yubadıla bilər, amma gündəmdən bilmərrə çıxa bilməz. Sərhədlərin deli­mitasiya və demarkasiyası üzrə komis­siyaların işə başlaması və təhlükəsizlik zəmanətlərinin verilməsi mütləq xarakter daşıyır. Ermənistanın daxilində yaranmış neqativ atmosfer qarşı tərəfin özünün ziyanınadır. Məntiqlə bir araya gəlməyən yersiz arqumentlər necə olur-olsun, ara­dan qaldırılmalıdır. Çünki sülh prosesinin alternativi yoxdur və Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Həmin öhdəliklər yalnız Brüssel sülh formatına uyğun olaraq məsələlərin tənzimlənməsindən, eyni zamanda, Ru­siyanın vasitəçiliyi ilə imzalanmış 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar və 26 noyabr bəyanatlarının icrasından ibarətdir.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

14 May 2022 00:26 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə