Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkədə həssas qruplara, xüsusilə əlillərə qayğı məmnunluq doğurur

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin ötən dövründə keçən ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə çox olmaqla 10 mindən çox şəxsə əlillik təyin olunub. Ümumilikdə, son 3 ildə 155 minədək şəxsə əlillik və sosial ödənişlərin təyinatı aparılıb. Qeyd edək ki, əlilliyin qiymətləndirilməsi tibb müəssisələri tərəfindən “Əlillik” altsisteminə daxil edilən göndərişlər əsasında, ekspert–vətəndaş təması olma­dan, göndərişlərdəki diaqnozlar əsasında həyata keçirilir. Diaqnoz məlumatları şəxsin əlillik vəziyyətində olduğunu müəyyən etməyə əsas yaratdığı halda əlillik təyinatı həyata keçirilir.

Qanunvericiliyə əsasən əlillik müddətli və müddətsiz müəyyən edilir. Amputasiya və ya sağalmaz xəstəlik kimi geridönməz hallar ol­duqda, əlillik ömürlük, digər hallarda isə 5 illik müddətə təyin olunur. Beş illik müddət bitdikdə əlillik təkrar qiymətləndirilməlidir. Bunun üçün dövlət tibb müəssisələri tərəfindən e-sistemə göndəriş daxil edilməlidir. Göndəriş olmadığı təqdirdə əlillik müddətinin uzadılması, əlilliyə görə sosial ödənişin davam etdirilməsi də mümkün olmur.

Məlumat üçün bildirək ki, 2020 – 2022-ci illər üzrə əlillik müddəti bitən şəxslərin əlilliyinin uzadılması üçün tibb müəssisələri tərəfindən e-sistemə daxil edilən göndərişlər (Forma 88) üzrə 57 min şəxsə əlillik təyin edilib. Bir sıra hal­larda e-sistemə daxil edilən göndərişlərin natamam tərtibi, şəxsin əlillik vəziyyətini müəyyən etməyə əsas yaradan zəruri qeydlərin göndərişdə olmaması şəxsin əlilliyi ilə bağlı qərar verilməsinə çətinlik yaradır. Təcrübədə hətta belə halda həqiqətən əlillik vəziyyətində olan şəxsin (tibbi – sosial eksperti­za xidmətinin onu əyani görməməsi, birbaşa təmas olmaması nəticəsində) əlilliyinin qiymətləndirilməsi mümkün olmadığından göndərişin geri qayta­rıldığı hallar olur. Göndərişin təkrarən tibb müəssisəsinə geri göndərilməsi isə həmin sənədin daha dürüst tərtib olun­ması məqsədi daşıyır və heç də şəxsə əlillik təyin edilməsindən imtina olunma­sına dəlalət etmir.

Nazirliyin təşəbbüsü ilə hazırlan­mış və Milli Məclis tərəfindən təsdiq olunmuş qanunvericilik layihəsi üzrə əlillik müddəti başa çatdıqdan sonrakı 6 ay ərzində təkrar əlillik təyin olunduğu halda ortada itirilmiş müddətin nəzərə alınması ötən ilin 24 iyulundan etibarən tətbiq edilir. Ötən dövr ərzində 12 mindən çox əlillik qiymətləndirilməsində bu müddəa tətbiq edilmiş və insanların ödəniş hüquqları təmin olunmuşdur.

Əlillik təyinatından dərhal sonra avtomatik şəkildə proaktiv qaydada əlilliyə görə sosial ödənişlər təyin olu­nur. Son illərdə aparılan sosial islahatlar əlilliyi olan şəxslərə ödənilən sosial ödənişlərdə də ciddi artımlara imkan verib. 2018-ci ilin əvvəli ilə müqayisədə onlara ödənilən pensiyaların orta aylıq məbləği 82 faiz, müavinət ödənişləri 3 dəfə, xüsusi kateqoriyalara aid əlilliyi olan şəxslərə təqaüd ödənişləri 5 dəfə çox artıb. Həmçinin əlilliyi olan şəxslərə pensiya, müavinət, təqaüd formasında ödənişlərin ümumi illik məbləği 1 mil­yard 533 milyon manata çatıb.

Ölkəmizdə həssas qrupdan olan şəxslərə, o cümlədən əlillərə xüsu­si diqqət və qayğı göstərilir. Onların mənzil və avtomobillə təminatı aparılır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı tədbirində Vətən müharibəsi əlilləri üçün nəzərdə tutulan “Xəzər” markalı 50 avtomo­bilin müharibə əlillərinə artıq təqdim olunması dediklərimizi təsdiq edir. Ümumilikdə, nazirlik tərəfindən ötən dövrdə müharibə əlillərinə 7400 minik avtomobili verilib.

Avtomobillərin təqdim edilməsi zamanı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordu­sunun 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərimizdən bəhs olunub. Dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş sosial dəstək proqramının icra olunduğu bildirilib. O cümlədən, postmüharibə dövründə 3500, ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlilinin mənzillə təmin olunduğu diqqətə çatdırılıb. Vətən müharibəsinin 200 hərbçisinin, ümumilikdə 300 müharibə əlilinin son nəsil protezlərlə, 1400 müharibə əlilinin 17 min reabilitasiya vasitəsi ilə təmin olunduqları qeyd olunub. Həmçinin 5 min ailəyə sosial-psixoloji, 1500 şəxsə reabilitasiya xidmətləri göstərildiyi, 11 min şəxsin aktiv məşğulluq proqramları­na cəlb edildiyi bildirilib.

Müharibə əlilləri onların sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan işlərdən razılıqlarını bildirib və yüksək qayğı ilə əhatə olunduqlarına, yeni avtomobillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Bugünlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Milli Transfer Hesabları üzrə beynəlxalq ekspert, Macarıstan Demoqrafik Tədqiqatlar İnstitutunun baş tədqiqatçısı Robert Qal ilə keçirilən görüşdə nazir Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətlərindən biri kimi, ölkəmizdə müsbət demoq­rafik vəziyyətin, əhalinin sabit artım tempinin mövcud olduğunu vurğulayıb. Görüşdə əhali sakinliyi və demoqra­fik inkişaf sahəsində həyata keçirilən dövlət siyasəti barədə məlumat verilib. Demoqrafik qiymətləndirmələrin apa­rılması, dolğun proqnozlar sisteminin yaradılması, əhali proqnozlarının hazır­lanması işləri qeyd edilib. Bu fəaliyyət sahəsi ilə bağlı görülən işlərdə BMT-nin Əhali Fondu ilə fəal əməkdaşlığı, birgə icra olunmuş “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahı­nın təşviq edilməsi” layihəsi haqqında məlumat verilib.

S.Babayev ölkəmizdə əhalinin rifah halının yaxşılaşdırılması, həssas qruplara qayğının artırılması, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində görülən işlərdən söz açıb. Əhalinin yaş struk­turunun iqtisadiyyata təsirinin tədqiqi və qiymətləndirilməsinə imkan verən, müasir metodoloji yanaşma olan Milli Transfer Hesablarının hazırlanması layihəsinin əhəmiyyətini qeyd edib. BMT-nin Əhali Fondu ilə əməkdaşlıq şəraitində layihə üzrə aparılan işlərdən bəhs edən nazir əhali proqnozlarının hazırlanması işlərində olduğu kimi, bu sahədə də beynəlxalq ekspertlərlə fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

Qeyd edək ki, ƏƏSMN tərəfindən ölkəmizdə əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) artıq istifadəyə verilib. Daha dəqiqi, islahat­lar çərçivəsində əmək münasibətləri dəyişir. Bununla əlaqədar keçirilən mətbuat konfransında Prezident İlham Əliyevin tapşırıqları əsasında aparı­lan köklü sosial islahatların əmək və məşğulluq sahələrini də əhatə etdiyi vurğulanıb. Nazir müavini Anar Əliyev bildirib ki, son illərdə innovativ həllərin geniş tətbiqi şəraitində məşğulluq xidmətlərinin, ümumilikdə məşğulluq sahəsində idarəçiliyin elektronlaş­dırılması üçün ardıcıl layihələr icra olunub. ƏMAS-ın istifadəyə verilməsi ilə Azərbaycanda əmək və məşğulluq sahəsində islahatların yeni və mühüm bir mərhələsinə keçilir.

Yeni altsistemin tətbiqi əmək münasibətlərində köklü dəyişiklikləri nəzərdə tutur. ƏMAS bütün işəgötürənlər və işə qəbul olunan­lar üçün vahid əmək münasibətləri platformasını və əmək bazarının bütün iştirakçılarına yeni ciddi dəstək me­xanizmini formalaşdırır. Bu altsistem vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçirilməsi təmin olunur.

Mətbuat konfransında Dövlət Məşğulluq Agentliyinin sədri Mus­tafa Abbasbəyli ƏMAS-a dair təqdimatla çıxış edib. Bildirib ki, işəgötürənlərin kadr məsələləri ilə bağlı işlərinin daha çevik və rahat yerinə yetirilməsini dəstəkləyəcək ƏMAS əmək münasibətlərini tənzimləyəcək. İşəgötürənlərin fəaliyyətini təmin edəcək bölmələrdə işəgötürənin kabineti, təşkilatın profili, struktu­ru, fəaliyyət sahəsi, hüquqi ünvanı, nizamnaməsi, ştat məlumatları və s. barədə informasiyalar əhatə olunacaq. Altsistem vasitəsilə ştat cədvəllərinin formalaşdırılması, vakansiyaların və vakansiya tələblərinin təqdim edilməsi, müxtəlif növ əmrlər, o cümlədən əmək müqavilələrinin e-qaydada bağlanması, müqavilələr üzərində əməliyyatların aparılması, müqavilələrin e-imzalanması imkanları təmin ediləcək.

ƏMAS işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına əlçatanlığını daha da artıracaq. Bu e-platforma özündə ölkənin Məşğulluq xəritəsini və reyestrini, mərkəzləşdirilmiş Karyera Portalını, işə düzəlmədə vasitəçilik üzrə vahid reyestri əhatə edəcək. ƏMAS qeyri–formal məşğulluğa e-nəzarət sisteminin də təkmilləşməsinə imkan verir. Altsistem risk əsaslı e-auditin aparılmasına (fiziki yoxlama­ların azaldılmasına), e-birja və e-peşə təliminə, məşğulluğa cəlb olunmanın çevik təşkilinə və s. də imkan yaradır.

Xatırladaq ki, Prezident İlham Əliyevin 19 aprel 2022-ci il tarixli sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin 77-ci ildönümü ilə əlaqədar həmin müharibədə iştirak etmiş şəxslərin– 81 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödənib. Sərəncamla, həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zona­ları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetir­miş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına, ümumən 4233 nəfərin hər birinə də 750 manat məbləğində birdəfəlik maddi yardımın ödənişi həyata keçirilib. Qeyd edək ki, sərəncam çərçivəsində ümumilikdə 4314 nəfər Prezidentin Ehtiyat Fondun­dan ayrılmış vəsait hesabına birdəfəlik maddi yardımla təmin edilib.

Sonda onu da diqqətə çatdırmağı lazım bilirik ki, nazirlikdən aldığımız məlumata görə, “Əmək və Məşğulluq“ altsisteminə (ƏMAS) keçidlə əlaqədar “Əmək müqaviləsi bildirişi” altsisteminə giriş 7 may saat 11:00-dan 9 may saat 22:00-dək məhdudlaşdırılacaq. “Əmək müqaviləsi bildirişi” altsisteminə dair məlumatların ƏMAS-a miqrasiyası prosesi başa çatdırıldıqdan sonra, növbəti həftənin ilk iş günündən, mayın 10-dan ƏMAS işəgötürən və işçilərin istifadəsinə veriləcək. Əmək münasibətlərinə aid digər prosedurlar kimi, əmək müqavilələrinin bağlanılma­sı, onlara dəyişiklik edilməsi və ya xitam verilməsi də artıq ƏMAS platforması üzərindən olmaqla e-qaydada həyata keçiriləcək.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

14 May 2022 00:25 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə