Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə abidə ucalacaq

Qafqaz İslam Ordusunun 1918-ci il iyulun 11-də Gəncədə qəhrəmancasına həlak olan ilk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün şəhərdə inşa ediləcək abidənin təməlqoyma mərasimi keçirilmişdir. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Türkiyənin Ege Universitetinin rektoru, professor Necdet Budak, şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak etmişlər.

Niyazi Bayramov tədbir iştriakçıları­nı salamlayaraq demişdir ki, Türkiyə və Azərbaycan xalqları tarix boyu daim bir-birlərinin yanında olmuş, ən ağır dövrlərdə qardaş dəstəyini əsirgəməmişlər. Ölkəmizin 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun gücü ilə möhtəşəm Zəfər qazanması, ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi bütün Türk dünya­sına qürur verən hadisə oldu. Qafqaz İslam Ordusunun Gəncə şəhəri üçün gözlərini qırpmadan canlarını fəda edən əsgərlərinin əziz xatirəsinə ucaldılacaq abidə də məhz bu dostluq və qardaşlıq əlaqələrinin bariz nümunəsi olacaq.

Zeki Öztürk çıxış edərək bildirmişdir ki, Azərbaycan–Türkiyə əlaqələri günü-gündən güclənir, möhkəmlənir və daha da dərinləşir. Bu münasibətlərin əsasında tarixi bağ dayanır. Əgər Qafqaz İslam Ordusu Azərbaycanın o ağır günlərində ləng hərəkət etsəydi, neçə-neçə şəhərlər və kəndlər itiriləcəkdi, yüz minlərlə insan öz ev-eşiyindən didərgin düşəcəkdi. Buna görə də Nuru Paşanın məqsədi ilk növbədə, Gəncə ətrafında möv­cud olan təhlükəni aradan qal­dırmaq, buradakı erməniləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. İyulun 11-də Qafqaz İslam Ordusunun 13 mehmetçiyi Gəncənin Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Bu gün həmin ərazidə ucaldılacaq möhtəşəm abidənin təməlqoyma mərasimi hər birimiz üçün çox böyük tarixi hadisədir.

Daha sonra Niyazi Bayramov və Zeki Öztürk tərəfindən 25 may-17 noyabr 1918-ci il tarixləri arasında Nuru Paşa komandanlı­ğındakı Qafqaz Hərəkatında Azərbaycanın müstəqilliyi uğrunda 11 iyul 1918-ci il tarixində Gəncədə canlarını fəda edən Qafqaz İslam Ordusunun ilk şəhidlərinin–13 qəhrəman məhmətçiyin xatirəsinə inşa edilən abidənin təməli qoyulmuş və bununla bağlı sənəd imzalanmışdır.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

14 May 2022 00:23 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə