Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mükafata layiq əsər

Vahid Əzizin yenicə çapdan çıxmış “Param-parça olan illər” əsəri ədəbi ictimaiyyətin böyük marağına səbəb olmuşdur.

Kitaba müəllifin Birinci və İkinci Qarabağ savaşına həsr edilmiş şeirləri və “ Heyrət səcdəsi” adlı poeması daxil edilmişdir.Tarixin göz yaşlarını poetik dillə qələmə alan şair bu möhtəşəm əsərini 30 illik olum-ölüm vuruşunun Qələbə gününə ünvanlamışdir.

Zəfər millətimim altun tacıymış,

Özü yetməliymiş qisas zamanı.

Həm savaş xəmiri çox acıyıbmış,

Həm də müharibə acıymış hamı.

Azərbaycan oxucusunu hələ 70-ci illərdən öz cazibə dairəsinə salan Xalq şairimiz Vahid Əziz, həmişə olduğu kimi, bu dəfə də oxucularını heyrətləndirə bilmişdir.

Milli varlığımızın oyanması və təşəkkülü Vahid Əziz yaradıcılığının ana xəttini təşkil edir.Yaradıcılığında hər zaman milli birliyin və vətədaş həmrəyliyinin bünövrəsini qoyan şair şəxsiyyət məsələsini ön planda vermişdir. Məhz diqqəti çəkən bu möhtəşəm əsər deyilənlərin sübutu kimi keçmişin acılı-şirinli xatirələrini vərəqləyir.

Azərbaycanın bir hissəsi olan qədim Qarabağın 30 illik işğalı və yaşadığımız tarixin ağır sosial-psixoloji durumu Vahid Əzizi qan yaddaşımıza çəkib aparır. Bəşəri harmoniyanı pozan qanlı müharibələr hər kəsin yaddaşına əbədi həkk olunduğu kimi, poeziyanın yaddaşından da silinmir.

Poetik cəbhəyə atılan şairlərdən fərqli olaraq Vahid Əziz torpaq və Vətən anlayşlarını şüarçılıqla deyil, müqəddəslik və cahanşümulluqla qanı və canı qədər sevərək qələmə almışdır. Əsərdəki poetik duyum oxucunu müharibənin əsl iştirakçısına çevirir və Vətənini göz bəbəyi kimi qorumağa səsləyir. Bax, qələmın və şair ilhamının əsl gücü bundadır. Şair fəlakətlərin fəlsəfəsini açır, insanların mənəvi dünyasına səyahət edir.Onları müharibənin əsas predmeti saysa da cahangirlik ideyasının fərqli tərəflərini açıb göstərir.

Müəllif bəşəriyyətin yarandığı gündən bütün müharibələrin torpaq və nəfs üstündə olduğunu – siyasi güclərin öz mənafeyinə uyğun mənfəət güddüyü anlamını açıqlayır. Belədə Xalq və Rəhbər birliyini ön plana çəkərək bütün müharibələrin qalib Sərkərdəsini əsas qəhraman kimi təqdim edir. Bunu müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı və üçüncü minilliyin yeni taktika ve strategiyasının müəllifi olan İlham Əliyevin timsalında poetik dillə nəzmə çəkir:

Bu gün Sərkərdəni duydum səsində,

Çeşmə kövrəkliyi, vulkan kürlüyü.

Böyük Qələbənin bünövrəsində,

Dövlət başçısıyla-millət birliyi!

İlahi sevgi və özünə inam əlimizdən tutub düşmənlərimizə göz dağı çəkdirir.

Vahid Əziz bəşəriyyəti “daha kəskin ulu qüvvə” olan mədəniyyətin xilas edəcəyini bir daha bəyan eləyir. Son anda Ana dediyimiz Vətənin poetik komandanlıq və birlik konsepsiyasını yazıb əlindəki qələmi süngüyə çevirir. Oxucu özünü bir anlığa savaşın içərisində hiss edir:

İkimiz Vətənlə ana-balayıq,

Cavabsız qoymadım məhəbbətini,

O, mənə bəxş etdi bütün cahanı,

Mən ona Analıq səadətini!

Didərginliyin, yurdsuzluğun, ev-eşiksizliyin doğurduğu böhran barədə çox deyilib, çox yazılıb. Son onilliklər ərzində isə məğlubiyyətlərin məcmusu yazdıqlarımızın siyasi və məntiqi yekununun məna yükünü heçə endirib. Lakin indiyə qədər, məncə, heç kəs müzəffər sərkərdəni gözləri ilə görə-görə Vətənin xalq gücü sayılan o xoşbəxtliyini əyani olaraq öz yaradıcılığında daha parlaq, daha mükəmməl və profesionallıqla əks etdirməyib:

Yağmur olan nəfəsimiz dönüb buluda,

Cəsur olan tarixlərə özünü yazdı!

İnanıram xəbər çatıb Dədə Qorquda,

Koroğlu da, dəlilər də sıramızdadı!

Bax, Vahid Əzizin və “Param-parça illər” əsərinin gücü də məhz bundadır. Çünki həmişə düşünmək və fikirləşmək hüququndan məhrum olduğumuzu dərk edə-edə bizi yeni əsrin və yeni eranın karbohidrogen fəlakətindən ağıl və mədəniyyət silahının qurtaracağına inanmalıyıq:

Daha görünməkdə Bayrağın yeri,

yanında xilaskar əsgər heykəli.

bircə addım olmaz, çəkilmək geri,

yalnız irəliyə, yalnız irəli!

Vahid Əziz bu gün də gənclik həvəsi ilə yazıb-yaradır. Onun ictimai fikrin formalaşmasına təsiri və şəxsiyyət kimi aksiomalığı oxucu auditoriyasına yeni ruh, yeni stimul verir. Möhtərəm Prezidentimizin sərəncamı ilə ona Xalq şairi fəxri adı verilmişdir. Sağ olsun!

Ömrünün bu ahıl və müdrük çağında isə “Param-parça illər” kitabına görə Xalq şairi Vahid Əzizə Dövlətin yüksək mükafatı qiymətli ərmağan olardı. Ömrümüz bir əsim yel kimidi. Ömür bəzən çox şeylərə vəfa etmir.

Hər halda güman edirik ki, dövlətimiz xalqın sevimli şairi Vahid Əzizi bu seçimdə də dəyərləndirəcək, onu və çoxsaylı poeziyasevərləri sevindirəcək!

Əmir PƏHLƏVAN

14 May 2022 00:24 -

Köhnə versiyamızdan xəbərləri izlə