Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Görkəmli media nəzəriyyəçisinin yubileyinə həsr olunmuş konfrans

Nəsir Əhmədli – 80

Bakı Dövlət Universiteti jurnalistika fakültəsində görkəmli ziyalı, Əməkdar jurnalist, professor Nəsir Əhmədlinin 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan mediası yeni müstəvidə” mövzusunda respublika elmi konfransı keçirilib.

Ölkə mediasının tanınmış nümayəndə-lərinin, BDU-nun və jurnalistika fakültəsinin professor-müəllim heyətinin iştirak et­diyi konfransın iştirkçılarını salamlayan beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova professor Nəsir Əhmədlinin çağdaş jurnalistikamız­da və bu sahənin ali təhsilində canlı örnək sayılan zəngin və mənalı ömür yolundan, çoxillik səmərəli elmi-pedaqoji fəaliyyətindən söz açıb.

Bildirilib ki, Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub, burada orta təhsil alıb. Hərbi xidmətdən sonra BDU-nun jurnalistika fakültəsini bitirib, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 1981-ci ildə beynəlxalq jurnalistika mövzu­sunda namizədlik, 2007-ci ildə doktorluq dis­sertasiyaları müdafiə edib. Yarım əsrə yaxın müddətdə BDU jurnalistika fakültəsində me­dia hüququ, ədəbi redaktə, nitq mədəniyyəti, informasiya nəzəriyyəsi, televiziya jurnalisti­kası kimi fənn və mövzuları tədris edir. Xarici ölkələrdə keçirilən çoxsaylı konfranslarda iştirak edib, məqalələri nüfuzlu elmi jurnal­larda dərc olunub. Parlaq bədii-publisistik yaradıcılıq nümunələrinin də müəllifidir.

Professor Nəsir Əhmədli 100-dən ar­tıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə, 15 kitabın müəllifidir. 10 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 11 elmlər namizədinin opponenti olub. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb, bu sahənin nəzəri əsaslarını öyrənib. “Əmək” ordeninə, müxtəlif medallara, “Media aça­rı-2006”, “Ali media” mükafatlarına, digər fəxri təltiflərə layiq görülüb. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Mətbuat Şurası İdarə heyətinin üzvüdür.

Sonra jurnalistika fakültəsi tədris teleradio studiyasının (BDU TV) görkəmli alimin həyat və fəaliyyətinə həsr etdiyi videoçarx nümayiş olunub.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, “ARB24” telekana­lının sədri Radik İsmayılov, BDU-nun profes­sorları Rüfət Rüstəmov, Cahangir Məmmədli, Həmid Vəliyev, Allahverdi Məmmədli, Qulu Məhərrəmli, Sabir Məmmədli, Ramiz Əsgər, folklorşünas-türkoloq Əli Şamil, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasi­yalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev, jurnalistika fakültəsinin dekan müavini Sevinc Əliyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli, mərkəzin aparıcı məsləhətçisi Araz Qur­banov, yazıçı-jurnalist İlqar Rəsul, “525-ci qəzet”in baş redaktor müavini Yusif Rzayev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, Əməkdar jurnalist Namiq Əhmədov, jurnalist Cəlalə Nəzəroğlu görkəmli media nəzəriyyəçisi və pedaqoqu Nəsir Əhmədlinin elm və təhsilimizə verdiyi töhfələrdən danışıblar.

Yubiliyarın peşəkar jurnalist kadrların hazırlanmasındakı xidmətlərindən, elmi, publisistik və bədii yaradıcılığınından söz açan natiqlər onun Azərbaycan dilinin saf­lığının qorunmasında göstərdiyi səyləri də yüksək dəyərləndiriblər. “Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu bildirib ki, rəhbərlik etdiyi redaksiya professor Nəsir Əhmədliyə həsr olunmuş xüsusi buraxı­lış hazırlayıb.

Sonda ailə üzvüləri adından Nəsir Əhmədlinin qardaşı, tanınmış elm adamı Bəşir Əhmədovun oğlu İlham Əhmədov tədbirin təşkilatçı və iştirakçılarına minnətdarlığını bildirib.

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

14 May 2022 08:55 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə